Siyasət

ABŞ-ın siyasətində güclü antiazərbaycançılığı o yaratdı

26 Yanvar 2015 11:37
Baxış: 842
"Con Kerrinin ABŞ dövlət katibi təyin olunması ABŞ-Azərbaycan münasibətlərində suayırıcı xətdir. C.Kerri dövlət katibi olanadək də ABŞ-Azərbaycan münasibətlərində müxtəlif mövzular üzrə də problemlər yaranırdı. Amma bu problemlər uzun zaman çəkmədən də həllini tapırdı".

Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Metyu Brayzanın Azərbaycana səfir təyinatına ermənilərin maneəsi C.Kerri senator olarkən başladı: "Kerri dövlət katibi təyin olunduqdan sonra ermənilər tərəfindən lənətlənmiş Metyu Brayza ABŞ dövlət strukturlarında, o cümlədən, Dövlət Departamentində iş tapa bilmədi. Ermənilərin M. Brayzaya münasibəti və Kerrinin dövlət katibi təyin olunması, demək olar ki, MDB məkanını əla bilən diplomatın karyerasını bitirdi. Ermənilər Azərbaycanı çoxdan düşmən elan ediblər".

Politoloq qeyd edib ki, ermənilərlə çoxsahəli, sıx əməkdaşlığa malik C.Kerri dövlət katibi təyin olunduqdan sonra antiazərbaycan ritorikası nümayiş etdirməsə də, ABŞ-ın siyasətində güclü antiazərbaycançılıq yarandı.

M.Əhmədoğlu bildirib ki, "Azadlıq Radiosu"nun da vədinə xilaf çıxıb Azərbaycan hökuməti əleyhinə açıq fəaliyyətə başlaması da C.Kerrinin Dövlət katibi postunda oturmasından sonraya düşür: "İlham Əliyev müstəqil siyasət aparır. Onun Dağlıq Qarabağla bağlı müstəqil siyasətlə yanaşı, mövqeyi sərt və barışmazdır.

1989-cu ilin iyulunda ABŞ Konqresi Dağlıq Qarabağ ermənilərinin xeyrinə qətnamə qəbul etdi. Sonradan bu qətnamənin mətni erməniləri qane etmədiyi üçün 1989-cu ilin noyabrında yeni qətnamə qəbul edildi; SSRİ-ni və Dağlıq Qarabağ ermənilərini bərabər tərəf kimi danışıqlara qatılması üçün Qorbaçova çağırış etdilər. Dağlıq Qarabağ ermənilərinə daha xüsusi münasibət göstərilməklə yanaşı, bu qətnamənin mətnində həm də göstərilirdi ki, Dağlıq Qarabağda azərbaycanlılar təkcə erməniləri deyil, həm də yəhudiləri qırırlar".

M.Əhmədoğlunun sözlərinə görə, C.Kerri indi tabeçiliyində olduğu bütün əməkdaşlarını prosesə qatsa da belə, o dövrdə Dağlıq Qarabağda yaşayan bircə nəfər də olsun yəhudinin ad və soyadını müəyyənləşdirə bilməz. Çünki Dağlıq Qarabağda yəhudi yaşamayıb:

"1990-cı il yanvarın 18-də Dağlıq Qarabağ ermənilərinin Ermənistana birləşdirilməsini məsləhət bilən müraciətdə azsaylı imzalardan biri də C.Kerriyə məxsusdur. 1994-cü ildə atəşkəs rejimi elan edildikdən sonra bir qrup ABŞ konqresmeninin köməkçisi və ailə üzvləri işğal olunmuş Dağlıq Qarabağda, o cümlədən işğal olunmuş Ağdam ərazisində oldular. İki konqresmenin də daxil olduğu 16-17 nəfərlik nümayəndə heyətini erməni torpağı kimi Dağlıq Qarabağ torpağının müstəsnalığı şövqə gətirmişdi. Ağdam torpağının ermənilər üçün bu qədər qiymətli olmasını hətta əli avtomatlı, qan tökən din xadimi Pargev Martirosyanla da müzakirə etmişdilər".

Politoloq vurğulayıb ki, dövlət katibi təyin olunmazdan azca əvvəl C.Kerri Ramil Səfərovun ekstradisiyasına görə Macarıstanı cəzalandırmağı, Azərbaycanı isə avtobusun altına atmağı təklif etmişdi:

"ABŞ-dakı ermənilər ABŞ Dövlət Departamentində və Ağ Evdə öz ermənilərini vəzifədə oturtmaq istiqamətində ciddi səylər göstəriblər. C.Kerrinin dövlət katibi təyin olunması ilə ABŞ-dakı ermənilər bu məqsədlərinə nail oldular. İndi ABŞ Dövlət Departamentinin əməkdaşları Cənubi Qafqazdakı bütün proseslərə erməni eynəyi vasitəsilə baxırlar. Ermənistanın maraqları tələb edəndə hətta Azərbaycanın maraqlarını tapdalayıblar. Ermənistan hətta Gürcüstanı üstələyib. Ermənistanın KTMT və AİB üzvü olması da ABŞ-ın Ermənistana münasibətini daha da artırıb. ABŞ gürcü-abxaz dəmir yolunun çəkilməsinin tam tərəfdarıdır. ABŞ rəsmilərinin bütün bu davranışının əsasını rəhbərlərinin ermənipərəst olması təşkil edir. Analitik qabiliyyəti olan ABŞ məmuru başa düşür ki, vəzifəyə təyin olunmamışdan bir neçə gün öncə R.Səfərovun ekstradisiyasına görə, Azərbaycanı avtobusun altına atmağı təklif edən C.Kerri ermənipərəstlikdən uzaqlaşa bilməz. ABŞ Dövlət Departamentinin, o cümlədən "Azadlıq Rradiosu"nun əməkdaşlarının gələcək karyerası isə indi C.Kerridən asılıdır. Ona görə, ABŞ Dövlət Departamentinin əməkdaşları ermənilərə əndazəni aşan xidmət etməklə rüşvət verirlər".

Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ tənzimlənməsində prezident B.Obamanın imzasını rədd etdilər.

Onun sözlərinə görə, Barak Obamanın imzaladığı Madrid Prinsiplərinin Yenilənmiş variantında birinci addım Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması, ikinci addım isə Dağlıq Qarabağın statusunun müəyyənləşməsidir:

"Amerikalı həmsədr Ceyms Uorlikin hazırladığı, ABŞ Dövlət Departamentinin dəstəklədiyi "amerikan variantın"da birinci addım Dağlıq Qarabağ ermənilərinə statusun verilmə mexanizmi müəyyənləşməsidir. Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması, hətta ikinci olmayan sonrakı addımlardan biridir. Bununla da C.Uorlik və Dövlət Departamentinin əməkdaşları ermənipərəst Kerriyə yaltaqlanmağın yeni nümunəsini yaratdılar. Eləcə də, ABŞ Dövlət Departamenti əməkdaşlarının Azərbaycanı incitməsi də korrupsiyanın daha başqa növüdür. Amma korrupsiyanın 3-cü növü də var; C.Kerrini vəzifəyə təyin etdirən ermənilər ABŞ Dövlət Departamentinin məmurlarına kifayət qədər rüşvət vermək imkanları qazanıblar".

Politoloq əlavə edib ki, C.Kerrinin dövlət katibi təyin olunması ilə ABŞ-dakı erməni etnokriminal inqilabı eyni vaxta düşdü. Erməni etnokriminallarının qazandığı pulun böyük bir qisminin ABŞ Dövlət Departamentinin əməkdaşlarının cibinə axdığını ehtimal etmək olar:

"Məhz Kerri vəzifəyə təyin olunduqdan sonra ermənilərin ABŞ-a axını da gücləndi. Çünki ABŞ-dakı etnokriminalının xərci artıb. Bu isə əlavə işçi qüvvəsinə ehtiyac yaradıb. Nəticədə Ermənistandan İT mütəxəssisləri ABŞ-a axır. ABŞ dövlət katibi C.Kerri çox böyük ermənipərəst baqaja malikdir və bu Dövlət Departamentinin Azərbaycanla əlaqələrində özünü yalnız neqativ formada göstərir. Baş verənlər ABŞ-ın Cənubi Qafqazdakı siyasətini iflic vəziyyətinə salıb. Belə davam edəcəyi təqdirdə ABŞ-ın regiondakı maraqları tamamilə itəcək. C.Kerri vəziyyəti xilas edə bilər. O, Azərbaycan və Dağlıq Qarabağın Azərbaycana məxsusluğu ilə bağlı aydın bəyanatlar verməli, Azərbaycanın ərazi bütövlüyünü aydın şəkildə dəstəkləməlidir. Bu, ABŞ diplomatları tərəfindən başa düşülə bilər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.