Siyasət

Millət vəkili: "Bu sınaq Azərbaycan iqtisadiyyatını daha da möhkəmləndirə bilər"

25 Yanvar 2015 19:09
Baxış: 1 004
Millət vəkili, politoloq Rasim Musabəyov ölkə başçısı İlham Əliyevin Almaniyaya səfəri, eyni zamanda Davos İqtisadi Forumunda iştirakı zamanı keçirdiyi bir sıra önəmli görüşlərin, gündəlikdə olan bəzi məsələlərin müzakirələri haqda Kəpəz TV-nin (Region TV) "Bu həftə" proqramına müsahibə verib.

- Rasim müəllim, ötən həftə Azərbaycan üçün bir sıra əhəmiyyətli hadisələrlə yadda qaldı. Prezident İlham Əliyev Almaniyaya səfər etdi və burada bir sıra rəsmi görüşlər keçirdi, ardından isə Davos İqtisadi Forumunda iştirak üçün İsveçrəyə yollandı. Burda da ölkə başçısının bir sıra önəmli görüşləri baş tutudu. Əvvəlcə qısaca olaraq prezidentin Almaniya səfərinə diqqət çəkək...

- Almaniya iqtisadi cəhətdən Azərbaycanın Avropadakı əsas partnyorlarından biridir. Elə bunu demək kifayət edər ki, Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsi, Gürcüstanın bütün Avropa ilə ticarət dövriyyəsindən daha böyükdür. Eyni sözü Ermənistanla bağlı da demək olar. Azərbaycanla Almaniya arasındakı dövriyyə heç də böyük enerji layihələrinin hesabına formalaşmır, Almaniya bizim enerji layihələrində iştirak etmir. Ancaq bizim əməkdaşlığımız xeyli inkişaf edir. Almaniya daim deyir ki, biz neftdənkənar Azərbaycan iqtisadiyyatının dirçəlməsində, inkişafında bilavasitə iştirak etməyə və yardım etməyə hazırıq. Və bu baxımdan da nəzərə alınsa ki, bu gün Azərbaycanın strateji xətti ilk növbədə qeyri-neft sektorunun inkişafına nail olmaqdan ibarətdirsə, təbii ki, Almaniya Azərbaycan üçün vacib tərəfdaşdır. Almaniyanın son dövrlərdə siyasi nüfuzu da xeyli artıb. Və belə olan halda biz Avropa ilə dialoqda maraqlıyıqsa, bu dialoqda həm bizim iqtisadi əlaqələrimizin möhkəmlənməsinə, həm də bizi narahat edən siyasi, beynəlxalq problemlərin həllində bizə Almaniyanın dəstəyi təbii ki, olduqca vacibdir. Fikrimcə bu baxımdan, cənab prezidentin Almaniya səfəri kifayət qədər uğurlu oldu və biz gələcəkdə bu dialoqun əhəmiyyətini müşahidə edəcəyik.

- Prezident İlham Əliyev Davosda da bir sıra önəmli görüşlər keçirdi, ölkə başçısının bir sıra xarici şirkətlərin başçıları ilə də görüşü diqqətdən yayınmadı. Bu görüşlər haqqında sizin fikirləriniz necədir?

- Əvvəlcə qeyd edim ki, cənab prezident hər bir Davos forumunda iştirak edir və fikrimcə, bu, çox vacib bir ənənəndir. Ona görə ki, orada demək olar ki, dünyanın bütün iqtisadi və siyasi elitası toplaşır. Və o danışıqlarda iştirak etmək, il boyu baş verə biləcək risklərin mövcudluğunu və onların neytrallaşdırılmasını dəqiqləşdirmək, həmin ilin Azərbaycanda siyasi, eyni zamanda iqtisadi xəttin hansı formada gerçəkləşdirilməsi baxımından olduqca faydalıdır. Cənab prezidentin Avropada yüksək səviyyəli danışıqlar aparma təcrübəsi - BPİ prezidenti, İran prezident adminstrasiyasının başçısı və İsrailin keçmiş prezidenti, təcrübəli siyasətçi Şimon Perslə görüşlərin keçirilməsi, görüşlər çərçivəsində müzakirə olunan Yaxın Şərqəki vəziyyət, ABŞ-da Obama dövrünün bitməsinin təsirləri və s., imzalanmış, ancaq başlanmamış layihələrin icrasına hazırlıq, eyni zamanda dünyada baş verən bir sıra başqa əhəmiyyətli mövzular dialoq vasitəsilə dəqiqləşdirildi ki, bunların da hamısı Azərbaycanın gələcək planları üçün çox faydalıdır.

- Prezident İlham Əliyev Davosda qatıldığı forumlarda ölkə haqqında məlumatlar verdi, ölkənin ən çətin günlərindən bu günə kimi keçdiyi yollara diqqət çəkdi, ölkənin düşdüyü möhtac bir vəziyyətdən dünya üçün donor ölkəyə çevrildiyini vurğuladı. Bu barədə nə deyə bilərsiniz?

- Əslində bu, demək olar ki, elə cənab prezidentin prezidentlik dövrünə düşdü ki, Azərbaycan yardıma möhtac olan bir dövlətdən donor dövlətə çevrilib. Bu gün Azərbaycan hansısa bir investisiyaları öz ərazisinə nəyin bahasına olursa-olsun cəlb etməklə məşğul olmur. Azərbaycan seçir - hansı layihələrə kimi dəvət edə bilər, kimi dəvət etməyə ehtiyac yoxdur. Adətən bu layihələrdə iştirak üçün növbəyə durulur. Azərbaycanın imkanı var ki, bir çox layihələri özü maliyyələşdirsin və bunu edir. Bununla yanaşı Azərbaycan Türkiyə, Yunanıstan, Rumıniya, Bolqarıstan, İsveçrə kimi bir çox ölkələrdə özü investor kimi çıxış edir, bu da təbii ki, o biri ölkələr üçün Azərbaycana marağı xeyli artırır. Və onu da bildirmək istəyirəm ki, böyük ölkə özü-özlüyündə daim özünə diqqət cəlb edir. Balaca ölkələr təbii ki, uğurlu olduqları və imkanları artdığı halda özünə diqqət çəkir və bu diqqət də müəyyən mənada siyasi gücə çevrilir. Əslində cənab prezident bir fikri qırmızı xətt kimi keçdi ki, stabillik dövlətin davamlı inkişafı üçün, indiki təlatümlü dövrdə olduqca vacibir və bu baxımdan Azərbaycan çox vacib, möhkəm və stabil partnyordur.

- Budəfəki Davos İqtisadi Forumu neftin qiymətinin ucuzlaşması fonunda baş tutdu. Məhz elə bu baxımdan Azərbaycan prezidenti də çıxışlarında vurğuladı ki, Azərbaycana əvvəllər neftin qiymətinin ucuzlaması daha çox təsir edirdisə, bu gün artıq ölkə bu tendensiyadan kənarda qalıb və ölkənin qeyri-neft sektorundakı inkişafı neftin ucuzlaşmasının Azərbaycana təsirlərini minimuma endirir. Bu barədə fikirləriniz necədir?

- Təbii ki, bu gün neft hasilatı ilə məşğul olan və neft ixrac edən ölkə olaraq qiymət bizim üçün əhəmiyyətlidir. Ancaq neftin qiymətinin aşağı düşməsi bizim bütün planların üzərindən xətt çəkmir, sadəcə olaraq cənab prezident deyir ki, biz öz imkanlarımızın daha səmərəli istifadəsinə məhkumuq. Və bu sınaq əslində Azərbaycan iqtisadiyyatını daha da möhkəmləndirə və səmərəli işləməyə məcbur edə bilər. Dövlət elə vəziyyətdə olmalıdır ki, böhran vəziyyətində də öz iqtisadiyyatının sağlamlaşması üçün imkanı olsun və bundan istifadə etsin.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.