Siyasət

Qalib gələn İslam oldu

26 Yanvar 2015 00:35
0 Şərh     Baxış: 4 377
ABŞ dövlət katibinin Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin müavini Daniel Rozenblyum "Voice of America"ya verdiyi açıqlamasında bildirib ki, yaxın aylarda amerikalılar Özbəkistana 300-dən artıq hərbi maşını hədiyyə edəcəklər.

Daha konkret olsaq, hədiyyə mina əleyhinə gücləndirilmiş müdafiəyə malik (Mine-Resistant Ambush Protected, MRAP) 308 zirehli avtomobildən və 20 zirehli təmir-təxliyyə nəqliyyat vasitəsindən ibarətdir.
 

Hərbi texnikanın Daşkəndə verilməsi Ağ Evin "İzafi hərbi texnika və silahların verilməsi" (Excess Defense Article, EDA) proqramı çərçivəsində həyata keçiriləcək.


Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, terrorizm və narkobizneslə effektiv mübarizə aparmaq üçün Özbəkistanın belə müdafiə tipli zirehli texnikaya kəskin ehtiyacı var: "Bu maşınlar partladıcı qurğular, minalar və s. olan yerlərdə heyətin, sərnişinlərin və hərbçilərin müdafiəsi üçün nəzərdə tutulub. Bu zirehli maşınlardan Əfqanıstanda istifadə olunmayıb. Onlar başqa yerlərdən veriləcək".


 

Müasir, təkərli zirehli avtomobil olan M-ATV-i ABŞ-dakı "Oshkosh Truck" şirkəti istehsal edir. Avtomobilin qiyməti təqribən 470 min dollardır.

Amerikalıların Özbəkistana belə zirehli avtomobillər verməsi suallar doğurur.
 

"Hədiyyə" Özbəkistana və Orta Asiya regionuna yardım məqsədi daşıyır, yoxsa Daşkənd üçün başağrısına çevriləcək? Üstəlik, Vaşinqtonun belə jesti Özbəkistanda keçiriləcək prezident seçkiləri ərəfəsində ABŞ-ın İslam Kərimovu dəstəkləməsinin nümayişi sayıla bilərmi?
 

328 zirehli maşın çox ciddi məsələdir və təbii ki, sovet dövründən bəri hərbi texnika bazasını keyfiyyətli şəkildə yeniləyə bilməmiş Özbəkistan ordusunun hərbi potensialını gücləndirəcək. ABŞ bu texnika ilə nə isə etməlidir. Əfqanıstanda amerikalıların hərbi əməliyyatları rəsmi qaydada başa çatıb. Zirehli maşınları amerikalıların Avropadakı bazalarına və yaxud ABŞ-a daşımaq isə onların qiymətindən baha başa gələcək.
 

Amerikalılar bu maşınların Əfqanıstanda istifadə olunmadıqlarını deyirlər. Ola bilər və həmin avtomobillərin ABŞ-ın Küveyt, Səudiyyə Ərəbistanı kimi ölkələrdəki bazalarından veriləcəyi istisna olunmur.


 

Əfqanıstandakı qoşunlar çıxarılandan sonra regionun təhlükəsizliyi ilə bağlı Vaşinqtonun ciddi nigaranlığı olduğundan amerikalılar nisbətən müttəfiq saydıqları bölgə dövlətlərinin hərbi potensiallarını gücləndirməyi optimal çıxış yolu sayırlar.
 

Təbii, Türkmənistan da Əfqanıstanla sərhəddə ciddi problemlər yaşayır və bu baxımdan zirehli texnikanın türkmənlərə yox, özbəklərə verilməsi sual doğura bilər.


Amma unutmayaq ki, Türkmənistandan fərqli olaraq, Özbəkistan Rusiyanın yaratdığı və dirijorluq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) illər əvvəl tərk edib.
 

Özbəkistanda keçiriləcək prezident seçkiləri ərəfəsində amerikalıların 328 zirehli avtomobili özbəklərə vermək qərarına gəlməsini rəsmi Daşkənd, heç şübhəsiz, Vaşinqtonun prezident İslam Kərimova birbaşa dəstəyi kimi qələmə verəcək.
 

İddia ilə bağlı mübahisələr mümkündür. Amma amerikalıları kimsə bu texnikanı İslam Kərimova verməyə vadar etməyib.

"Hədiyyə" avtomobillərin məhz Əfqanıstanda istifadə olunduğu, rəsmi Vaşinqtonun "yox, onlar Əfqanıstandan deyil" tipli iddialarla həqiqəti gizləməyə çalışdığı da bəllidir.
 

Birləşmiş Ştatların Əfqanıstanda belə zirehli texnikasının sayı 12 mindən artıqdır. Hərbi əməliyyatlar zamanı nə isə məhv edilib, nə isə sınıb, nə isə yenidən aparılıb. 12 min zirehli avtomobil çox böyük rəqəmdir və amerikalılar artıq metal tullantıları saydıqları bu texnika ilə nə isə etməlidirlər.
 

Hələ ötən ilin ortalarında amerikalılar Əfqanıstandakı bu texnikanın utilləşdirilməsinə başlamışdılar. İstismarı mümkünsüz zirehli avtomobillər avtogenlə doğranır və metal tullantısı kimi satılırdı.


 

Əfqanıstanda belə zirehli avtomobillər həddən çoxdursa, onlardan 300-nü İslam Kərimova hədiyyə etmək niyə çətin iş olmalıdır ki?..
 

Vaşinqtonun hədiyyəsi Özbəkistan ordusunun döyüş hazırlığı səviyyəsinə köklü şəkildə təsir edən deyil. Çünki bu zirehli atvomobillər "M2 Bradley" PDM-ləri və ya tanklar yox, Əfqanıstan yollarında əzilmiş, "heydən düşmüş" maşınlardır - onlar özbəklər üçün problemlərə çevriləcək. Amerikalıların verəcəkləri zirehli maşınları daim təmir etmək, qulluq göstərmək gərəkdir. Fasiləsiz ehtiyat hissələr təminatı zərurətini də unutmayaq.

Amerikalılar əfqanlara da nə isə bağışlayacaqlar, amma bütün texnika Əfqanıstanda qalmayacaq.
 

Nədən ki, hərbi texnika çoxdur, lap çoxdur və onların hamısı Əfqanıstanda qalarsa, bu maşınların sonradan "Taliban"ın əlinə keçməyəcəyinə kimsə təminat verə bilməz.

Necə ki, amerikalıların İraqda qoyub getdikləri zirehli maşınların əksəriyyətində indi İŞİD terrorçuları şütüyürlər.
 

Özbəkistan ordusu son illərdə Qərbdən müasir, yeni hərbi texnika almayıb. Özbəklərin istifadə etdikləri ya sovet dönəmlərindən qalma, ya da Rusiyadan və Çindən alınma texnikalardır. İndi amerikalıların "hədiyyəsi" sözügedən texniki vasitələrə necə, hansı qaydada uyğunlaşdırılacaq?


Çox yəqin ki, Qazaxıstanın illər əvvəl ABŞ-dan satın aldığı onlarla "Humvee"lər təki: həmin maşınların indi istisnasız olaraq hamısı bərbad vəziyyətdədir.

Üstəlik, Qazaxıstandakı "Humvee"lərin böyuk qismi Müdafiə Nazirliyindəki generalların "tabeçiliyində"dir və maşınlardan orduda praktiki olaraq istifadə olunmur.

Özbəkistanda da eyni situasiya təkrarlana bilər.
 

Amerikalılar Özbəkistana hədiyyə etməyə hazırlaşdıqları maşınların "Əfqanıstan yox, başqa ölkələrdən veriləcəyini" vurğulayırlar. Bəs yaxşı, Əfqanıstan deyilsə, haradan? Olmaya amerikalılar Pakistandakı bazalarındakı texnikanın kiçik qismini özbəklərə vermək niyyətindədirlər? Belədirsə, onda hər birinin ağırlığı 13-15 ton təşkil edən zirehli maşınlar yalnız aviasiya ilə daşınmalıdır. Maşınlar Özbəkistana təyyarələrlə daşınarsa, onlar az qala qızıl qiymətinə olacaq.
 

Özbəkistanın qonşularına qalan isə köks ötürməkdir. Tacikistan və Qırğızıstanın belə zirehli texnika almağa pulları yoxdur. Türkmənistan və Qazaxıstan isə bir qədər pullu olsalar da, hərbi texnikanı Rusiya ilə Çindən satın almağa üstünlük verirlər.


 

Rəsmi Daşkəndin bəyanatlarına rəğmən, 328 zirehli maşın Özbəkistanın hərbi potensialı ilə müdafiə qüdrətini artıran deyil. Hədiyyə regionda qüvvələr nisbətinə də təsir etməyəcək. Ən azı, ona görə ki, amerikalıların özbəklərə verəcəkləri 328 zirehli maşını maksimum 7 il sonra metal tullantısı saymaq olar.

Onu da nəzərə almalıyıq ki, Vaşinqtonun Daşkəndə hədiyyə etdiyi 328 zirehli maşın əsasən asimmetrik savaşlarda, yəni vuruşan tərəflərdən birinin nizami və yaxşı silahlanmış qoşunlar, digər tərəfin isə partizan metodlarından, o cümlədən rəqibin hərəkət etdiyi yolların minalanmasından istifadə edən üsyançılar olduğu toqquşmalarda istifadə olunur.
 

Özbəkistan heç zaman belə savaşlar aparmayıb və bundan sonra da asimmetrik hərbi əməliyyatlar planlaşdırdığı şübhəlidir. Belədirsə, özbəklərin ordusunun improvizə edilmiş mina qurğularından (İDU) kütləvi, geniş miqyasda qorunmağa da ehtiyacı yoxdur.

Amerikalılar iddia edirlər ki, MRAP və M-ATV-lərdən terrorizmlə narkotrafikə qarşı istifadə ediləcək.
 

Yalandır, çünki belə ağır, yöndəmsiz maşınlar terrorizmlə mübarizə, yaxud da narkotacirlərin "ovlanması" üçün əsla effektiv sayıla bilməz.

Zirehli maşınların Özbəkistana daşınması ilə bağlı nəqliyyat xərclərini də Daşkənd ödəməlidir. Bir avtomobilin daşınmasısa özbəklərə təxminən 50 min dollara başa gələcək.
 

Çox ağır MRAP-lara texniki xidmət də olduqca baha başa gəlir.

Vaşinqtonun Daşkəndə hədiyyəsinin siyasi-ictimai məzmunu da var. Dövlət Departamentinin qərarı Özbəkistan prezidenti İslam Kərimova dəstək jesti də sayıla bilər.

Xüsusilə də indiki şəraitdə.


Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalar və embarqolar nəticəsində Rusiya iqtisadiyyatında olduqca ağır durum yaranıb. Bu isə Rusiyada işləyən milyonlarla özbək miqranta təsir etməyə bilməz.


 

Həmin miqrantların Özbəkistandakı ailələrinə yolladıqları pulların məbləği azaldığı üçün bu şəxslərin bir qismi problemlərdən çıxış yolunu vətənə qayıtmaqda görür. Nə də olsa, ev amili ciddi məsələdir.

Rusiyadakı miqrantlarla bağlı problemin həlli rəsmi Daşkənd üçün yeni müşkülə çevriləcəyindən Vaşinqton "xoşməramlı jest" vasitəsilə Özbəkistan prezidenti İslam Kərimovun şimaldan asılılıq səviyyəsini bir qədər də azaltmaqda qərarlıdır deyəsən.
 

328 zirehli avtomobilin ümumi dəyərinin təqribən 150 milyon dollar təşkil etdiyini də xatırlasaq, Orta Asiya bölgəsindəki siyasətində Vaşinqtonun bu dəfə Özbəkistana xüsusi önəm verməyə başladığı aydın görünür.

2005-ci ildə Əndican olaylarından sonra ABŞ üçün Özbəkistandakı hakimiyyət diktatura, qaniçən rejim və ilaxıra çevrilmişdi: Qərb mediası unison şəkildə İslam Kərimovu pisləyirdi.


 

İndisə ABŞ Özbəkistan prezidenti İslam Kərimovla dil tapmağa çalışır, onun şərtlərini yerinə yetirəcəyinə aşkar şəkildə işarələr vurur.

Bəlli olan budur ki, ABŞ ilə qarşıdurmada qalib gələn İslam Kərimov oldu.

Orxan Hun

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.