Siyasət

Rusiya-Çin-Hindistan: yeni geosiyasi konfiqurasiya?

21 Dekabr 2014 16:05
2 Şərh     Baxış: 2 108
Prezident Vladimir Putinin Hindistana son səfərinə mütəxəssislər müxtəlif aspektlərdən münasibət bildirirlər. Məsələni aktuallaşdıran səbəblər məlumdur. Son zamanlar Asiya gərgin hadisələrin məkanına çevrilib. Burada baş verənlərin qlobal geosiyasətə təsir dərəcəsi artmaqdadır. Eyni zamanda, Qərbin həmin regionda möhkəmlənmək istiqamətində addımlar atdığı da məlumdur. Ziddiyyətli məqamların fonunda Asiya ölkələrinin təhlükəsizliyinin təmini məsələsi daha da aktuallaşır. Bu baxımdan V.Putinin Hindistana səfəri xeyli əhəmiyyətli görünür. Tərəflər hansı razılıqları əldə ediblər? Onlar regionda yeni geosiyasi əməkdaşlıq formatı yarada bilərlərmi? Bu kimi suallara cavab tapmağa ehtiyac duyulur.

Dehli səfəri: strateji aspektin önəmi

Rusiyanın dövlət başçısı Vladimir Putinin Hindistana birgünlük səfəri zamanı 25 sazişin imzalanması ekspertlərin marağına səbəb olub. Onların qənaətinə görə, iki ölkə arasında siyasi, iqtisadi, enerji, hərbi və geosiyasi əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksələ bilər. Bu, kifayət qədər əhəmiyyətli proqnozdur. Məsələnin mahiyyəti Moskva-Dehli münasibətlərində müəyyən ziddiyyətlərin və qeyri-müəyyənliklərin olması ilə bağlıdır.

Əvvəlcə prezident V.Putinin Hindistan rəhbərliyi ilə əldə etdiyi razılaşmalara nəzər salaq. Tərəflər kosmik fəzanın tədqiqi, iqtisadiyyatın müxtəlif sferaları, enerji, elmi-texniki, təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlıq haqqında sənədlər imzalayıblar.

"Rosatom" korporasiyası Hindistanda atom elektrik stansiyası üçün 12 yeni enerji bloku tikəcək, "Rosneft" 10 il müddətində "Essar" hind şirkətinə neft göndərəcək. Qaz sahəsində də əməkdaşlıq yeni səviyyəyə qaldırılacaq. Hərbi sənaye üzrə əlaqələrin daha da inkişaf etdirilməsi nəzərdə tutulur.

Hər iki ölkənin rəhbərləri imzalanan müqavilələri qarşılıqlı əlaqələrin dərinləşməsi və genişlənməsi kimi xarakterizə ediblər. V.Putin deyib: "Biz daha sıx və istehsal xarakterli əməkdaşlıq səviyyəsinə keçid etdik". Baş nazir Narendra Modi isə vurğulayıb: "Hindistanın imkanları genişlənir və Rusiya bizim üçün təhlükəsizlik sahəsində vacib tərəfdaş olacaq".

Şübhəsiz ki, bu fikirlər təsadüfən deyilmir. Rusiya və Hindistan əməkdaşlığı inkişaf etdirməyə ehtiyac duyurlar. Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyaların təsiri getdikcə daha çox özünü göstərməkdədir. Bu səbəbdən ekspertlər Kremlin Asiya siyasətində aktivləşməsini başadüşülən hesab edirlər. Bu sırada Rusiya üçün Çin, Hindistan və Pakistan ayrıca əhəmiyyət kəsb edir.

Rusiya-Çin münasibətlərinin inkişaf dinamikası yüksəkdir. İki böyük dövlət bir neçə regional təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Onlar təhlükəsizlik, enerji, maliyyə, ticarət və digər sferalarda iri layihələr həyata keçirmək barədə razılıq əldə ediblər. Bununla yanaşı, Moskva ilə Pekinin fərqli geosiyasi məqsədlər güddüyünü də inkar etmək olmaz. Hələlik bu, özünü elə də qabarıq büruzə vermir, lakin ehtimal ki, bir müddət sonra bu, belə olmayacaq.

Digər tərəfdən, mütəxəssislər Rusiya ilə Çin arasında münasibətlərin məzmununa regionun digər böyük dövlətlərinin - Yaponiya, Pakistan və Hindistan faktorunun da təsir etdiyinə diqqət çəkirlər. Bu kontekstdə incə bir məqamı qeyd etmək istərdik. Belə ki, Yaponiya və Pakistanla əlaqələr Hindistanı bir qədər qıcıqlandırırsa, Çin məsələsinə Dehli loyal yanaşır. Bunun səbəbi Rusiya-Çin-Hindistan strateji əməkdaşlıq modelinin formalaşa bilməsi haqqında proqnozların verilməsidir.

Rəsmi Pekinin V.Putinin Dehliyə səfərinə verdiyi qiymət həmin proqnozun əsaslı olduğuna dəlalət edir. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi X.Çunin prezident V.Putinin Hindistana etdiyi 2012-ci ildəki səfəri zamanı keçirdiyi brifinqdə vurğulamışdı: "Rusiya və Hindistan Çinlə dost və qonşudurlar. Biz əminik ki, Rusiya ilə Hindistan arasındakı münasibətlərin inkişafı regionda və dünyada sülh və sabitliyin maraqlarına cavab verir". Rəsmi Pekin bir neçə dəfə xüsusi qeyd edib ki, üç ölkə arasındakı əməkdaşlıq BRİKS çərçivəsində daha dinamik templərlə inkişaf edir. Bununla yanaşı, ayrıca üçtərəfli əlaqələrə də diqqət yetirilir.

Yeni əməkdaşlıq formatı: reallıq və ehtimallar

Ukrayna böhranından sonra qlobal geosiyasətdə özünü göstərən yeni məqamlar Moskva-Pekin-Dehli üçbucağında fəallığı yüksəldib. Bu zaman əsas diqqətin təhlükəsizlik və enerji sahələrinə yönəldiyi müşahidə edilir. Bütün bunlara əsaslanan ekspertlər Asiya məkanında yeni geosiyasi konfiqurasiyanın yaranmaqda olduğunu qeyd edirlər.

Lakin məsələ göründüyü qədər ziddiyyətsiz deyil. Belə ki, Pakistan faktoru Rusiya-Hindistan münasibətlərinə öz mənfi təsirini göstərir. Moskva və İslamabad arasında təmaslar intensivləşib. Son illər Rusiyanın rəsmi şəxsləri bir neçə dəfə bu ölkəyə səfər ediblər. Danışıqlarda Pakistana hərbi texnika və silahların satışına qoyulan qadağaya yenidən baxılması haqqında razılıq əldə olunub. 2014-cü ildə birgə hərbi-dəniz təlimləri keçirilib. Dövlət başçısı V.Putin isə terrora və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməkdaşlığı gücləndirdiklərini ifadə edib.

Dehli hesab edir ki, məsələ yalnız terror və narkobizneslə məhdudlaşmır. Çünki Rusiya ilə Pakistan arasında geniş hərbi müqavilə imzalanıb. Deməli, Kreml hər iki ölkə istiqamətində özünün geosiyasi maraqlarına uyğun kurs həyata keçirir. İslamabada Moskva laqeyd qala bilməz. Burada əsasən radikal dini qrupların Mərkəzi Asiyaya, oradan da Rusiyaya yayılması diqqətə alınır. Bu, əslində, vəziyyətin mürəkkəbliyindən xəbər verir.

İslam faktoru Asiyada geosiyasi proseslərə ciddi təsir edir. Əfqanıstanda baş verənləri yada salmaq kifayətdir. NATO-nun buradan çəkilmək haqqında düşünməsi həmin məsələdə əlavə çətinliklər yaratdı. Bütün bunların fonunda Pakistanın nüvə dövləti olduğunu və "əl-Qaidə"nin hərbi düşərgələrinin bir hissəsinin burada yerləşdiyini unutmaq olmaz. Təbii ki, Moskva Ukraynada və Yaxın Şərqdə yaranmış vəziyyəti də nəzərə almalıdır.

Bütün bunlar Rusiyanın Pakistan amilinə ciddi diqqət yetirməli olduğunu təsdiqləyir. Ancaq Hindistan daha böyük gücə və təsirə malikdir. Onun inkişaf templəri də yüksəkdir. N.Modinin hökumət başçısı olmasından sonra isə Hindistanda milliyyətçilik daha geniş yayılıb. Nəhayət, bu ölkəyə Qərb (xüsusilə ABŞ), Yaponiya (N.Modi ilk xarici səfərini məhz Tokioya etmişdi) və Çin də xüsusi maraq göstərirlər. Belə çıxır ki, Moskva Dehli ilə əməkdaşlıqda məhz strateji məqamlara üstünlük verməlidir.

Yuxarıda aparılan təhlil Rusiya-Çin-Hindistan geosiyasi üçbucağının formalaşması üçün əsasların olduğunu göstərir. Lakin bunun reallaşması üçün tam əlverişli situasiyanın yarandığını demək çətindir. Proseslərin bu istiqamətdə necə inkişaf edəcəyini zaman göstərəcək. Burada qayğılandırıcı bir faktorun olduğunu vurğulamaq gərəkdir.

Rusiya, Çin, Hindistan və Pakistan arasında əlaqələrin məzmunu göstərir ki, hərbi amil burada ciddi yer tutur. Danışıqlarda digər sahələrlə yanaşı, məhz təhlükəsizlik məsələsi əsas müzakirə predmetinə çevrilir. Bu məqam regionda silahlanmanın yeni səviyyəyə yüksəlməsi mənasını vermirmi? Hərbi sferanın daha da inkişaf etməsi isə daim silahlı toqquşma ehtimalınıdan xəbər verir. Bu bağlılıqda belə təəssürat yaranır ki, regionun böyük dövlətləri mümkün münaqişələrə hazırlaşırlar. ABŞ-ın bundan yararlanmağa cəhd etməsi də mümkündür. Çin və Rusiya ilə əlaqədar baş verən hadisələr bu qənaətin əsaslı olduğunu təsdiqləyir.

Hər necə olsa da, ekspertlər Moskvaya Dehli istiqamətində Pakistana nisbətən daha diqqətli olmağı tövsiyə edirlər. Hətta bir sıra mütəxəssis hesab edir ki, "Rusiya Pakistana qarşı bir addım atırsa, Hindistan istiqamətində 10 addım atmalıdır". Bəlkə də reallıq bunu tələb edir. V.Putinin Dehliyə son səfərinin məzmununda bu məqam hiss olundu. Çox güman ki, bunun doğru olub-olmadığını yaxın gələcək göstərəcəkdir.

Newtimes.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.