Siyasət

Ermənistanın işğalçı siyasəti YUNESKO-nun tədbirində müzakirə edildi

18 Dekabr 2014 12:17
Baxış: 641
"Azərbaycan qədim mədəniyyətə malik ölkə kimi bütün dünyaya açıqdır. Onun YUNESKO-ya üzv olması buna bariz sübutdur. Artıq yeni eranın üçüncü milliyinə qədəm qoysaq da, bəşəriyyət bəzən ikili standartlardan əziyyət çəkir".

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Bakıda keçirilən TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin V iclasında çıxışı zaman deyib.

A.Əlizadə qeyd edib ki, buna qarşı isə dil, din və s. sahələrdə əməkdaşlığı möhkəmləndirmək lazımdır. O bildirib ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını bu gün zor gücü ilə geri qaytarmağa qadir ölkədir: "Çox zəngin ortaq dəyərlərə malik olduğumuz YUNESKO və TÜRKSOY bu sivil proseslərdə mühüm rola malikdir. AMEA-nın da bu sahədə xidmətləri böyükdür. Bu gün Azərbaycanda fundamental elmin inkişafı ilə yanaşı, zəngin dəyərlərimizin olması da xüsusilə təqdirəlayiqdir".

Daha sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib ki, TÜRKSOY-un təhsil sahəsinə də xüsusi diqqət ayırması sevindirici haldır: "Hesab edirəm ki, biz təhsil sahəsində olan problemləri birlikdə müzakirə etməliyik. Cənab İlham Əliyev tərəfindən təhsil sahəsində böyük işlər görülür. Biz TÜRKSOY-la da əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Əminəm ki, türkdilli xalqlarımız müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı davam etdirəcəklər. Sabah təhsil sahəsində "dəyirmi masa"nın keçirilməsini isə təhsilə verilən önəm kimi qiymətləndiririk".

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan YUNESKO ilə sıx əməkdaşlığı davam etdirir: "Düşünürəm ki, Bakıda keçirilən bu tədbir Azərbaycanın bu təşkilatla əməkdaşlığının inkişaf etdirilməsində yeni yollar müəyyənləşdirəcək, həm də qeyri-maddi mədəni irsin qlobal miqyasda qorunmasına öz töhfəsini verəcək".

Nazir Ermənistan tərəfindən YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına lavaşın "erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim olunması məsələsinə də toxunaraq deyib ki, Azərbaycanın etirazı, bununla bağlı həyata keçirilmiş fəaliyyətlər nəticəsində Ermənistanın təxribat cəhdlərinin qarşısı alınıb. Belə ki, YUNESKO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilib və bununla da, lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığı, sadəcə bu mətbəx nümunəsinin Ermənistan ərazisində də mövcud olduğu qəbul edilib.

Çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov nazirə təşəkkürünü bildirib: "Azərbaycan xeyli sayda beynəlxalq forumlara ev sahibliyi edir. Bu da təbii ki, bizləri çox sevindirir. 2008-ci ildən bu yana bizim bütün fəaliyyətimiz YUNESKO-nun prinsiplərinə uyğundur. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bizlə görüşlərində bildirib".

Çıxışın sonunda qarşılıqlı olaraq hədiyyələr təqdim olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.