Siyasət

Fin jurnalistlər Ermənistan hərbçilərinin atəşkəsi pozmasının şahidi oldular - FOTO

27 Noyabr 2014 17:08
0 Şərh     Baxış: 1 050

Finlandiya Dövlət Teleradio Şirkətinin əməkdaşları cəbhə bölgəsində olublar

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Finlandiya Dövlət Teleradio Şirkətinin (YLE) əməkdaşları Vesa Toiyonenİvar Heinmaa bir neçə gündür ki, Azərbaycanda yaradıcılıq ezamiyyətindədirlər.Onlar Azərbaycan haqqında yeni sənədli televiziya filiminin çəkilişləri ilə əlaqədar cəbhə bölgələrinə səfər edib, müharibə nəticəsində dağıdılaraq viran qalmış yaşayış məntəqələrini öz gözləri ilə görüb, yerli əhali, qaçqınlar və hərbçilərlə görüşüblər.

Suriya, Əfqanıstan, İraq, Çeçenistan, Ukrayna və dünyanın digər qaynar ölkələri barədə bir çox filmin müəllifləri olan finlandiyalı qonaqlar qeyd ediblər ki, onlar 1990-cı illərdən başlayaraq mütəmadi olaraq ölkəmizə gəlir və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylərini əsirgəmirlər.

Onlar bildiriblər ki, əgər əvvəlki filmlərdə neft-qaz məsələlərinə, qaçqınların problemlərinə geniş yer vermişdilərsə, növbəti filmdə cəbhə bölgələrindəki reallıqları dünya ictimaiyyətinə çatdırmağı qarşılarına məqsəd qoyublar.

Onların sözlərinə görə, Tərtər rayonunun Qapanlı kəndində 25 yaşlı oğlunu itirmiş Almaz ananın göz yaşları, hər gün atəş altında yaşamalarına baxmayaraq, doğma ocağını tərk etməyəcəyini inamla bildirən Xuraman Qədir qızının fədakarlığı, Laçın qaçqınlarının Vətən həsrəti, döyüş növbəsi aparan əsgər və zabitlərin vətənpərvərlik ruhu, ayıq-sayıqlığı yeni filmin yaradıcılarını təsirləndirib. Kənd qəbiristanlığında şəhid Elməddin Cəfər oğlunun məzarı yaxınlığında çəkilişlər apararkən qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin növbəti dəfə pozulduğunun şahidi olublar.

Film üçün müsahibə zamanı polkovnik Abdulla Qurbani ermənilərin Azərbaycana qarşı torpaq iddialarının tarixindən, beynəlxalq terrorizmdə erməni terrorizminin yeri barədə ətraflı məlumat verib, son vaxtlar Ermənistan tərəfindən atəşkəs rejiminin intensiv olaraq pozulduğunu, düşmənin təxribat xarakterli hərəkətlərə tez-tez yol verdiyini, cəbhəboyu bölgələrdə yaşayan əhalinin ciddi ziyan çəkdiyini vurğulayıb.

Çəkiliş üçün hərtərəfli şərait yaradıldığına görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirən Finlandiya Dövlət Teleradio Şirkətinin Beynəlxalq sənədli filmlər proqramının rəhbəri V.Toiyonen və kinooperator İ.Heinmaa Azərbaycana növbəti səfərləri zamanı erməni işğalından azad ediləcək torpaqlarda çəkilişlər aparmaq arzusu ilə cəbhə bölgələrindən xoş təsuratlarla ayrılıblar.

Qonaqları Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Gülnarə Əskərova müşayiət edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.