Siyasət

Türkiyədəki diasporumuz Ermənistanın girov götürdüyü azərbaycanlılarla bağlı bəyanat yayıb

25 Noyabr 2014 18:04
0 Şərh     Baxış: 844

Türkiyədəki Azərbaycan diaspor təşkilatları Ermənistanın girov götürdüyü azərbaycanlılarla bağlı bəyanat yayıb

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Türkiyədəki Azərbaycan diaspor təşkilatları bəyanat yayaraq Azərbaycan Respublikasının Kəlbəcər rayonunda Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əhmədov Şahbaz Quliyevin məhkəmə prosesinə etiraz ediblər.

Bəyanatda deyilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında - Dağlıq Qarabağda Dilqəm Əhmədov və Şahbaz Quliyev guya sərhədləri pozmaqda ittiham olunaraq heç bir hüquqi əsası olmayan uydurma məhkəmə prosesi aparılır. Halbuki, Dilqəm Əhmədov və Şahbaz Quliyevin girov götürüldüyü torpaqlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisidir.

Türkiyədəki Azərbaycan diaspor təşkilatları bildirir ki, bu torpaqlarda doğulmuş, böyümüş Dilqəm Əhmədov, Şahbaz Quliyev, Həsən Həsənov Ermənistanın işğal siyasəti nəticəsində öz yurdundan zorla çıxarılmış Azərbaycan vətəndaşlarıdır: "Kəlbəcər ərazisində onların dədə babaları uyuyur. Öz doğma torpaqlarına yaxınlarının məzarlarını ziyarət etməyə, bir vaxtlar yaşadıqları kəndi görmək ümidi ilə gediblər. Onların heç bir gizli planı və təxribatçı niyyəti olmayıb. Onlar doğulduqları torpaqların həsrəti ilə Ermənistanın işğalı altında saxladığı ərazilərə keçərkən girov götürülüb".

Bəyanatda eyni zamanda Ermənistan tərəfinin girovlarla qəddarcasına rəftarı vurğulanır. Bildirilir ki, Ermənistan azərbaycanlı Həsən Həsənovu işgəncələrə məruz qoyaraq vəhşicəsinə qətlə yetirib. Digər girovlar da mənəvi, fiziki işgəncələrə məruz qalır.

Diaspor təşkilatları bu bəyanatla dünya ictimaiyyətini baş verənlərə biganə qalmamağa çağırır: "Dünya Ermənistanın bu işğalçı siyasətinə "dur" deməli və azərbaycanlı girovların tezliklə azad edilməsi üçün lazımlı addımları atmalıdır".

Bəyanat Türkiyədə fəaliyyət göstərən TADEF - Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Kocaeli Azərbaycan Evi Dərnəyi, Derince Azərbaycan Evi Dərnəyi, Gebze Azərbaycanlılar Dərnəyi, Eskişehir Azərbaycanlılar Dərnəyi, Adana Azərbaycan Kültür ve Dayanışma Dərnəyi daxil olmaqla 15 təşkilatın adından yayılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.