Siyasət

Putin uduzdu? - FOTO

25 Noyabr 2014 09:18
2 Şərh     Baxış: 6 160
"Ukrayna böyük oyundursa və bu oyunda qalib Sovetlər Birliyi dağılandan sonra Şərqi Avropanın ən böyük dövlətinin xeyli qismini ələ keçirəcəksə, onda bu oyunda hər bir halda Vladimir Putin qalib gəlməyib".

Almaniyanın tanınmış yazarlarından olan Yohen Bittner (Jochen Bittner) "Die Zeit"də yazır.
 

Bittnerin fikrincə, Rusiya prezidenti Krım yarımadasını və Ukraynanın şərqini ələ keçirsə də, bu ərazilərin Moskva üçün real dəyəri nə qədərdir?!
 

"Bu regionlar Kremlə xeyirdən daha çox zərər gətirir. İtkilər həm iqtisadi, həm də siyasi müstəvidədir. Krımın ilhaqına görə Qərbin tətbiq etdiyi sanksiyaların və embarqoların Rusiya iqtisadiyyatına vurduğu ziyanı Putin baharda təxminləyə bilsəydi, Ukraynaya hərbçilərini bu qədər qətiyyətlə yollayaraq Krımda müstəqillik referendumunun keçirilməsinə çalışmazdı. Ümumiyyətlə, onun belə addım atacağını təxminləmək çətindir", - Bittner yazır.


 

Şərqi Ukraynanın ilhaq olunmuş Krım yarımadasına "quru körpü" olmasından savayı Rusiyaya xeyri nədir? Donetskdəki daş kömür şaxtaları və sənaye müəssisələrinin çoxdan bəri yenilənməyə, təmirə və rekonstruksiyaya ehtiyacı var. Separatçıların komandirlərinin davranışlarına baxsaq, region tədricən mafioz məkana çevrilməkdədir. Bu bölgənin gələcəyi nə olacaq? Doğrudur, mümkündür ki, orada Rusiyanın hərbi-sənaye kompleksinin müəssisələri fəaliyyətə başlasın. Amma bunun üçün Rusiya hazırda separatçıların nəzarətində olan Şərqi Ukraynaya milyardlarla dollarlıq investisiya yatırmalıdır.
 

O milyardlara Rusiyanın özünün kəskin ehtiyacı var.

Özü də indi

Qərbin Ukraynadakı olaylarla bağlı itirdikləri ilə yanaşı, qazandıqları da var. Əvvəla, Ukraynanın qərbi əvvəlki dönəmlərdən fərqli olaraq gələcəyini birmənalı şəkildə Avropa Birliyi ilə görür. Bundan başqa, Ukraynanın Ali Radasına keçirilən seçkilərin nəticələri göstərdi ki, ölkənin şərqində səs verməyən və ya səs verə bilməyən vətəndaşları saymasaq, seçicilərin 75 faizi qərbyönlü partiyaları dəstəklədilər, postsovet siyasi mədəniyyəti ilə birdəfəlik vidalaşmaq niyyətlərini nümayiş etdirdilər.
 

Ukraynalıların Avropa Birliyini, yəni Qərbi seçmələri zahirən Brüsseli və habelə, ABŞ-ı məmnun etsə də, batində durum fərqlidir.


 

Ukrayna ilə dostluq Avropa Birliyinə olduqca baha başa gələ bilər. Nədən ki, son illərdə çox ağır vəziyyətə düçar olmuş Ukraynanın iqtisadiyyatı çöküb. Ölkənin demokratik inkişaf modelinə çatmasına hələ çox var, cəmiyyətin hər tabanında korrupsiya tüğyan edir, işsizlik absurd həddə çatıb, dövlət idarəetmə strukturlarının işi yarıtmazdır və s.
 

Di gəl, Rusiya prezidenti Vladimir Putindən fərqli olaraq Avropa Birliyi geriləmək yox, inkişaf etmək, irəliləmək istəyən tərəfdaş alıb. Bu tərəfdaş itirilmiş möhtəşəmlik və əldən verilmiş "tarixi böyüklük"lə bağlı vaysınmır, dəyişikliklər istəyir və yeniliklərə can atır.


 

Bu səbəbdən də Ukrayna uğrunda toqquşmada Qərb rəqibi Putini məğlub hesab edir və əsas məsələnin də elə məğlubiyyətin həcmində olduğunu sanır.
 

Lakin hər şey

İlk baxışdan göründüyü kimi deyil

Rusiyanın sabiq prezidenti, mərhum Boris Yeltsinin hakimiyyətdəki illərdən fərqli olaraq rusiyalılar indi ölkələrinə görə utanmırlar. Onların çoxu dövlətləri ilə fəxr edir.
 

Krım və Şərqi Ukrayna olayları, Qərbin maraqlarına zərbə vurmaq gücü rusiyalıların milli qürurlarının sadəcə, bir hissəsidir.
 

Əsas məsələ Rusiyanın hərbi qüdrətinin artması, Vladimir Putinin sərt və qətiyyətli dövlət başçısı qismində qəbul edilməsi, mühafizəkar və pravoslav dəyərlər ətrafında birləşmə meyllərinin güclənməsi, idman, media və s. sahələrdə beynəlxalq arenada aktivləşmək, ən nəhayət siyasi hakimiyyətin daha sərtləşməsidir.
 

Çətinliklərin dəf edilməsi ilə bağlı yaxın gələcəkdə Vladimir Putin mövqelərini gücləndirərək əhali arasında populyarlığını daha da artıra bilər.
 

Orta perspektivdə Vladimir Putin daxili və xarici siyasətdə passivləşərsə, nüfuzuna zərbə vura bilər. Amma çətin ki, belə olsun.
 

Putin dünya miqyasındakı hadisələrin dramaturgiyasına təsirini azaltmayacaq, ölkə mediasında çəkisini zəiflətməyəcək və Avropa elitalarına təsirin gücləndirilməsi ilə bağlı strategiyasından da əl çəkməyəcək.


 

Avropanın özündə də Vladimir Putini "güclü adam" kimi qəbul edənlər az deyil.
 

Fransada "Milli Cəbhə", Almaniyada "DieLink" və ya Yunanıstandakı "Syriza" hərəkatları V.Putini az qala qəhrəman sayırlar.
 

Rusiya prezidentinə Avropada rəğbət bəsləyənlər əsasən antisistem siyasi qüvvələrdir. Bu şəraitdə sistem qlobalist, kapitalist, oliqarxik və s. mexanizmlər sayılır.
 

Avropanın biosiyasətinə mühafizəkar yanaşma, homoseksual təbliğatın yasaqlanması, eyni cinsdən olan şəxslər arasında nikahlara çox mənfi münasibət, "dövlətçilik" ideyası, "güclü lider, qüdrətli dövlət, mühafizəkar dəyərlər" taktikası Putinin populyarlığını daha da artırır.
 

Belədirsə, Putini məğlub saymaq olarmı?

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.