Siyasət

ATƏT-in Minsk qrupu geri çəkildi, amma...

22 Noyabr 2014 12:41
Baxış: 1 222
Azərbaycan ərazisinə silahla girən ermənilərin məhv edilməsi ABŞ-ı, Avropanı, ələlxüsus da ATƏT-in Minsk qrupunu xeyli narahat edib. Narahatlıqdan hətta o qədər başlarını itirmişdilər ki, bütün beynəlxalq qanunlara əsasən Azərbaycan torpağı sayılan helikopterin düşdüyü yerə "neytral ərazi" demişdilər. Onların narahatlıqdan belə səhvlərə yol vermələri anlaşılandır. Münaqişədə əlaqələndirici missiyasını üzərinə götürən diplomatlar hər şeyi öz adı ilə çağırmağa sadəcə borcludurlar.

Odur ki, Azərbaycan diplomatiyası ATƏT-in Minsk qrupunun bu cür absurd bəyanatına etiraz etməyə bilməzdi. Ölkəmizin diplomatik səyləri nəticəsində Minsk üçlüyü yaydıqları bəyanatda dəyişiklik etdi. "Neytral ərazi" birləşməsini "yaşayış olmayan" ifadəsi ilə dəyişdi. Sözsüz ki, bunu Azərbaycan diplomatiyasının uğuru saymaq olar. Çünki ikili standartlar dünyasını idarə edənləri bu cür dəyişikliyə vadar etmək elə də asan deyil. Ukraynanın cənub-şərqindəki Donetsk və Luqansk vilayətlərinin silahla ələ keçirilməsini işğal adlandıran ATƏT Qarabağ məsələsində o cür qəti mövqe ortaya qoymur.

Bununla belə, ATƏT-in Minsk qrupuna bəzi xatırlatmalar etmək istərdik. Hörmətli həmsədrlər, bəyanatda "Azərbaycanın işğal altındakı ərazisi" ifadəsini yazsaydınız, daha doğru olardı. "Qeyri-yaşayış ərazisi" ifadəsi yanlış olmasa da, məsələnin əsas mahiyyəti bu söz birləşməsinin altında gizlədilib. Həmin torpaqlar 20 ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. 20 il öncəyə qədər siz "qeyri-yaşayış" ərazisi adlandırdığınız torpaqlarda nə erməni, nə də başqa bir xalqın nümayəndələri deyil, məhz azərbaycanlılar əkin əkiblər, heyvandarlıqla məşğul olublar. Dünyaca məşhur olan Qarabağ atları məhz bu torpaqlarda azərbaycanlılar tərəfindən yetişdirilib.

Siz "işğal altında olan torpaqlar" ifadəsi işlətməklə məsələnin əsl mahiyyətini daha düzgün ortaya qoymuş olardınız. Noyabrın 12-də vurulan erməni helikopteri də məhz başqa dövlətin torpaqlarına işğalçı kimi girdiyi üçün məhv edilib. Həmin torpaqlardan didərgin düşən yüzlərlə insan hələ də öz ölkəsində məcburi köçkün həyatı yaşayır. Bütün bunları görməzlikdən gələrək, işğalçıya və işğala məruz qalana eyni gözlə baxmaq riyakarlıq deyilmi? Əl-Qaida terrorçularının idarə etdiyi helikopter ABŞ, Avropa və ya Rusiya ərazilərinə soxulsaydı, sizin hərbçilər də onu vurmazdılarmı?..

Teymur Hacıyev
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.