Siyasət

"ABŞ-ı mələk və ya xilaskar kimi təqdim etmək son dərəcə yanlışdır"

22 Noyabr 2014 09:36
0 Şərh     Baxış: 828

İlham Rəhimov: "Erməni helikopterinin vurulması ilə bağlı məsələdə beynəlxalq hüquq bizim tərəfimizdədir"

Milli.Az hüquq professoru, iş adamı İlham Rəhimovun musavat.com-a müsahibəsinin ikinci hissəsini təqdim edir.

- Bu yaxınlarda Azərbaycan cəbhə bölgəsində Ermənistanın hərbi helikopterini vurub. Sizcə, bu doğru addım idimi?

- Əlbəttə. Ermənistan Azərbaycanın hava məkanını pozmuşdu, Azərbaycan da beynəlxalq hüquq normalarının şərtlərinə uyğun olaraq həmin helikopteri vurdu. İstənilən ölkə bu durumda eyni cür davranardı və davranmalıdır. Bir dövlətin hava, quru və su sərhədlərini digər bir ölkənin hərbi qüvvəsi pozursa, bu halda beynəlxalq hüquq həmin obyektin məhv edilməsinə imkan verir. Bununla bağlı Azərbaycana qarşı heç bir iddia irəli sürülə bilməz, çünki Azərbaycanın hərəkətlərində heç bir hüquqa zidd məqam yoxdur. Bütün dünya Azərbaycanla Ermənistanın müharibə şəraitində olduğunu bilir. Mənim bildiyimə görə, nə bir ölkə, nə də hər hansı beynəlxalq qurum bununla bağlı Azərbaycana irad bildirməyib. Bu cür situasiyalarda elə belə də davranmaq lazımdır.

- Ermənistan Azərbaycanı eyni cavab verəcəyi ilə hədələyir. Siz bunu real sayırsızmı?

- Əgər Azərbaycan Ermənistanın sərhədlərini pozsa, Ermənistanın da belə bir hüququ yaranacaq. Bir daha bildirirəm ki, bu hüquq yalnız sərhədləri hərbi obyektlər pozduqda yaranır.

- İlham müəllim, sizcə, Ermənistan yenidən cəbhə bölgəsində provokasiyalar yaradaraq savaşın başlamasına cəhd edə bilərmi?

- Avqust ayında bu cür provokasiyalar oldu və hər iki tərəf itkilər verdi. Düşünürəm ki, konfliktin davam etdiyi müddətdə provokasiyalar istisna deyil.

- Dünyanın bugünkü gündəmi yetərincə gərgindir. Müxtəlif bloklar yaranır, onların içərisində yaşayanı da olur, siyasi səhnədən tezliklə gedənləri də. Məsələn, bu gün "G20" Rusiyaya qarşı blok təsəvvürü bağışlayır. Siz necə düşünürsünüz, yaxın gələcəkdə dünyanın siyasi sistemində yeni, ciddi dəyişikliklər gözlənilirmi?

- "G20" təzə birlik deyil. Uzun illərdir liderlər bu formatda görüşür, dünya gündəminin əsas məsələlərin müzakirə edirlər. "G20"-nin birmənalı şəkildə Rusiyaya qarşı olduğunu düşünmürəm. Bu blokda da digər bloklarda olduğu kimi bütün məsələlər üzrə fikir birliyi yoxdur. Sizə elə gəlməsin ki, hamı ABŞ-ı sevir. Bu belə deyil. Bunu hiss eləmək üçün dünyanı gəzmək lazımdır. Götürək qonşu, qardaş Türkiyəni. Orada mülki geyimdə olan ABŞ hərbçilərini döymüşdülər. Bu, ABŞ-ın İraqda apardığı siyasətə, ABŞ əsgərlərinin İraqdakı davranışlarına cavab idi. Eyni durum ərəb dünyasında da hökm sürür. Bir sıra ölkələr ABŞ-dan sadəcə asılıdır, çünki ərazilərində ABŞ hərbi bazaları var. ABŞ-la bir yerdə olmağa, əməkdaşlıq etməyə məhkum olan ölkələr var. Həmin dövlətlər buna könüllü şəkildə getmir, sadəcə güclə hesablaşmaq məcburiyyətindədirlər. ABŞ-ı mələk və ya xilaskar kimi təqdim etmək son dərəcə yanlışdır. Bolqarıstanda olarkən bizim bu məsələ ilə bağlı xeyli fikir mübadiləmiz oldu. Bolqarıstan da sosialist sistemindən çıxan ölkədir. Bu gün ölkənin sosial-iqtisadi durumu Şərqi Avropanın bütün ölkələrindən pisdir - Bolqarısan Avropa Birliyinin ən kasıb ölkəsidir. İndiyə qədər də əhali sosialist quruluşunun dağılmasının yaxşı, ya da pis olması məsələsində qərar verə bilmir. Bolqarıstanda bunu gizlətmirlər. Bolqarıstanda onu da gizlətmirlər ki, ölkə bir sıra addımları xalqın, vətəndaşın, dövlətin istəyi ilə deyil, yalnız ABŞ-dan tapşırıq alındığı üçün atır. Ümumiyyətlə bu gün Avropa Birliyi ölkələri ABŞ-ın diktəsi, icazəsi olmadan hərəkət etmir. Avropa Birliyi ölkələrində nisbətən müstəqil olan Almaniyadır. Digər ölkələr isə ABŞ-ın tam nəzarətindədirlər. Fransa kimi böyük və güclü dövlət Birləşmiş Ştatlara tabedir.

Aydındır, Amerika Birləşmiş Ştatları supergücdür. Həm siyasi, həm hərbi, həm iqtisadi müstəvidə bu, mübaliğəsizdir. Ancaq bu o demək deyil ki, digər ölkələrin xalqları ABŞ-ı sevir. II dünya savaşına qədər dünya ölkələrinin ən nüfuzlu birliyi Millətlər Liqası idi. Qurum I dünya savaşından sonra yaradılmışdı. II dünya savaşından sonra dünyanın siyasi xəritəsi yenidən şəkillənəndən, Avropa yeni ölkələrə parçalanandan, İsrail dövləti yaranandan sonra artıq bəlli oldu ki, dünya Millətlər Liqasının Nizamnaməsində göstərilən normalarla yaşaya bilməz, beynəlxalq hüququ reallıqlarla uzlaşdırmağa ehtiyac var. Birləşmiş Millətlər Təşkilatı bu ehtiyacdan yarandı.

Sovetlər Birliyi dağılandan sonra da dünyanın siyasi xəritəsində çox ciddi dəyişikliklər baş verib. Şərqi Avropa da daxil olmaqla böyük bir coğrafiya artıq tamamilə fərqli ictimai quruluşda yaşayır. Sistem dəyişikliyindən sonra bu coğrafiyada həm də böyük münaqişə ocaqları yarandı. Dağlıq Qarabağ, Dnestryanı, Osetiya, Abxaziya və digər ərazilərdə hələ də həllini tapmayan etnik münaqişələr yarandı. Çox təzadlı bir mənzərə yaranıb - millətlər beynəlxalq hüququn xalqların öz müqəddəratlarını həll etmək hüququna əsaslanaraq müstəqil dövlətlər yaratmaq istəyir, ərazilərində bu tip münaqişələr baş qaldıran ölkələr isə beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik prinsipindən çıxış edərək bu hərəkatları separatizm adlandırır. Bu tendensiya yalnız yeni düzənə qovuşan ölkələrdə baş vermir, 1990-92-ci illərdə dünyada gedən bəlli proseslərdən sonra Şotlandiyanın İngiltərədən, Kataloniyanın İspaniyadan ayrılması ilə tələblər, referendumlar ən yaxın tarixdə yaşandı. Bu gün beynəlxalq hüquq millətlərə öz müqəddəratlarını təyin etmək haqqı verirsə, buna qarşı çıxmaq mümkün deyil. Digər tərəfdən hüquq dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipini tanıyır. Münaqişələr yaranan zaman tərəflərdən hər biri özünə sərf edən normadan çıxış edir. Demək ki, beynəlxalq hüquq normalarında ciddi ziddiyyət var və onu dəyişmək, təkmilləşdirmək zamanı gəlib.

- Sizcə, qərar hansı normanın xeyrinə olmalıdır?

- Bu problem kifayət qədər mürəkkəb, ümumdünyəvi əhəmiyyət kəsb edən bir problemdir. Fikrimcə, beynəlxalq hüquq bu məsələnin həllində hələ çox iş görməlidir. Düşünürəm ki, ərazi bütövlüyü və suverenlik prinsipi qorunub saxlanmalı və beynəlxalq hüququn əsas normasına çevrilməlidir. Çünki konfliktlərin nizamlanması zamanı millətlərin öz müqəddəratlarını təyinetmə hüququ əsas götürülsə, dünyanı xaos bürüyər. İkinci variant da mümkündür - beynəlxalq hüquq millətlərin öz müqəddəratlarını təyinetmə hüququnu konkret dövlətin ərazisindən ayrılmamaq şərti ilə tanıya bilər. Bu halda da münaqişə yaranarsa, əsas prinsip dövlətin ərazi bütövlüyünün qorunması ola bilər. Böyük dövlətlər bu gerçəyi anlayır. Fikrimcə, Rusiya-Avropa Birliyi-ABŞ arasında münasibətlər nisbətən normallaşandan sonra bu məsələyə yenidən qayıdılacaq. Dünya bu iki prinsip arasında seçim etməyə məcburdur. Çözülməyən, dondurulan, davam edən çoxsaylı konfliktlər seçim tələb edir.

- Bugünkü söhbətimizi siyasətdən kənar, mahiyyətcə tam ayrı bir sualla bitirmək istərdim. "Minval.az" saytı bir qədər əvvəl mədəniyyət, incəsənət, ictimai xadimlər, ağsaqqallar, ümumiyyətlə, Bakı əhalisi arasında sorğu keçirmişdi: nəyə görə, Bakıda mədəniyyət, incəsənət, kino, idman - ümumiyyətlə, görkəmli mədəniyyət xadimlərinin heykəlləri azdır və ya heç yoxdur. Sizin bu problemə münasibətiniz maraqlı olardı.

- Bilirsiniz, belə bir problem, ideya, ifadə tərzindən asılı olmayaraq bütün xalqlarda olub və indi də mövcuddur.

Deyirlər ki, məşhur rus imperatriçası II Yekaterina favoriti, Q.V.Potyomkinə Krım yarımadasının Rusiyaya birləşdirilməsini, oranın türk və tatarlardan təmizlənməsini və yarımadaya Tavrida adının verilməsini tapşırır. Şərt qoyur ki, belə olan halda Krımın idarəçiliyi ona veriləcək. Doğrudan da Potyomkin Krımı Rusiyaya ilhaq edəndən sonra Krıma Tavrida adı verilir. Buna görə, Yekaterina kasıb bir ailədən çıxan Q.V.Potyomkinə knyaz Tavriçeski titulunu və Krımın idarəçiliyini tapşırır. Tale elə gətirir ki, Potyomkin knyaz Tavriçeski olur, Rusiya imperiyasının mühüm simalarından birinə çevrilir, fəqət Krım Tavridaya çevrilmir, Krım olaraq tarixdə qalır.

Ümumiyyətlə, çox maraqlı, istedadlı bir insan olan Potyomkinin faytonçusu ondan soruşur: "Siz rus imperiyasının qüdrətlənməsində, böyüməsində bu qədər şücaətlər göstərmisiniz, işlər görmüsünüz, nəyə görə, sizə bir heykəl ucaltmayıblar, sizdən fərqli olaraq az tanınan adamlara heykəl ucaldıblar? Təbiətən müdrik olan Q.V.Potyomkin cavab verir, hansı yaxşıdır, insanlar soruşsunlar ki, nəyə görə bu böyük şəxsiyyətə heykəllər ucaltmayıbsınız, nəinki deyələr, bu insana nəyə görə heykəl ucaltmısınız? Hansı yaxşıdır?

Bu tarixə bir ekskurs idi, sözgəlişi... Ümumiyyətlə, heykəllər ucaltmaq, bu da zamanın işidir. Sualınızın mahiyyətinə gəldikdə isə, düşünürəm ki, Azərbaycanda xatirəsinin əbədiləşməsinə, heykəllər ucaldılmasına layiq xeyli insanlar mövcuddur. Onların içərisində, mədəniyyət, ədəbiyyat, elm, digər sənət adamları, Azərbaycan torpaqlarının azadlığı, müstəqilliyi uğrunda canından keçən, xalqının mənafeyini özünün, ailəsinin mənafeyindən üstün tutan insanlar az deyil. O insanların o heykəllərə haqqı var.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.