Siyasət

"Onda nə vətən təəssübü var, nə millət heysiyyatı, nə şərəf anlayışı"

22 Noyabr 2014 09:19
Baxış: 1 149

Azərbaycan ordusunun çavuşu işğalçı Ermənistanın helikopterini vuranda cəmiyyətdə inanılmaz bir fərəh hissi baş qaldırdı

Bütün ənənəvi və yeni mediamız helikopteri vuran hərbçimizi öydü, Azərbaycan ordusu ilə qürur duydu.

Sosial şəbəkələrdə Əfqan Muxtarlı sayaq bir-iki qaragüruhçu və Avropanı anlamadan sülhsevər maskası taxmış qulbeçələr xaric hər kəs "vur, komandir, vur" səslənişini paylaşdı.

Təbii ki, helikopterin vurulması ciddi məsələydi, bu istiqamətdə Azərbaycana ediləcək basqıların qarşısına çıxmaq sadəcə Xarici İşlər Nazirliyinin görəvi deyildi.

Bu yöndə Azərbaycan silahlı qüvvələri ilə həmrəylik nümayiş etdirmək hamımızın borcu idi.

Zira, Azərbaycanın aparıcı müxalifət partiyalarının rəhbərliyi, xüsusən də Əli Kərimli helikopterin vurulması barədə bir kəlmə də danışmadı, yazmadı.

Nəinki Əli Kərimli, hətta onun ayrı vaxt sosial şəbəkələrdə camaatın gözünü yağır edən sözçüləri də susdular.

O günlərdə İrəvanda David Sanasaryan adlı bir müxalifətçi aclıq aksiyası keçirirdi. İdeoloji baxımdan liberal sayılan bir müxalifət partiyasının sözçüsü olan Sanasaryan hərbçilərimiz tərəfindən vurulmuş təyyarədə ölən Ermənistan zabitlərinin meyitinin qaytarılması üçün ATƏT-in İrəvandakı ofisinin qabağında başlamışdı aksiyaya.

AXCP-də eyni postu tutan gülbalalar isə sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini hədəfə almışdılar.

Helikopterin vurulmasından panikaya düşmüş Ermənistan cəmiyyətini isə politoloqları iki əsas tezislə ovudurdular. Əvvəla onu deyirdilər ki, neftin qiyməti dünya bazarında düşməsi Azərbaycanı müharibəyə başlamağa qoymayacaq. Bir də onu deyirdilər ki, "mütəmadi olaraq pozulan insan hüquqları ilə bağlı" Qərb Azərbaycana təzyiqləri gücləndirəcək.

Dünya bazarında neftin qiymətinin qalxıb-enməsinə Ermənistanın təsir göstərmək imkanları yoxdu, bu aydındır. Ancaq ikinci tezis belə bir güman yaradırdı ki, tezliklə xaricdəki erməni lobbisinin təsir dairəsində olan beynəlxalq təşkilatlar Azərbaycana qarşı üzərinə Leyla Yunusun şəkli yapışdırılmış bayraq açacaqlar.
O günlərdə diqqətimi daha iki açıqlama çəkmişdi.

Birincisi, REAL hərəkatının öndə gedən isimlərindən olan Erkin Qədirli sosial şəbəkədə son dərəcə təqdir edərək paylaşdığım bir mövqe sərgilədi, Azərbaycan Silahlı Qüvvələrinin vurduğu helikopterlə bağlı cəmiyyətə pozitiv mesajlar verdi.

İkincisi, Elnur Məlikov adlı QHT sədri Rusiya mediasına müsahibə verərək Azərbaycanı şimal qonşumuzun "gələcək quberniyası" adlandırdı.

Elnur Məlikovla bağlı internetdə qısa bir araşdırma aparmaqla onun Rusiya ilə qeyri-leqal bağlarını, ermənipərəstliyini, o cümlədən Leyla Yunusun müdafiəçisi olduğunu təsbit etmək mümkündür.

Elnur Məlikovun tezisləri ilə Azərbaycana qarşı mövqe sərgiləyənlər arasında Erkin Qədirlidən fərqli olaraq dövlətçilik təfəkkürü olmayan bir REAL-çı da var.

Bir zamanlar Xalq Azadlıq Partiyasında sədr müavini olan, daha sonra AXCP-yə keçən, AXCP-də Əli Kərimlinin göstərişi ilə Elçibəy əleyhinə təbliğat aparan, daha sonra QHT yaradan və qrant iştahı ilə İlqar Məmmədovun çevrəsinə daxil olan, bütün dost-tanışlarının tamahkar, qarınqulu, ikiüzlü kimi tanıdığı o REAL-çı bu günlərdə Batumidə düzənlənən Vətəndaş Cəmiyyəti Forumunda da iştirak edir.

Məlumunuz, həmin forumda "People in Need" adlı bir çex QHT-si bağlı qapılar arxasında Dağlıq Qarabağ ermənilərinin "müstəqil bir dövlətin vətəndaşları kimi" çıxış etməsi üçün israr edib, açıq formada isə "Azərbaycanda insan hüquqlarının pozulmasını əks etdirən" sərgi təşkil edib. Bu mövqe və sərgi insidentə səbəb olub.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun həmin çex təşkilatının nümayəndələrinin faktiki olaraq İrəvan mətbuat klubunun rəhbəri Boris Novosardyan tərəfindən yönləndirildiyini yazması isə iki nəfərin xüsusi hiddətinə səbəb olub- Bakıda Xədicə İsmayılovanın, Batumidə həmin REAL-çının.

O REAL-çı "People in Need"nin ermənipərəst olmasını inkar edir, bunu söyləyənləri "alçaq və şərəfsiz" adlandırır, üstəlik, açıq-aşkar Azərbaycandan fərqli olaraq, Ermənistanda sərbəst toplaşmaq azadlığının təmin olunduğunu vurğulayaraq Batumidə qrant yalmanır.

O REAL-çının adını hələ çəkməyəcəm, çünki hələ bir müddət öncə Eynulla Fətullayev ona "dılğır" deyə xitab etmiş, o da bütün fəaliyyəti ilə bu xitabı doğrultmağa çalışır.

Eynulladeyən bircə dəfə sözügedən çex təşkilatının internet səhifəsinə girib baxsa, görər ki, orada Azərbaycan haqqında hansı nifrətlə, Ermənistan barədə necə canıyananlıqla məlumat verilir.

Eynulladeyən cəmi bir dəfə həmin sayta göz gəzdirsə, anlayar ki, ana səhifədə Azərbaycan haqqında ancaq neqativ təəssüratlar yaradan materiallar yayımlandığı halda, həmin təşkilat Ermənistanda təhsilə, sosial xidmətlərə yardım edir.

Eynulladeyən cəmi bir dəfə kişi olmağa cəhd göstərsə, o təşkilatın nümayəndələrinə sual edər ki, Azərbaycan iqtidarına qarşı bu qədər qəzəbli mövqe tutduğunuz halda, nədən Ermənistanda hərbi xuntanın hakimiyyətdə olduğunu, köçəryanların, sərkisyanlarının əlinin Xocalıda uşaq qanına batdığını qeyd etməyə lüzum görmürsünüz?!..

Məsələ belədir: öz daxilimizdə hakimiyyətdən kimsə razı olar, kimsə narazı, bu hüquqdur, yanaşmadır. Amma Ermənistan qarşısında, Azərbaycana belə, Ermənistana elə yanaşan beynəlxalq təşkilatlar qarşısında İlham Əliyevi müdafiə etmək vətən, millət, şərəf, qeyrət məsələsidir.

Eynulladeyəndə isə nə vətən təəssübü var, nə millət heysiyyatı, nə şərəf anlayışı, nə də qeyrət məfhumu.

Eynulladeyən üç-beş qəpik üçün Azərbaycanı satmağa fürsət gözləyən biri olsa da, bir cümləsində on beş səhv buraxan gerizəkalıdır. Bir iqtisadçı kimi müxalifət düşərgəsində Qubad İbadoğlu, Natiq Cəfərli ilə müqayisə olunmayacaq dərəcədə bisavaddır, ömrü boyu arxasını qoymağa yer axtarıb.

Zaman bu cür tipləri ictimai-siyasi səhnəyə çıxarmır, qusur.

Eynulladeyənin kimliyini elə bu səbəbdən cəmiyyətə Zöhrab Qusmayıl kimi açıqlamaq daha doğrudur.

Taleh ŞAHSUVARLI
Teleqraf.com

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.