Siyasət

"Rəngli inqilab"ın damğası

23 Noyabr 2014 12:30
Baxış: 941

Macarıstan müstəqil siyasət yürütmək hüququnu qoruya biləcəkmi? 

Avropa İttifaqının ayrı-ayrı ölkələrində etiraz aksiyaları davam edir. Onlar, əsasən, hökumətin sosial sahədə atdığı addımlara, sərt iqtisadi siyasətə etiraz olaraq keçirilir. Macarıstanda baş verən son hadisələrdən isə "rəngli inqilab" qoxusu gəlməkdədir.
 

Macarıstan hökuməti, yəqin ki, internetə görə vergi tətbiq edən zaman "büdcə kəsirinin konpensasiyası" çərçivəsində atılmış bu addımın hansı nəticələr verə biləcəyini təsəvvür etməyib. Qeyd edək ki, hökumətin bu qərarına əsasən, internet istifadəçiləri 1 giqabayt trafikə görə 150 forint (0,6 dollar) vergi ödəməlidirlər. Şübhəsiz ki, internet xidmətlərindən fəal şəkildə istifadə edən Macarıstan ictimaiyyətinin bu təşəbbüsə qarşı çıxacağı əvvəlcədən şübhə doğurmurdu və deməli, baş qaldıracaq narazılığı əvvəldən də görmək çətin deyildi. Baş nazir Viktor Orbanın kabineti, güman ki, bu qədər qeyri-populyar qanun layihəsini irəli sürən zaman bu ehtimalı da nəzərə alıb. Amma yəqin ki, o, məsələnin yalnız etiraz aksiyası ilə bitməyəcəyini ağlına gətirməyib.
 

Macarıstanda bu qanun layihəsilə əlaqədar başlayan etiraz aksiyaları qısa bir zamanda siyasi xarakterli aksiyalara çevrilib. Nümayişçilər yeni qanunun ləğvi tələbinin irəli sürülməsilə yanaşı, hökuməti də istefaya çağırmağa başlayıblar. Onlar hökuməti "korrupsiyada", "diktatura rejimi yaratmaqda" günahlandırırlar. Nümayişçilərin əllərində tutduqları plakatlarda Orban hökuməti "ən qorxulu tiraniya", "mafioz hökumət" adlandırılır. Etiraz aksiyalarının əsas şüarı isə "Orban, yox ol!"dur.
 

Bununla yanaşı, Macarıstanda yaşananların təhlili zamanı ilk ağla gələn "sanki biz bunları haradasa görmüşük" fikri olur. Budapeştdə baş verənlər son onillikdə Şərqi Avropa ölkələrində yaşananlara çox bənzəyir. İlk olaraq nəzəri cəlb edən bütün "rəngli inqilablar" zamanı müşahidə olunmuş siyasi texnologiyalardır: "nümayişçilər"in toplanması və fəaliyyətlərinin koordinasiyası üçün sosial şəbəkələrdən istifadə, sərtlik, irəli sürülən şüarların eyniliyi, sosial-iqtisadi tələblərdən qəflətən siyasi tələblərə keçilməsi. Bundan başqa, belə aksiyalar operativ olaraq Birləşmiş Ştatlar və Avropa İttifaqı tərəfindən dəstəklənir. Macarıstanda etiraz aksiyaları başlar-başlamaz Vaşinqton bu ölkənin baş nazirinə yaxın 6 nəfərin ABŞ ərazisinə girişini qadağan edib. Onların arasında internet istifadəçilərinə verginin tətbiqini nəzərdə tutan qanunun hazırlanmasında fəal iştirak etmiş Macarıstan Vergi Xidmətinin rəhbəri İldiko Vida da var.
 

Macarıstandakı etirazçılara Brüsseldən də birmənalı dəstək gəlib. Aİ-nin rəqabət məsələləri üzrə ali komissarı Niile Kroes hətta Macarıstanın daxili işlərinə birbaşa müdaxilə etməkdən belə, çəkinməyib. O, nəinki Budapeştdə keçirilən etiraz aksiyalarına dəstək verib, üstəlik, "hələ nümayişçilərə qatılmayanları da etirazlara qoşulmağa" çağırıb.
 

Qərbin Macarıstan hökumətini xoşlamamasının əsas səbəbi onun "korrupsiyaya qurşanmasıdır". Amma nədənsə Macarıstan baş nazirinin "korrupsiyaçı" və "tiran" olması indi yada düşüb. Halbuki Orban hökumətə artıq ikinci müddətə başçılıq edir və ikinci müddətin də 4 ili artıq arxada qalıb (Viktor Orban 1998-2002-ci illərdə baş nazir olub və ikinci dəfə bu posta 2010-cu ildə yiyələnib). Burada Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç yada düşür. ABŞ və Aİ onun da korrupsiyaner olduğunu yalnız Aİ ilə assosiativ üzvlüyə dair sazişi imzalamaqdan imtina etməsindən sonra "anlamışdılar". Belə çıxır ki, Qərbin əsassız "tiraniya" və "korrupsiyaçı" ittihamları bu və ya digər xoşa gəlməyən hökumətin devrilməsi üçün nümayişlərə siyasi, informasiya və maliyyə dəstəyinin verilməsi məqsədi güdən bəhanədir.
 

Bəs, Macarıstanın baş naziri Viktor Orban Vaşinqtonla Brüsseli nə ilə narazı salıb? Güman ki, buna bir sıra səbəblər var. Qərb üçün əsas səbəb Orban kabinetinin neoliberal atlantizm strategiyasına tabe olmaqdan imtinasıdır. Orban hökuməti Macarıstanda xarici şirkətlərin fəaliyyətinə məhdudiyyət qoyub, yeni liberal istiqamətləri istisna edən yeni Konstitusiyanı qəbul edib. Yalnız onu qeyd etmək kifayətdir ki, 5 övlad atası olan, tərbiyəli ailəcanlı şəxs kimi tanınmış Viktor Orban ölkəsində eyni cinsdən olanların nikahının leqallaşdırılmasına cəhdləri qəti şəkildə rədd edir.

Budapeştin bir sıra xarici siyasi addımları da Vaşinqtonla Brüsseldə narazılıq yaradır. Məsələn, Macarıstan Ukrayna məsələsində müstəqil siyasət yürütməyə çalışır. O, Kiyevə görə Moskva ilə münasibətlərini korlamaq istəmir. Bu mənada Macarıstanın Kiyevdəki səfiri postuna əvvəllər Moskvadakı diplomatik missiyaya başçılıq etmiş şəxsin göndərilməsi kifayət qədər nümunəvi addımdır. O, Macarıstanla Rusiya arasında münasibətlərin möhkəmləndirilməsinin qatı tərəfdarı sayılır.
 

Bundan başqa, Viktor Orban Aİ-nin Rusiyaya sanksiyalar tətbiq etməsini sərt şəkildə tənqid atəşinə tutub. O, hesab edir ki, bu sanksiyalar yalnız Rusiyanın yox, Aİ ölkələrinin də ziyanına olan mənasız addımdır. Baş nazir Brüsseldən Rusiya ilə əməkdaşlığın pozulması üzündən ziyan görən macar sahibkarlara kompensasiyaların ödənilməsini də tələb edib. Orban Avropadakı müttəfiqləri arasında Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə qarşı çıxacaq şəxslər tapmaq niyyətini də dilə gətirib və əlbəttə ki, bu da ABŞ və Aİ-ni qane edə bilməz.
 

Budapeştlə Moskvanın enerji sahəsindəki əməkdaşlığı ayrıca bir söhbətin mövzusudur. Macarıstan Rusiyanın "Qazprom" şirkətilə əməkdaşlığı genişləndirməyə, "Cənub axını" layihəsində iştiraka hazır olduğunu bəyan edib. "Qazprom" tərəfindən həyata keçirilən "Cənub axını" qaz kəməri magistralı Bolqarıstan, Macarıstan, Sloveniya, Serbiya və Avstriyanı qazla təmin etməyi nəzərdə tutur. Bu boru xəttilə qaz Ukraynadan yan keçməklə Qara dənizin dibi ilə nəql olunacaq.
 

Noyabrın əvvəlində Macarıstan parlamenti müvafiq qanun layihəsini təsdiqləyib. "Cənub axını" layihəsinin reallaşdırılmasını əngəlləməyə çalışan Avropa İttifaqı isə dərhal Budapeştdən bu qərarın ləğvini tələb edib. Macarıstan parlamentinin spikeri Laslo Kever bu tələbə cavab olaraq ölkəsinin Aİ-ni tərk edə biləcəyini açıqlayıb. Bütün bunlardan dərhal sonra Macarıstan küçələrini etiraz aksiyaları bürüyüb və bu nümayişlər fonunda Vaşinqtonla Brüssel ölkənin hazırkı rəhbərliyini tənqid atəşinə tutmağa başlayıb.
 

Macarıstanın baş naziri Birləşmiş Ştatlar tərəfindən üzləşdikləri təzyiqləri açıq şəkildə dilə gətirib. Viktor Orbanın sözlərinə görə, Vaşinqton Budapeştin mövqeyini "Rusiya ilə yaxınlaşma" saysa da, əslində, bu, belə deyil: "Macarıstan heç kimdən uzaqlaşmaq və kiminləsə yaxınlaşmaq istəmir. Bu, Rusiyanın yox, Macarıstanın maraqlarına cavab verən siyasətdir".

Baş nazir mövqeyini belə ifadə edib: ""Cənub axını" bizə Ukraynadakı vəziyyətlə əlaqədar risklərdən kənar qaz əldə etmək, yanacaq mənbələrimizi şaxələndirmək imkanı verəcək".
 

Bununla yanaşı, Qərbin narazılığının daha bir aspekti var - Budapeşt Moskva ilə Macarıstanın yeganə atom elektrik stansiyası olan "Pakş"ın tikintisinin başa çatdırılması haqqında razılıq əldə edib. Budapeştdə hesab edirlər ki, AES Rusiya texnologiyalarının tətbiqi ilə yaradıldığından, onun inşası yalnız Moskva ilə əməkdaşlıq halında başa çatdırıla bilər.
 

Amma Budapeştin bütün bu dəlilləri ABŞ və Aİ-nin mövqeyinin yumşalmasına kömək etməyib. Görünən odur ki, Orban hökumətinə təzyiqlər həddindən artıq güclüdür. Bu, onu bir sıra ilkin planından imtina etmək məcburiyyətində qoyub. Məsələn, Orbanın kabineti nümayişçilərin tələbləri qarşısında internet istifadəçilərinə verginin tətbiqi haqqında qanunu ləğv edib. ABŞ və Aİ üçün daha vacib olanı isə başqa məqamdır - Macarıstan rəhbərliyi bundan sonra Rusiyaya yeni sanksiyaların tətbiqinə mane olmayacağını bəyan edib. Bundan başqa, Budapeşt Ukraynaya nəqlini bu ilin sentyabrından saxladığı qazın cədvəl üzrə ixracını bərpa etmək niyyətindədir.
 

Macarların "Cənub axını" layihəsində iştirak niyyətisə qüvvədə qalır. Bunu Macarıstan prezidenti Yanoş Adera layihənin daha bir iştirakçısı olan Bolqarıstana səfəri zamanı da təsdiqləyib. O, Sofiyada verdiyi açıqlamasında deyib: "Avropaya təbii qazın təhlükəsiz şəkildə nəqli investorlar üçün proqnozlaşdırılan şərait yaradacaq, böhranlı hallarda milli iqtisadiyyatları xilas edəcək. Bu, həm Bolqarıstan, həm də Macarıstan üçün prioritetdir".

Bununla yanaşı, Macarıstan Avropaya enerji resurslarının tədarükündə marşrutların şaxələndirilməsinə sadiqliyini də bildirir. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfərinin nəticələri də təsdiqləyib. İlham Əliyev Budapeştin Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasında vacib tərəfdaş olacağına əminliyini dilə gətirib. Azərbaycan Prezidentinin sözlərinə görə, bu layihə "Avropanın enerji xəritəsini tamamilə dəyişəcək".

Səfər çərçivəsində Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə də imzalanıb. Sənəd Bakı ilə Budapeşt arasında ikitərəfli əməkdaşlığı gücləndirmək niyyətinə şübhə yeri qoymayıb. Üstəlik, İlham Əliyevin Macarıstana səfəri yalnız enerji kontekstində əlamətdar olmayıb. İki ölkə arasında tərəfdaşlıq onların arasındakı dostluq münasibətləri baxımından da dəyərlidir. Həm Azərbaycan, həm də Macarıstan öz maraqlarına cavab verən müstəqil siyasət yürütmək hüquqlarını prinsipial olaraq müdafiə edirlər.
 

Ümumilikdə, Macarıstanda baş verən son hadisələr göstərir ki, Aİ ümumavropa siyasətini ayrı-ayrı ölkələrin maraqları ilə uzlaşdırmaq kimi problemlə üz-üzədir. Yalnız Macarıstanın deyil, məsələn, Çexiya prezidenti Miloş Zemanın və Slovakiyanın baş naziri Robert Fisonun da müstəqil siyasət yürütmək cəhdləri Brüsselin ciddi müqavimətilə üzləşir. Brüssel bu işdə daim Avro-Atlantik məkanda mütləq liderlik nümayiş etdirən Vaşinqtonun dəstəyinə arxalanır. Bu amil özünü Şərqi və Mərkəzi Avropanın siyasi-iqtisadi baxımdan ən əhəmiyyətli ölkəsi olan Macarıstanda belə, "rəngli inqilab"ın reallaşdırılmasına göstərilən açıq cəhdlərdə də göstərir.

"Region Plyus"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.