Siyasət

“AXCP 3-4 söyüş söyənin əlində qalıb”

24 Oktyabr 2014 09:21
Baxış: 780
İslam Mahmudov: "Bu təşkilat nə qədər belə cılız, təhqir kampaniyaları ilə məşğul olacaqsa, elə yerində sayacaq"

Əli Kərimlinin sabiq müşaviri Şakir Abbaslıdan sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir stajlı üzvü partiyadan istefa verib. Təşkilatın Qubadlı şöbəsinin üzvü İslam Mahmudov mətbuata qısa açıqlamasında istefasının səbəblərini açıqlayıb.

Sabiq cəbhəçinin bəyanatında deyilir ki, o, 1989-cu ildən AXCP-nin üzvü olub. "Bu gün AXCP-nin rəhbərliyinə daxil olan bir çox şəxslərin cəmiyyətin müxtəlif təbəqələrinə qarşı uğursuz savaş açdıqlarını müşahidə edirəm. AXCP sədri bütün bu yersiz kampaniyalara göz yumursa, o zaman cəmiyyətdə şübhə yaranır ki, kampaniyanın başında şəxsən özü dayanır. Sanki bu partiya məğlubiyyətinin qısasını xalqdan almaq iddiasındadır. Azərbaycanda şərəfli siyasi keçmişi olan bir partiyanın bu cür çirkin kampaniyada yer almasına etiraz olaraq AXCP sıralarından çıxdığımı bəyan edirəm".

Bəyanatda daha sonra bildirilir: "Onu da əlavə etməyi borc bilirəm ki, kimsə mənim AXCP üzvü olmamağım barədə cəfəng iddiaya düşməyə cəhd etməsin. Bunun şahidi olan bütöv bir rayon şöbəsi var. Sonuncu prezident seçkisi zamanı bu partiyanı məntəqə seçki komissiyasında təmsil etmişəm. Bu addımımla bağlı tənqidləri sayğı ilə qarşılayacağam. Amma onu da deyim ki, hər hansı təhqir olacaqsa, bunu edənlərin hər biri beş qatını öz payına alacaq".

"Onlara da heç bir sözüm yoxdur; bir kəlmə deyirəm: Allah şəfa versin!"

AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirli facebook səhifəsində sabiq cəbhəçini aşağılayıb: "İslam Mahmudov adlı bir nəfər yazıb ki, AXCP Qubadlı rayon şöbəsinin üzvüyəm və partiyadan istefa verirəm. Təəssüf edirəm. Verirsən ver, kim sənə nə deyir ki. Amma partiya sıralarına gələndə heç belə hay-küylü gəlməmişdiniz. İndi isə bu partiyanın özəlliyi və gücünə bax ki, oradan çıxmaq necə də səsli-haraylıdır. Gedənə yaxşı yol deyərlər. Amma bil ki, sənin əvəzinə onlarla gənc Qubadlı şöbəsinə yeni üzv olub".

İstefasının konkret səbəbləri və partiya rəhbərliyinin son reaksiyaları barədə İ.Mahmudovun özü ilə danışdıq. Məlumat üçün deyək ki, sabiq cəbhəçinin istefasında qəzetimizə qarşı partiyada aparılan qaralama kampaniyası da mühüm rol oynayıb və o, açıq şəkildə buna etiraz edib. "Yeni Müsavat"a müsahibəsində Qubadlıda anadan olduğunu, orta məktəbi rayonda bitirdiyini bildirdi: "İndiki Pedaqoji Universitetin hərbi fakültəsinə qəbul olunsam da, sonradan təhsilimi yarımçıq saxladım, uzaqlaşdım. Sumqayıt Texnoloji Texnikomunu bitirmişəm. Hazırda da işsizəm".

- İslam bəy, AXCP funksionerləri sizin istefanızı təşkilat üçün itki saymırlar. Rafiq Daşdəmirli deyib ki, əvəzində Qubadlı təşkilatına onlarla gənc gəlib. Bu barədə nə deyə bilərsiniz?

- Mən bu fikirlərdən təəccüblənmirəm. Rafiq Daşdəmirli, yəqin ki, Cəbhənin köhnə üzvlərindəndir. Ancaq o, AXCP-dən gedənlərin siyahısını qarşısına qoysun və görsün kimlər gedib. Onda itkinin nə olduğunu anlaya bilərlər.

- Siz neçə illərdir AXCP sıralarında olduğunuz halda doğrudanmı partiyada tanınmayıbsınız?

- Mən hərəkat başlayandan meydanlardayam. Təbii ki, məni tanıyırlar, şəhərdə rastlaşanda bir-birimizə salam da veririk.

- Ali Məclisin üzvü olmusunuz?

- Yox, mən heç vaxt Ali Məclisin üzvü olmamışam, Qubadlı təşkilatında sıravi üzv kimi fəaliyyət göstərmişəm.

- Həm də Qarabağ döyüşlərinin iştirakçısınınız...

- Bəli. Hazırda 50 yaşım var. Mən özünümüdafiə dəstələrində döyüşmüşəm. 1990-cı ildən 1993-cü ilin axırına kimi cəbhədə olmuşam. 93-ün axırında da prezident fərmanı ilə könüllülər ordudan buraxıldı. Ancaq mən döyüşçü olmağım barədə danışmağı xoşlamıram. O qədər torpaq itirən adam özünə döyüşçü deməz. Onu da deyim ki, sıravi əsgər kimi cəbhəyə getmişəm, bölük komandiri kimi tərxis olunmuşam.

- Sizdən bir az əvvəl AXCP-dən istefa verən Şakir Abbaslı da keçmiş döyüşçülərdəndir. İstefa barədə qərarınızı müzakirə etməmişdiniz ki?

- Yox. Mən Şakir bəyi 20-25 il əvvəl görmüşəm. O vaxt cəbhədə görüşmüşdük. Elə də yaxın tanışlığımız yoxdur. Döyüşçü olaraq tanımışam, sonra da Cəbhə hakimiyyəti dövründə icra başçısı olub. İstefa verərkən heç kimlə məsləhətləşməmişəm. Döyüşçü olmağımıza gəldikdə, nə bilim vallah, köhnə cəbhəçilər hamısı "satqın", "xəyanətkar" çıxır.

- Şakir Abbaslı deyib ki, AXCP və rəhbərliyi kənardan idarə olunur...

- Orda normal insanlar çoxdur. Mənim partiyadan narazılığım yoxdur. Onlardan birinin statusunun altında yazdım ki, sovet hökumətinin zəncirlərini qıran, dörd ölkənin hərbi birləşməsi ilə üz-üzə dayanan AXCP görün nə hala düşüb, 3-4 söyüş söyənin əlində qalıb.

- Kimdir partiyanı idarə edən söyüşcüllər?

- Yox, ad çəkməyə ehtiyac yoxdur. Bir də ki, məlum məsələdir.

- Niyə partiya sədri onları dayandırmır?

- Nə bilim. Ya gücü çatmır, ya da ki...

- Məgər Əli Kərimli də sizin kimi illərini partiyaya vermiş adamları itki hesab etmir?

- Elə bilirəm, sədr o adamları bir az durdurdu. Sizin həmkarınız Azər Rəşidoğlunun məsələsində.

- Bundan sonra fəaliyyətiniz nədən ibarət olacaq?

- Yenə də həmin əqidəmdəyəm. Ancaq mövcud partiyaların heç birinə üzv olmadan fəaliyyət göstərəcəyəm.

- AXCP-nin gələcəyini necə görürsünüz?

- Təşkilat nə qədər ki, belə cılız, söyüş kampaniyaları ilə məşğul olacaqsa, elə yerində sayacaq.

- Cəbhə daxilində Müsavatla bağlı nə baş verir?

- Cılız söyüşmələr, başqa heç nə. Müsavat və AXCP elə bir təşkilatdır. Bütün cəbhəçilər müsavatçı, müsavatçılar cəbhəçidir. Mən köhnələrdən danışıram, təzələrdən yox. Bunların da davası hakimiyyətdən başqa heç kimə sərf eləmir.

- AXCP-də "Yeni Müsavat"a qarşı qəzəbin kökündə nə dayanır?

- Vallah, mən təkcə "Yeni Müsavat"ı demirəm, ümumiyyətlə, hər hansı bir partiyanın mətbuata qarşı savaş açması onun özünün məğlubiyyətindən başqa bir şey deyil.

- Bildiyimə görə sizin istefanızı sürətləndirən həm də "Yeni Müsavat"a qarşı müharibəyə etiraz etməyiniz olub.

- Bəli. Mən bu qəzetə, orada işləyənlərə böhtan atılmasına dözə bilməzdim. Normal insanın vicdanı bunu götürməz. Azər Rəşidoğlu kimi birisinə böhtan atmaq ən azından günahdır. Tənqidə dözməyənlər bu yola əl atır. Sevinmək əvəzinə ki, onları tənqid edən, qüsurları göstərən var, cılız kampaniyalar aparırlar. Bütün bu söhbətlərə görə mənim orda qalmağım mümkün olmadı.

- Rəhbərlikdən kimsə sizinlə əlaqə saxlayıb istefa fikrinizi dəyişməyə çalışmadı ki?

- Yox. Yenə də söyüş söyənlər oldu. Onlara da heç bir sözüm yoxdur. Bir kəlmə deyirəm: Allah şəfa versin!

musavat.com

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.