Siyasət

Azərbaycan və Moldova arasında memorandum imzalandı

23 Oktyabr 2014 20:00
Baxış: 1 178
Bu gün Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Moldovanın Maliyyə Bazarları üzrə Milli Komissiyasının sədr müavini Nina Doskanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Milli.Az xəbər verir ki, Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, nümayəndə heyətini salamlayan QKDK-nın sədr müavini İlqar Muradov Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etməsinin və iqtisadi əlaqələrin durmadan genişlənməsinin hər iki ölkə üçün qarşılıqlı fayda doğurduğunu bildirib.

İ.Muradov Azərbaycan və Moldovanın kapital bazarları institutları arasında birgə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün geniş potensialın mövcud olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb. Sədr müavini tərəflərin Anlaşma Memorandumu ilə müəyyən edilmiş yardım və məlumat mübadiləsinə dair öhdəliklərinin gələcəkdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə zəmin yaradacağına əminliyini ifadə edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Moldova Maliyyə Bazarları üzrə Milli Komissiyasının sədr müavini N.Doska Anlaşma Memorandumunun imzalanmasının tərəflər arasında qiymətli kağızlar bazarı üzrə tənzimləyici bazanın inkişafının stimullaşdırılması və ikitərəfli təcrübə mübadiləsinin genişləndirilməsində və qiymətli kağızlar bazarlarına dair əməkdaşlığın gələcək inkişafında mühüm rol oynayacağını bildirib.

Sonra QKDK və Moldova Maliyyə Bazarları üzrə Milli Komissiyası arasında qiymətli kağızlar bazarları sahəsində əməkdaşlıq və məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Moldova tərəfdən Maliyyə Bazarı üzrə Milli Komissiyanın sədri N.Doska Azərbaycan tərəfdən isə QKDK sədrinin müavini İlqar Muradov imzalayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.