Siyasət

Deputat: "İnsan hüquqları üzrə işçi qrupunun bərpası Azərbaycanı haqsız ittiham edən beynəlxalq təşkilatlara tutarlı cavabdır"

23 Oktyabr 2014 18:03
Baxış: 456
"İnsan hüquqları üzrə işçi qrupunun fəaliyyətinin bərpa edilməsi Azərbaycan dövlətinin siyasi iradəsindən irəli gəlir və vətəndaş cəmiyyətinə verdiyi önəmdir".

Bu barədə Trend-ə millət vəkili Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı vurğulayıb ki, bu, eyni zamanda, bu istiqamətdə dövlət strategiyasının bir tərkib hissəsidir: "Ümumiyyətlə, Azərbaycan hökuməti ilə vətəndaş cəmiyyəti arasında dialoq qurulması Azərbaycan üçün yeni bir məsələ deyil. 1993-cü ildən bu günə qədər tarixi xronologiyaya baxsaq, görərik ki, bu sahədə dövlətin çox ciddi siyasi iradəsi var və bu özünü həyata keçirilən müxtəlif tədbirlərdə, layihələrdə və proqramlarda da aydın şəkildə göstərib".

Müxtəlif beynəlxalq təşkilatların Azərbaycana qarşı haqsız və qərəzli ittihamlar irəli sürdüyünü vurğulayan millət vəkili işçi qrupunun fəaliyyətinin bərpa edilməsinin həmin təşkilatlara tutarlı bir cavab olduğunu diqqətə çatdırıb: "Artıq biz Azərbaycanda bütün hüquqi məsələləri daxildə müzakirə etmək üçün çox gözəl bir platforma yaratmışıq. Artıq bundan sonra insan hüquqları və məhbuslarla bağlı məsələlərin həlli ölkədən kənarda deyil, hər hansı bir beynəlxalq qurumun istəyinə və gündəliyinə uyğun deyil, məhz ölkənin daxilində öz həllini tapacaq".

Bir neçə gün öncə Milli Məclislə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasını xatırladan M.İbrahimqızı bunun Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna verilən böyük əhəmiyyət kimi dəyərləndirib.

Xatırladaq ki, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.