Siyasət

"Quş" qoymaq xatirinə meydana

23 Oktyabr 2014 13:15
Baxış: 1 285

 Milli Şura növbəti dəfə biabırçılığa hazırlaşır.

Siyasi bir təşkilatın biabırçılığa hazırlaşması barədə xəbər başlığı, bəlkə də başqa ölkədə qəribə görünərdi. Ancaq söhbət Azərbaycanın radikal müxalifətindən gedirsə, şübhələrin hamısı kənarda qalır.

Nüvəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) olan Milli Şura 12 oktyabr uğursuzluğundan sonra növbəti mitinqə hazırlaşdığını bəyan edib. Həmin gün "Siyasi məhbuslara" azadlıq tələb edərək meydana çıxan cəbhəçilərin arxasınca gələn insanların sayı heç min nəfəri də ötməmişdi. Azərbaycan vətəndaşları radikal müxalifətçilərin və onların xarici havadarlarının uydurduqları "siyasi məhbus" mifinə artıq inanmadıqlarını mitinq çağırışlarını iqnor etməklə göstərmişdilər. Meydanda iki cüt-bir tək Milli Şura üzvü ilə cəbhəçilər yenidən meydanı boş qoymuşdular. Bəs bütün bu uğursuzluqları görməzdən gəlmək müxaliflərin nəyinə gərəkdir?

Belə bir məqamda Əli Kərimlinin "mitinq sevdasını" bir neçə əsasla izah etmək olar.

Birincisi, Əli Kərimlinin radikal müxalifətdə əsas rəqibi sayılan İsa Qəmbərin partiya rəhbərliyindən getməsi ilə əlaqədar ola bilər. Məlum olduğu kimi, Müsavatın qurultayında Arif Hacılının başqan seçilməsi partiyada ikitirəlik yaradıb. Hələ də A.Hacılının əsas rəqibi Qubad İbadoğlu və onun tərəfdarları seçkilərin nəticələrini şübhə altına alırlar. Partiyadakı "kürsü davası" mətbuatda da geniş müzakirə olunub. Bu cür qarşıdurmalardan təngə gələn bir neçə rayon təşkilatının üzvləri partiyanı tərk etdiklərini bəyan ediblər. Anlayacağınız qədər, Müsavat bir partiya olaraq parçalanmaq və radikal müxalifətdəki nüfuzunu itirmək üzrədir.

Belə bir məqamda Əli Kərimli tərəfdarları təşəbbüsü ələ alaraq, meydanda yalnız özlərinin olduğunu göstərməyə çalışırlar. Ən azından belə bir görüntü yaratmaq istəyirlər.

Digər səbəb isə AXCP rəhbərinin xarici havadarları qarşısında hesabat vermək istəyi ilə bağlıdır. Müxtəlif səviyyələrdə dəfərərlə AXCP-nin xarici maliyyə institutları ilə bağlılığı bəyan edilib. Xaricdən gələn və burada xərclənən pulları mühasibatlıq termini ilə desək, "silmək" tələb olunur. İndiki halda həmin pulların silinməsi üçün ən uyğun variant fəaliyyət görüntüsü yaratmaqdır. Əli Kərimli aksiya keçirməklə xarici havadarları qarşısında hesabat verməyə çalışır. Bundan əlavə, AXCP siyasi partiya kimi fəaliyyət göstərdiyini sübuta yetirmək üçün belə bir aksiya keçirir. Aksiyaya min nəfərin, yoxsa on nəfərin gələcəyi, bəlkə də onlar üçün o qədər də əhəmiyyətli deyil. Əsas olan fəaliyyət göstərdikləri ilə bağlı hesabat kitabçalarında el dili ilə desək, "quş qoymaqdır".

İllərin təcrübəsi göstərir ki, radikal müxalifət keçirdiyi hər aksiyadan sonra bir az da zəifləyir. İctimai dayaqlarını və protest elektoratının etimadını itirir. Bəs zəiflədiyini bilə-bilə siyasi baxışlarda dəyişiklik etmədən hər dəfə eyni hərəkəti təkrarlamaq nəyə gərəkdir? Görünən odur ki, AXCP funksionerləri bir zamanlar qüdrətli olan AXC-ni aciz hala salmaqla kifayətlənməyiblər. Yerdə qalan tək-tük tərəfdarlarını da tam ümidsiz hala salmaq niyyətindədirlər.

Teymur Hacıyev

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.