Siyasət

Gənclər müxalifətdən üz çevirirlər

22 Oktyabr 2014 18:06
Baxış: 662

Səbəb müxalifət liderlərinin düşərgəyə toplaşanların ümidlərini puç etmələridir

Bir neçə gündür ictimai-siyasi proseslərdə gənclərin rolunu ifadə edən hadisələr baş verməkdədir. Hazırda həbsdə olan siyasi cəhətdən aktiv hesab edilən gənclər bir-birinin ardınca istefa bəyanatları verir, ölkə prezidentindən əfv diləyir, səhv yolda olduqlarını anladıqlarını vurğulayırlar. Onlardan ən sonuncu hazırda istintaq təcridxanasında saxlanılan NİDA Vətəndaş Hərəkatının üzvü Ömər Məmmədov prezident İlham Əliyevə müraciət edib. O, gələcəkdə respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmaq arzusunda olduğunu və VHP sıralarını tərk etdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl də NİDA Vətəndaş Hərəkatının Bakı İstintaq Təcridxanasında saxlanılan üzvləri Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə prezidentə təxminən eyni məzmunlu müraciət ediblər.

Prezidentin son əfv sərəncamı ilə azadlığa buraxılan NİDA vətəndaş hərəkatının 3 təmsilçisinin verdikləri açıqlamalar da eyni məzmundadır. Ümumiyyətlə, son günlər əvvəllər müxalifət düşərgəsində təmsil olunan fəal gənclər siyasi seçimlərini edərkən yanlışlığa yol verdiklərini anlayır, gələcəkdə daha diqqətli olacaqlarını diqqətə çatdırmağa çalışırlar.

Paralel olaraq Müsavat Partiyasında da gənclərlə bağlı maraqlı proseslər yaşanmaqdadır. Bu partiyada gəncliyin təmsilçisi olan Tural Abbaslı təşkilatın sentyabrın 29-da keçirilən qurultayında sözün əsl mənasında sındırılıb. Qurultay iştirakçılarından cəmi 19 nəfərinin səsini qazanan T.Abbaslı partiya Məclisinə də seçilə bilməyib. Üstəlik, onun tərəfdarları hesab olunan gənc partiya üzvlərindən də heç biri Məclis seçkilərində uğur qazana bilməyib.

Partiyada baş verənlərə etiraz olaraq oktyabrın 12-də partiyanın Gənclər təşkilatının sədri Əhliman Abbas və təşkilatın rəhbərliyində təmsil olunan 10-dan çox gənc istefa verib.
Bütün bunlar ümumilikdə siyasi fəal gənclərin müxalifət düşərgəsindən üz döndərməsinin göstəricisi kimi qeyd edilə bilər. Diqqət yetirsək görərik ki, Milli Şuranın son aksiyasında da gənclər demək olar ki, təmsil olunmurdu. Əgər prezident seçkilərindən əvvəl təşkil olunan aksiyalarda gənclər ayrıca bir güc kimi diqqəti cəlb edirdilərsə, 12 oktyabr mitinqində buna rast gəlinmədi. Aksiyada iştirak edən gənclər əsasən müxalifətçilərin öz uşaqları və qohum-əqrəbaları idi.

Əslində, gənclərin müxalifət düşərgəsindən uzaq düşməsi səbəbsiz deyildir. Müxalifət liderləri uzun illərdir bunun üçün kifayət qədər əsaslar "formalaşdırıblar". Böyük ümidlərlə, romantik hisslərlə siyasətə qatılan, müxalifət düşərgəsinə gəlib çıxan gənclər bir müddət keçəndən sonra əsl reallıqları görməyə başlayırlar. Məlum olur ki, müxalifət liderləri uzun illərdir rəhbərlik etdikləri partiyaları şəxsi obyektlərinə çevriliblər. Onlar gənclərdən yalnız alət kimi, mitinqlərdə, piketlərdə, güc göstərilməsi lazım olan tədbirlərdə istifadə edir, partiya idarəçiliyində isə onları yaxın buraxmaq belə istəmirlər. Ölkədə demokratiya uğrunda mübarizə apardıqlarını bəyan etsələr də, öz təşkilatlarında daxili demokratiyanın təmini üçün heç nə etmirlər. Əksinə buna cəhd göstərənləri cəzalandırırlar. Məsələn, bir müddət öncə Müsavat Partiyasında Gənclər təşkilatına demokratik yolla keçirilən sədr seçkilərinin nəticəsi rəhbərliyin mənafeyinə uyğun gəlmədiyindən ləğv edildi. Hətta buna etiraz edən xeyli sayda gənc partiya sıralarından qovuldu. Bunun nəticəsi budur ki, bu gün təşkilatın sədri postundan istefa verən Əhliman Abbasın yerini tutmaq üçün heç bir rəqabət yaşanmır. Müsavatın Gənclər təşkilatının sədri olmaq üçün müraciət edən yeganə iddialı şəxs şəkilləri sosial şəbəkələrdə kinayəli və ironiyalı müzakirələrə səbəb olan Səma Qabulovadır.

AXCP-də gənclər komitəsinin rəhbəri isə ümumiyyətlə, seçilmir. Partiya nizamnaməsinə görə komitə sədri Əli Kərimli tərəfindən təyin edilir. Müxalifətin bu iki siyasi qurumunda gənclərin hansısa posta simvolik də olsa irəli çəkilməsi, hansısa ciddi bir mövzu ilə bağlı onların da rəyinin nəzərə alınması da müşahidə edilmir. Nəticədə illər keçdikcə gənclər müxalifət liderlərinin onlardan alət kimi istifadə etdiklərini dərk etməyə başlayırlar.

Hələ prezident seçkiləri ərəfəsində biz qeyd etmişdik ki, müxalifət liderləri bu düşərgədə toplanmış gənclərin ümidlərini puç etməkdədir. O vaxt müxalifət düşərgəsi Milli Şuranın yaradılması ilə bu düşərgədəki abı-havanın müsbətə doğru dəyişdiyi, guya çoxdan gözlənilən bir hadisənin baş verdiyini iddia edirdi. O vaxt illərdir müxalifətin vahid namizədi olmaq üçün bir-biri ilə ölüm-dirim savaşına çıxan Əli Kəirmli və İsa Qəmbər demokratik düşərgəyə heç bir aidiyyəti olmayan Rüstəm İbrahimbəyovun ətrafında biri araya gəlməyə razı oldular. Özlərini demokratik qüvvələri kimi qələmə verən müxalifətin lider kimi Rüstəm İbrahimbəyovu seçməsindən sonra düşərgədəki gənclər arasında ciddi ruh düşkünlüyü yaşandı. Rüstəm İbrahimbəyovun vahid namizəd seçilməsi müxalifət düşərgəsindəki gənclə arasında böyük pessimizm meyilləri yaratdı.

Halbuki 2013-cü il başlayandan müxalif gənclər çox fəal idilər. Onlar sosial şəbəkələrdə xüsusi fəallıq nümayiş etdirir, müxtəlif kütləvi aksiyaların təşkilatçıları, ideyavericisi kimi çıxış edirdilər. Həmin ərəfədə baş verən əsgər ölümləri isə bir növ onların əlinə fürsət salmışdı. Bu fəallıqda ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycanın nümayəndəliyinin ayırdığı qrantlar də stimullaşdırıcı rol oynayırdı. Bu fəallıq və aksiyalarla müxalif gənclər siyasi proseslərə maraq göstərməyən gəncləri öz tərəflərinə çəkməyi, seçkiyə daha böyük qüvvə ilə getməyi hədəfləyirdilər. Amma Milli Şuranın yaranması ideyasının gündəmə gəlməsi, heç kimin siyasətçi kimi tanımadığı Rüstəm İbrahimbəyovun həm bu şuranın sədri seçilməsi, həm də vahid namizədi elan olunması proseslərin inkişaf istiqamətini dəyişmiş oldu. İlin əvvəlindən başlayan proseslər sanki tormozlandı. İstər istəməz gənclərdə belə bir sual yarandı: Biz niyə heç bir siyasi keçmişi olmayan, köhnə fikirli, 74 yaşlı bir rejissorun uğrunda vuruşmalıyıq? Təsadüfü deyil ki, sonrakı dövrdə müxalif ruhlu gənclərin əksəriyyəti Rüstəm İbraihmbəyovun demokratik qüvvələrin vahid namizədi seçilməsini qəbul edə bilmədilər. Müxalif gənclər açıq şəkildə öz narazılıqlarını ifadə edir, qəbul edilən qərardan narazı qaldıqlarını ifadə edirdilər. Bəziləri isə öz etirazlarını susmaqla, proseslərə etinasızlıq göstərməklə nümayiş etdirirdilər.

Baş verənlər həm də onu göstərir ki, müxalifət düşərgəsindəki gənclər ölkədəki siyasi gerçəklikləri öz liderlərindən yaxşı dərk edirlər. Elə buna görə də müxalifət sıralarında təmsil olunan gənclər sürətlə oradan uzaqlaşırlar.

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.