Siyasət

"Müxalifətin sadə insanlara təsir imkanları yoxdur"

21 Oktyabr 2014 17:41
Baxış: 659

Zəlimxan Məmmədli: "İsa Qəmbərin başqanlıqdan getməsi bəzi müsavatçılar tərəfindən fəlakət kimi dəyərləndirilir"

Müsavatın son qurultayından sonra partiyada gərginlik hökm sürməkdədir. Başqanlığa keçmiş namizədlər Səxavət Əlisoy və Qubad İbadoğlu seçkilərdə kütləvi saxtakarlıqlara yol verildiyini iddia edərək, yeni başqan Arif Hacılının legitimliyini şübhə altına alırlar. Səsləndirilən faktların araşdırılmaması, qarşılıqlı ittihamlar isə partiya üzvlərinin bir-birinin ardınca istefa verməsi ilə nəticələnməkdədir. Təkcə son bir neçə gün ərzində partiyanın bütünlüklə Tovuz rayon təşkilatı, 10-dan artıq gənc, o cümlədən gənc jurnalist Samir Kazımlı, gənclər təşkilatının sədri Əhliman Abbas, həmçinin AXC hakimiyyəti dövründə kənd təsərrüfatı naziri işləmiş Tofiq Hüseynli ("Qara Tofiq") istefa veriblər. Müsavatdakı son proseslər, kütləvi istefalara aqressiv münasibət, Milli Şuranın 12 oktyabr mitinqi və digər məsələlərlə bağlı "Kaspi"nin suallarını KXCP Ali Məclisinin sabiq sədri Zəlimxan Məmmədli cavablandırır.

- Zəlimxan bəy, Müsavatın qurultayından sonra bu partiya daxilində cərəyan edən hadisələr cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Siyasətçi kimi sizin baş verənlərə münasibətiniz necədir?

- Müxalifət hələlik eyni əldədir. Bunun özü mahiyyət etibarilə şəxslərin ilahiləşdirilməsinə gətirib çıxarır. İnsanlar ideologiyanı yaddan çıxarırlar, ideoloji mübarizə mühiti olmur, fərdlər və onların ambisiyaları daha çox qabardılır. Nəticədə onların hikkələri ilə Azərbaycan siyasəti məşğul olur. Bu onu göstərir ki, hələ də bizdə fundamental mübarizə ənənəsi yoxdur. Fikir verin, müxalifət partiyalarındakı bütün sədrlər demək olar ki, dəyişməyib. Gözümüzü açandan, müxalif siyasi partiyalar qurulandan bəzi şəxslər bu təşkilatların sədrləridirlər. Üstündən 20-25 il zaman keçib, həmin sədrlər yenə də eyni partiyaların başqanlarıdırlar. Bunun da nəticəsində daxildə rəqabət mühiti zəifləyir. Yeni siyasi təfəkkürün ortaya gəlməsi, müxalif düşüncənin, alternativlərin yaranması qeyri-mümkün olur, siyasi diskussiyalar səngiyir, hamı bir adamın ağzına baxır. Həmin adam nə deyirsə, son söz o olur. Təbii ki, bu, demokratiya ilə daban-dabana ziddir. Belə mühitdə avtoritarizm yaranır, insanlar siyasi partiyalarda mövcudluqlarını fərdin mövcudluğu ilə müəyyən edirlər. Çox qorxulu tendensiyadır bu. Hazırda onun ağrılarını yaşamaqdayıq. Mənim yaxşı yadımdadır ki, Əbülfəz Elçibəyin vəfatından sonra öz partiyamızda sədrlik uğrunda iddia ortaya qoymuşdum. Buna görə bəzi partiya yoldaşlarım tərəfindən az qala daş-qalaq olunurdum. Onlar mənim belə bir iddiada olmağımı düzgün saymırdılar. Halbuki burada qeyri- demokratik, anormal heç nə yox idi. Odur ki, bizim fərdlərin hikkələri, iddiaları siyasətdə toqquşaraq qəza vəziyyəti, tıxac yaradır. Təfəkkür yenilənmir, yerində sayma baş verir. İsa Qəmbər də uzun müddət Müsavat Partiyasının başqanı olub. Bu da yeniliyə şərait yaratmayıb, siyasi varislik ənənələrini formalaşdırmayıb. Ona görə də hazırda İsa Qəmbərin başqanlıqdan getməsi bəzi müsavatçılar tərəfindən fəlakət kimi dəyərləndirilir. Gözlər yeni sədr Arif Hacılıya alışa bilmir. Bir qrup müsavatçı isə təvazökarlıqdan çıxış edərək, liberal düşüncə ilə ideologiyaya sadiqliklərini nümayiş etdirirlər. Təməlli uzun illər bundan qabaq qoyulan xətaların nəticəsi olaraq, hazırda Müsavat Partiyasında bu iki cəbhənin mübarizəsi gedir. Hətta bu mübarizə açıq müstəvidə təhdidlərə, təhqirlərə də yol açır. Bu baxımdan, ən ağrılı vəziyyəti Müsavat yaşayır. Qurultay partiyanın mütləq ali məclisidir. Xoşun gəldi-gəlmədi, burada qəbul olunan qərarlar hər kəs tərəfindən icra olunmalıdır. Görünür, bir qədər əvvəl dediyim səbəblər artıq qurultayın nəticələrini də şübhə altına almağa və partiyanın içərisində daha destruktiv ənənənin əsasını qoymağa gətirib çıxarıb. Bu prosesi demokratiya ilə əlaqələndirənlər də ola bilər. Amma, məncə bu, bir balaca vəziyyətdən çıxmağa hesablanmış addımdır. Bunun demokratiyaya heç bir aidiyyəti yoxdur. Digər müxalifət partiyalarında da sədrin dəyişəcəyi zamanda eyni hadisələrin yaşanacağını indidən proqnozlaşdırmaq olar.

- Qurultaydan sonra narazılıqların yaşanması Müsavatdan kütləvi istefalarla müşayiət olunmaqdadır. Artıq Tovuz rayon təşkilatı üzvlərinin, gənclər təşkilatı sədrinin, bir neçə tanınmış müsavatçının, həmçinin 10-a yaxın gəncin partiyadan istefa verməsi barədə xəbərlər var. Yeni başqan A.Hacılı bu istefalara münasibət bildirərkən, partiyadan gedənləri Rəsulzadə-Elçibəy yoluna xəyanət edənlər adlandırıb. Belə mövqe nə dərəcədə düzgündür?

- Mən düşünürəm ki, bu, yanlış yanaşmadır. Bu, bir kultun o yeri dolduracaq gücdə olmamasının təzahürüdür. Yəni, kult yoxdur. İndi həmin kultu hazırlamaq lazımdır. Siyasi partiya quruculuğunun, xüsusən də sədrin kultunu hazırlamaq bütün dünyada normal bir hadisədir. Ola bilər ki, Arif Hacılının müəyyən keyfiyyətləri, hansısa aqressiv mövqeyi İsa Qəmbərin daha liberal davranışı ilə üst-üstə düşmür. Bununla yanaşı, qruplar, qruplaşmalar var partiya daxilində. İndi də həmin qruplar arasında savaş gedir. Müsavatçılığın təməl prinsipində dözümlülük də əsas prinsiplərdən biridir. Bu prinsipi aparıcı eləmək üçün, görünür hazırkı mərhələ arxada qoyulmalıdır. Dözümlülük prinsipi aparıcı olmalıdır. Çünki yeni sədr artıq İcra Aparatının rəhbəri Arif Hacılı deyil, Müsavat Partiyasının başqanıdır. Onun hər bir sözü ölçülüb-biçilməli, Müsavatın təməl prinsiplərinə, ideologiyanın təməllərinə uyğun olmalı, daha çox barış, uzlaşma, dözüm nümayiş etdirməlidir. Ümumiyyətlə, milli-demokratik düşərgədə parçalanmaların əleyhinəyəm. Amma bizim istəyimizdən asılı olmayaraq, istefalar da qaçılmazdır. Müsavatdan istefa verənlərə gəlincə, onlar partiyadan getsələr də siyasətdən getməyəcəklər. Elə bir proses yaşanmalıdır ki, gələcəkdə Müsavat Partiyasının onlarla əməkdaşlığı üçün də əsaslar olsun. Ən ağrılı məqam isə budur ki, vaxtilə Əbülfəz Elçibəy komandasında mühüm postlarda olan insanlar bu gün ayrı-ayrı siyasi partiya və təşkilatlara rəhbərlik etsələr də, böyük bir hissəsi bir-biri ilə siyasi düşmənçilik münasibətlərindədirlər.

- Müsavatda başqan seçkilərinin üstündən heç bir ay keçməmiş partiyanın növbədənkənar, fövqəladə qurultayının keçirilməsi barədə fikirlər də səsləndirilməkdədir. Buna münasibətiniz necədir?


- Az-çox siyasi təcrübəsi olan bir şəxs kimi bunu doğru hesab etmirəm. Çünki növbədənkənar qurultay Müsavat Partiyası üçün daha ağır fəsadlarla yadda qala bilər. Təsəvvür edin ki, yenidən qurultay keçirildi və bu dəfə Arif Hacılı uduzdu. Bundan sonra Müsavatda daha ağır hadisələr yaşanacağına əminəm. Ona görə də mən daha dözümlü davranışın və bu mərhələnin növbəti qurultaya qədər davam etdirilməsinin tərəfdarıyam.

- Oktyabrın 12-də Milli Şura növbəti icazəli mitinqini keçirdi. Bir neçə siyasi partiya və təşkilatın cəmləşdiyi qurum tərəfindən təşkil edilən bu mitinq nə dərəcədə effektli idi?

- Sosial şəbəkələrin olduğu bir mühitdə yaşayırıq. Əvvəllər hər hansı fikrin hansısa mətbuat orqanında getməsi üçün "dəridən-qabıqdan çıxmaq" lazım gəlirdi. Amma indi cəmiyyətlə təmas imkanları kifayət qədər genişdir. Sadəcə, sosial şəbəkələrin imkanlarını bəzi insanlarımız dəyərləndirə bilmirlər. Milli Şuranın son mitinqinə gəlincə, bu, bir növ öz yaxın düşərgəsinə güc nümayiş etdirməyə hesablanmışdı. Yəni, "sən olmasan da mən ola bilərəm" - mesajı verilirdi. Əgər onlar siyasi məhbus məsələsini gündəmə gətirmək istəyirdilərsə, düşünürəm ki, bunun üçün mitinq ən axırıncı vasitə idi. Az sayda insanın iştirakı ilə piketlər, aidiyyəti qurumlara müraciətlər də ünvanlana bilərdi. Bunun effekti daha çox ola bilərdi. Əgər hər hansı mitinqin ardıcıllığı, son hədəfi olmayacaqsa, insanlarda məyusluq yaranacaq. Milli Şuranın mitinqi sıradan bir mitinq idi. Normal şəkildə buna icazə verildi, onlar da yığıldılar sözlərini deyib dağıldılar, vəssalam. Yəni, bu mitinq bir-birinə hərbə-zorba gəlmək, müxalifətdəki yaxın çevrədən özünü daha güclü göstərmək üçün təşkil edilmişdi. Bu mitinq ardıcıllığı, effektivliyi, proqramı olmayan, perspektivi görünməyən aksiya idi.

- Müxalifət funksionerləri, xüsusən də radikal liderlər hər dəfə aksiya öncəsi bəyan edirlər ki, mitinqə on minlərlə insan gələcək. Lakin hər dəfə biz mitinqdə min nəfərə qədər adamın ancaq toplandığının şahidi oluruq. Sizcə, nə üçün müxalifət xalqın dəstəyini qazana bilmir?

- Bizim siyasi partiyalar mitinqlərə hazırlaşanda adətən öz üzvlərini səfərbər edirlər. Müxalifətin partiya üzvlərindən kənara, sadə insanlara təsir imkanları yoxdur. Onlar hər hansı problemi olan, sadə insanların qapısını döymürlər. Yalnız seçkidən-seçkiyə qapı-qapı düşüb imza toplayır, seçki kampaniyası qururlar. Təbii ki, bu da müxalifət üçün uğurlu nəticə əldə etməyə imkan vermir. Hər hansı problemi, narazılığı olan kütlə ilə işləmədən, onları aksiyalarda görmək qeyri-mümkündür. Belə insanlar heç vaxt icazəli-icazəsiz aksiyalara qatılmayacaq, orada edilən çıxışlara qulaq asmayacaqlar. İnsanlar ifrat qütbləşmədən beziblər. Onlar uzlaşmanın tərəfdarıdırlar, sadəcə sosial problemlərinin həllini, qanunların aliliyini istəyirlər. Müxalifət partiyaları isə bunu reallaşdıra bilmədiklərindən insanların etibarını itiriblər. Ona görə də təşkil edilən mitinqlərdə ancaq aksiyanı təşkil edən partiyanın üzvləri olurlar. Bu, güc nümayişi baxımından da kifayət qədər uğursuz addımdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.