Siyasət

Əli Həsənov ATƏT-in Bakı layihə əlaqələndiricisi ilə görüşüb

20 Oktyabr 2014 20:27
Baxış: 570
Baş nazirin müavini Əli Həsənov ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Azərbaycanda bu vəzifəyə təyinat aldıqdan sonra ilk dəfə görüşə gəldiyinə və ATƏT tərəfindən ölkəmizdə müxtəlif dövlət təşkilatları ilə birlikdə həyata keçirilən layihələrə görə qonağa təşəkkürünü bildirən Baş nazirin müavini bunu adıçəkilən təşkilatla Azərbaycan hökuməti arasındakı əməkdaşlıq əlaqələrinin yaxşı səviyyədə qurulmasının nümunəsi kimi dəyərləndirib.

Ə.Həsənov diplomata Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Bildirilib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar.
 

Gorüşdə Ə.Həsənov, eyni zamanda, bu münaqişə nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın problemləri, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq onlara göstərilən hərtərəfli dövlət qayğısı barədə də məlumat verərək bildirib ki, bu təbəqədən olan soydaşlarımızın sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqəsdilə ötən müddət ərzində respublikamızın müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə 86 müasir qəsəbə salınıb, 42 min ailə - 210 mindən çox soydaşımız bu qəsəbələrə köçürülüb. Hazırda bu sahədə işlər davam etdirilir.
 

Baş nazirin müavini və Aleksis Şahtaxtinski Azərbaycan hökuməti ilə ATƏT-in Bakı layihə əlaqələndiricisi arasında gələcək layihələrin icrasına dair fikir mübadiləsi aparıblar. Bununla yanaşı, narkotiklərlə mübarizənin intensivləşdirilməsi ilə əlaqədar digər görüşlərin də keçirilməsi nəzərdə tutulur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.