Siyasət

Daşkəsən rayonuna 2 milyon manat ayrıldı

20 Oktyabr 2014 19:19
Baxış: 489

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları ölkənin bütün bölgələrində olduğu kimi Daşkəsən rayonunda da uğurla həyata keçirilir. Son illərdə rayonda bir sıra infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Mərkəzi Rayon Xəstəxanası, Gənclərin Təlim və İstirahət Mərkəzi, Avtovağzal Kompleksi, əlil, şəhid ailələri və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinləri üçün ümumilikdə 80 mənzilli 5 yaşayış binası, 13 ümumtəhsil məktəbi və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilmiş, Bayraq Meydanı yaradılmış, "Daşkəsən Filizsaflaşdırma" kombinatının fəaliyyəti bərpa olunmuş, avtomobil yolları çəkilmiş, geniş abadlıq-quruculuq işləri aparılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Daşkəsən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.