Siyasət

"Parlamentlərarası əməkdaşlığın gücləndirilməsi dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcək" - FOTO

19 Oktyabr 2014 21:28
Baxış: 940
Albaniya Respublikası Parlamentinin sədri İlir Metan oktyabrın 19-da Azərbaycana rəsmi səfərə gəlib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya parlamentinin sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

İ.Metan Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibəsində deyib: "Bu mənim Albaniya parlamentinin sədri kimi Azərbaycana ilk rəsmi səfərimdir. Səfər Albaniyanın Azərbaycan ilə əlaqələrinin itensivləşməsinə verdiyi böyük əhəmiyyətin göstəricisidir. Çünki Azərbaycan Albaniyanın gələcək inkişafı baxımından mühüm rol oynayan strateji tərəfdaşdır".

"Trans-Adriatik Pipeline" (TAP) boru kəməri layihəsinin əhəmiyyətini vurğulayan İ.Metan bildirib ki, bu kəmər Albaniyanın ərazisindən keçərək Avropaya doğru çəkiləcək. TAP layihəsi Albaniya ilə Azərbaycanı birləşdirən yeganə layihə deyil. Azərbaycan şirkətləri Albaniyada enerji, infrastruktur və turizm sahələrinə sərmayə qoyurlar. Bu da bizim iqtisadi əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğuna dəlalət edir.

Tirana Politexnik Universiteti ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak edəcəyini bildirən Albaniya parlamentinin sədri vurğulayıb ki, iki ölkənin əməkdaşlığı baxımından təhsil çox perspektivli sahədir.

İ.Metan iki ölkənin parlamentləri arasında əməkdaşlığın gücləndirilməsinin dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib.

Səfər çərçivəsində Albaniya parlamentinin sədri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edəcək və bir sıra görüşlər keçirəcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Foto: AzərTAc

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.