Siyasət

Fuad Axundov: "Moskvada azad edilmiş Kreml günü-gündən gözəlləşir, "azad edilmiş" İrəvan qalası isə yalnız şəkillərdə mövcuddur"

1 Oktyabr 2014 17:45
Baxış: 1 349
Oktyabrın 1-də (Yuliyan təqvimi ilə) Ermənistanda İrəvan qalasının 187 il əvvəl rus hərbçilərindən azad edilməsi günü kimi qeyd olunur. Əslində, bu təqvim adıçəkilən qədim Azərbaycan şəhərinin, bu tarixi mərkəzin tamamilə məhvinə gətirib çıxaran erməniləşdirmə siyasətinin başlanğıcı deməkdir. Belə bəyanatla Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov çıxış edib.

"Ermənistanda deyirlər ki, bu tarix İrəvan qalasının azad edilməsi günüdür, lakin əslində, bu azadlığı qısaca olaraq belə ifadə etmək olar: şəhərin azərbaycanlı əhalidən təmizlənməsi və onların ermənilərlə əvəz olunması; şəhərin Azərbaycan toponimlərindən azad edilməsi və erməni toponimləri ilə əvəzlənməsi; şəhərin Azərbaycana məxsus memarlıq abidələrindən azad edilərək erməni və Sovet memarlığı ilə əvəz olunması; şəhərin Alban kilsəsindən azad edilərək "erməni kilsələri" ilə əvəz edilməsi", - deyə F.Axundov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.

F.Axundov tarixdə baş vermiş analoji hadisələri paralelləşdirərək bildirib ki, Kremlin 1612-ci ildə Minin və Pojarski tərəfindən polşalı işğalçılardan azad edilməsi bu gün də çox gözəl qorunub saxlanılan Qızıl Meydandakı Kreml qalasında qeyd edilir. Kreml qalası bundan sonra da Moskvanın tarixi mərkəzinin bir hissəsi, rus memarlığının rəmzi kimi bundan 1 əsr sonra da qorunacaq. "İrəvanda isə İrəvan qalasının azad edilməsini qala divarlarında deyil, ənənəvi olaraq Paskeviç təpəsində qeyd edirlər. Sual doğur: bəs qalanın özü hanı?" - deyə o vurğulayıb.

"Moskvada təsəvvür edilməsi mümkün olmayan hadisə İrəvanda baş verdi, çünki şəhərin tarixi mərkəzi - İrəvan qalası heç bir zaman Ermənistanın mədəni-tarixi və memarlıq irsinə aid olmayıb. Və bu məqam növbəti dəfə dünya birliyinin diqqətini vəhşiliklə məhv edilmiş İrəvan qalasına və İrəvandakı, eləcə də bütün Ermənistandakı orta əsrlərə aid Azərbaycan və müsəlman tikililərinə çəkməyə imkan verir", - deyə o qeyd edib.

F.Axundov xatırladıb ki, İrəvan qalası 1504-1511-ci illərdə Səfəvi hökmdarı Şah İsmayıl Xətainin əmri ilə sərkərdə Rəvanqulu xan tərəfindən inşa edilib. Qala Rəvanqulu xanın şərəfinə Rəvan qalası, daha sonra isə İrəvan qalası adlandırılıb.

Onun sözlərinə görə, 1919-cu ildə Paris sülh konfransına təqdim edilmiş statistik məlumatlara əsasən, Ararat Respublikasında əhalinin 65 %-ni azərbaycanlılar, 37 %-ni ermənilər təşkil edib. "Ancaq hazırda bu torpaqlarda azərbaycanlı əhali qalmayıb və Ermənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və İran kimi polietnik dövlətlərin əhatəsində olan, əhalisinin 99%-ni etnik ermənilərin təşkil etdiyi monoetnik dövlətdir. Bu regionda hətta qonşu kəndlər müxtəlif dillərdə danışırlar. Ermənilərə aid olmayan hər şeydən azad olmanın gətirdiyi son nəticə budur", - deyə F.Axundov bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.