Siyasət

"Azərbaycanla daha çox strateji məsələlər üzrə əməkdaşlıq haqqında düşünürük"

1 Oktyabr 2014 15:53
Baxış: 494
"Azərbaycanla daha çox strateji məsələlər üzrə əməkdaşlıq haqqında düşünürük və bu məsələlər müzakirə olunur".

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klark bildirib.

Xanım H.Klark qeyd edib: "Biz strateji tərəfdaşlıq deyəndə inkişaf sahəsində əməkdaşlığı nəzərdə tuturuq. Bildiyiniz kimi, Azərbaycan artıq öz Beynəlxalq İnkişaf Agentliyini yaradıb. Bu da Azərbaycana topladığı təcrübələri və bilikləri bölüşməyə imkan yaradır. Burada biz, həmçinin dayanıqlı inkişaf və ictimai xidmətlərin müasirləşdirilməsi kimi amilləri nəzərdə tuturuq".

BMT rəsmisi qeyd edib ki, Azərbaycana ilk səfərinə çox böyük ümidlərlə yanaşır: "BMT-nin İnkişaf Proqramı Azərbaycan müstəqillik qazandığı gündən etibarən Azərbaycanda fəalliyyət göstərir və bu müddət ərzində tərəfdaşlıq və dəstəyə görə böyük qürür hissi duyuruq. Eyni zamanda, bu səfər çərçivəsində BMT-nin ölkə üzrə proqramının yenilənməsi, bununla bərabər, BMT-nin Azərbaycandakı idarə heyətinin formalaşması və BMT-nin Azərbaycanla tərəfdaşlıq proqramı üzrə müzakirələr aparılacaq. BMT Azərbaycanda ictimai xidmətlərin müasirləşdirilməsi, eyni zamanda, davamlı inkişaf, qadınların səlahiyyətləndirilməsi və bərabərlik məsələləri ilə əlaqədar uzun müddət ərzində əməkdaşlıq edib və bu səfər çərçivəsində, sözsüz ki, mən qadın liderlərlə də görüş keçirəcəyəm".

Onun sözlərinə görə, təşkilat Azərbaycanla bu proqramın formalaşdırılmasına yenicə qədəm qoyub və bu, BMT-nin ölkə üzrə proqramının da bir tərkib hissəsi olacaq: "Eyni zamanda, tərəflər arasında tərəfdaşlıq çərçivə sazişinin böyük bir hissəsi olacaq. Burada həm Azərbaycanın inkişafını nəzərə alaraq digər ölkələrə göstərdiyi dəstək məsələsi də gündəmdədir. Bilirsiniz ki, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Əfqanıstandan olan həmkarlarına bu çərçivədə dəstək göstərib. Bununla bərabər, biz Azərbaycanın Beynəxlalq İnkişaf Agentliyi ilə də bərabər çalışaraq bu bacarıqların inkişaf etdirilməsinə nail olmaq istəyirik".

H.Klark BMT İnkişaf Proqramının həm Azərbaycan hökuməti ilə, həm də gündəlik tərəfdaşlıq etdiyi təşkilatlarla əvvəllər olduğu kimi əməkdaşlığını davam etdirəcəyinə ümid etdiyini bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.