Siyasət

Avropa Birliyi ilə tamam, yoxsa davam?

1 Oktyabr 2014 16:43
Baxış: 633

Arzu Nağıyev: "Avropa nə qədər tənqidə məruz qoysa da, Azərbaycan hakimiyyəti ilə əməkdaşlıqdan imtina etməyəcək"

Xəbər verdiyimiz kimi, sentyabrın 18-də Avropa Parlamenti(AP) Strasburqda keçirilən plenar sessiyasında Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti kəskin tənqid edib. AP Azərbaycan hakimiyyətini insan haqları islahatlarını dərhal həyata keçirməyə, vətəndaş cəmiyyəti təşkilatlarının, müxalifət siyasətçilərinin və müstəqil jurnalistlərin qısnanmasına son qoymağa, Bakı şəhərində ictimai toplantıların keçirilməsi üzərindəki qadağanı qaldırmağa çağırıb.

Avropa Parlamentinin bu qətnaməsi Azərbaycanda böyük təsir doğurmuşdu. Bir çox siyasətçilər və ekspertlər bu qətnamənin Azərbaycanın Avropa Birliyi ilə münasibətlərində yeni mərhələ kimi qiymətləndirdilər. Hesab olunurdu ki, ilk dəfə olaraq Azərbaycan hakimiyyəti haqqında bu dərəcədə sərt münasibət sərgiləyən AP Bakıya qarşı daha sərt addımlar atacaq.

Gözlənildiyi kimi, Azərbaycan hökuməti bu qətnaməyə sərt dillə cavab verdi. Əvvəlcə XİN bəyanatı pisləyərək qərəzli adlandırdı. Sentyabrın 30-da Milli Məclisin sessiyasında Avropa Parlamentinin qətnaməsi sərt şəkildə tənqid olunub. Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin qətnaməsini "qeyri-obyektiv" adlandırıb. Spiker bildirib ki, bu Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi 4-cü qətnamədir. O.Əsədov qətnaməni Avropa Parlamentinin böyük çoxluğunun mövqeyini əks etdirmədiyini deyib. Sitat: "Diqqətinizə çatdırım ki, sentyabrın 18-də qətnamə qəbul olundu, 22-də isə PA-nın sədri Azərbaycana gəlib. Azərbaycana qarşı bu qətnamənin qəbul edilməsinin mahiyyətini dünya başa düşdü. Qətnamənin müəllifləri 46 nəfərdir. Onlardan 45-i Azərbaycanda olmayıb. Bir nəfər isə Slovakiyanın keçmiş xarici işlər naziri olub. Onun dövründə Slovakiya tərəfindən Ermənistana təyyarə satılmışdı. 46 deputatın təklifi ilə səsvermə keçirilib. Bu onu göstərir ki, Azərbaycana təzyiq var. Mən inanıram ki, dövlət başçısının apardığı siyasət düzgün siyasətdir. Heç bir kənar qüvvə də bu siyasətə təsir edə bilməyəcək. Azərbaycan parlamentinin Avropa parlamenti qarşısında öhdəliyi yoxdur, sadəcə, əməkdaşlıq edir. Biz əməkdaşlığı inkişaf etdirmək üçün Avronest PA-nı yaratdıq. Onlar istədikləri qeyri-obyektiv qətnaməni qəbul edirlər. Mən təklif edirəm ki , komissiya yaradılsın. Onlara qarşı fikrimizi bildirək. Günün sonuna kimi bəyanat hazırlayıb səsləndirək. Belə hadisələr davam edərsə, gələcəkdə bu təşkilatla işləməyin nə mənası var? Hər dəfə nə qədər can atırıq ki, onlarla işləyək, amma bizə qarşı belə münasibətlər var".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli AP-nin qətnaməsini tənqid edib. Ə.Hüseynli Avropa Parlamentinin Azərbaycanla bağlı qeyri-obyektiv qərarlar qəbul etdiyini deyib.

Baş verənlərdən sonra Avropa Birliyi ilə Azərbaycanın münasibətlərinin gələcəyi ilə bağlı fərqli proqnozlar var və münasibətlərin gələcəyi ilə bağlı mövqelər də fərqlidir.

Siyasi ekspert, "Trend" İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyevin fikrincə, tənqidlərə baxmayaraq Azərbaycanla AP arasında münasibətlər qaydasında davam edir: "Məlumdur ki, Avropa Birliyi "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində dövlətlərdə islahatları sürətləndirmək və bu ölkələr üçün viza rejimini yumşaltmaq, bir sıra ticarət və iqtisadi, eyni zamanda enerji məhdudiyyətlərini aradan qaldırmağa çalışır. Bu istiqamətdə də Avropa İttifaqının üzvü olan ölkələrlə sazişlər imzalanır. Yəni iqtisadi islahatlarla bağlı Avropa İttifaqının narazılığı yoxdur. Məlumdur ki, hər bir bağlanmış sazişlə bağlı hər bir ölkə müvafiq öhdəliklər götürməli və bunları yerinə yetirməlidir və bu da gələcəkdə AB-nin üzvü olmaq üçün mühümdür. Azərbaycan bu istiqamətdə bağlanmış müqavilənin şərtlərinə əməl edir".

O ki qaldı AP-nin son olaraq hüquq-müdafiəçiləri və QHT sədrlərinin həbsi ilə bağlı qətnaməsinə, A.Nağıyev deyir ki, bu istiqamətdə Azərbaycana qarşı sərt addımların atılması üçün əsas yoxdur. Ekspertin fikrincə, bu, Azərbaycana qarşı sanksiyalara səbəb olmayacaq, əməkdaşlıq davam edəcək: "Avropa Birliyinin qəbul etdiyi qətnamə siyasi proseslərlə, daha doğrusu insan hüquqları ilə bağlıdır. İnsan hüquqlarının pozulmasını isə parlamentarilər ancaq və ancaq qeyri hökumət təşkilatlarının, daha doğrusu, onların maliyyə mənbələrinin araşdırılması, baş vermiş maliyyə və digər pozuntularla bağlı həbslərlə əlaqələndirirlər və buna əsasən bəyanatlar verirlər. Bu bəyanatlar nəticəsində araşdırmalar aparılır və Azərbaycan hakimiyyəti tərəfindən müsbət istiqamətdə qərarlar da qəbul edilir. Yəni tənqiddən müvafiq nəticələr çıxarılır. Hər hansı radikal addımlar atılması üçün isə elə bir səbəb yoxdur. Əgər kimsə Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı təzyiqlərlə bunu müqayisə edirsə, bu, doğru fikir deyil. Yəni Avropa nə qədər tənqidə məruz qoysa da, Azərbaycan hakimiyyəti ilə əməkdaşlıqdan da imtina etməyəcək. Burada Azərbaycandakı milli mentalitet, siyasi baxışlar və mənəvi dəyərlər məsələlərinin də rolu böyükdür".

Azərbaycanın Avropa ilə əməkdaşlıqdan imtina edəcəyi ilə bağlı iddialara gəlincə, A.Nağıyev deyir ki, hələlik hökumətin kursunda hansısa dəyişiklik ediləcəyi inandırıcı görünmür: "Mənə elə gəlir ki, istiqamət əsasən Avropaya olacaq və bu istiqamətə üstünlük veriləcək. Rusiya ilə isə hər bir, yəni ayrı-ayrı məsələlərdə ikitərəfli bağlantılarla kifayətlənəcəkdir".

"Yeni Müsavat"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.