Siyasət

Azərbaycan Milli Məclisi Avropa Parlamentinə bəyanat ünvanlayıb

30 Sentyabr 2014 18:32
Baxış: 552
Azərbaycan Milli Məclisi (MM) Avropa Parlamentinin sentyabrın 18-də Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə cavab olaraq bəyanat qəbul edib. APA-nın məlumatına görə, parlamentin bu gün keçirilən plenar iclasında bəyanatı deputat Məlahət İbrahimqızı oxuyub.

Bəyanatda bildirilir ki, bu qətnamə qərəzli xarakter daşıyır və qeyri-obyektivdir: "Həbsdə və ya istintaq altında olan şəxslərin məhkəmə olmadan azad edilməsi şərtləri hörmət prinsipi ilə bir araya sığmır. Azərbaycanda söz azadlığının pozulmasından söhbət belə gedə bilməz. Ölkədə heç kim tərəfindən və heç nə ilə məhdudlaşdırılmayan internet şəbəkəsi mövcuddur. QHT-lərin fəaliyyətinə hər cür şərait yaradılıb və son illərdə ölkədə onların sayı 4 minə çatıb. Milli Məclis üzvləri təəssüflə qeyd edirlər ki, qətnamədəki faktlar dəqiqləşdirilmədən yayılıb. Əlbəttə, Azərbaycanda hər şey tam qaydasında deyil, insan haqlarının pozulması faktları var. Lakin bunlar sistemli xarakter almayıb".

Bildirilib ki, Azərbaycan parlamenti bu qətnaməni Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa zidd olan, hüquq qaydasını şübhə altına alan, dövlətin beynəlxalq imicinə zərər vuran əməl kimi qiymətləndirir: "Əgər bu cür münasibət davam edəcəksə, Azərbaycan Avropa Parlamenti və Avronest ilə əməkdaşlığın zərurilik məsələsini bir daha müzakirə etmək məcburiyyətində qalacaq".
Bəyanat səsə qoyularaq qəbul edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.