Ermənistan parlamenti sürəkli gündəm dəyişir, qanunları müzakirə edir, fraksiyalar arasında mübarizə meydanına çevrildiyi kütlənin nəzərinə nələrisə çatdırmağa çalışır. Məqsəd Yerevanda demokratiya olduğunu ermənilərə və sonra da Qərbə göstərməkdir.
Halbuki, parlament 2008-ci ildən bəri ölkənin maraqları ilə bağlı heç bir məsələni həll edə bilmir. Ermənistan prezidenti Serj Sarkisyanın yürütdyü siyasət nəticəsində icraedici hakimiyyətin rudimentinə və marionetkasına çevrilmiş qanunverici struktur rüsvayçı şouları ilə mütəmadi qaydada kütləyə xitab edir.
İş o yerə çatıb ki, "Çiçəklənən Ermənistan" Partiyasının Şurasının iclasında lider Qagik Sarukyan qurumun parlamentdəki fraksiyasının üzvlərindən bütün şəxsi məsələləri müvəqqəti olaraq kənara qoymağı və qanun layihələrin müzakirəsi ilə məşğul olmağı tələb edir.
ÇEP sədri kazarma lüğətindən yararlanaraq müxtəlif alleqoriyalara əl atır, parlamenti döyüş meydanına bənzədir. Görünür, Ermənistan müxalifətinin lideri olduğuna özünü inandırmış oliqarx Sarukyan partiyasından olan millət vəkillərinə dəbilqələrə verərək onları parlament səngərlərinə döyüşə yollamaq fikrindədir.
Halbuki, ÇEP-dən olan deputatlar parlamentin iclaslarında S.Sarkisyan iqtidarının irəli sürdüyü bütün qanun layihələrini sakitcəsinə, mütiliklə qəbul edir, həmin sənədlərin lehinə səs verir. İqtidardakı Ermənistan Respublika Partiyasından olan deputatlarla zahirən "rəqib", əslində isə müttəfiq olan ÇEP mənsubları parlamentdəki çox azsaylı müxalifətçilərin istənilən təşəbbüslərini boğurlar. Belədə ÇEP sədri əlaltılarından nəyi və niyə tələb edir - anlaşılan məsələ deyil. Axı onun tələbləri hazırda parlamentdə total çoxluq təşkil edən fiqurların bacarıqları və imkanları xaricindədir.
Ermənistan parlamentindəki millət vəkilləri qanunların müzakirəsi, normal qanunverici fəaliyyət və ən başlıcası - dövlətlə cəmiyyətin problemlərini çözməyə çalışmaq imkanlarından xalidir.
Yerevandakı parlamentin iclaslarından translyasiyalara və ya reportajlara baxanda tribunada başlarını yelləyərək nədənsə danışan natiqlərlə yanaşı, onların arxasında rəyasət heyətində tənha oturaraq sifətində qəmli, eyni zamanda müdrik görkəm verməyə çalışan baş nazirdən ibarət mənzərə çağdaş erməni siyasətinin ən qabarıq, bütün nüansları aşkarlayan peyzajlarından sayıla bilər.
Belədə aydınlaşır ki, "Çiçəklənən Ermənistan" Partiyasının sədri bu qurumun parlamentdəki fraksiyasının üzvlərindən səsvermələr zamanı zalda olmağı və gərəkli düyməni vaxtında basmağı tələb edir.
Ermənistan parlamentinin üzvlərinin tam əksəriyyətinin əqli və mənəvi xüsusiyyətlərini, onların intellektual potensialını və dünyagörüşlərini nəzərə alsaq, bu adamlar Yerevandakı hansısa restorana yığışıb masa arxasında səs-küylə, söyüşlə hansısa məsələləri "uğurla" müzakirə edə bilərdilər.
Bəlkə də, belə müzakirələr onların arzuları, ülvi xəyallarıdır. Di gəl, kütlə parlament mənsublarının qanunverici fəaliyyətindəki "gərgin" anları, gərgin diskussiyaları, "ilk öncə xalqı düşünən" adamların hökuməti "sərt tənqid" etmələrini görməlidir. Gərəkli anturaj isə millət vəkillərinin səsvermələr zamanı zalda olmalarını tələb edir.
Onların biznes maraqları həmin an bu adamlardan hansısa "obyekt"də olmağı istəsə belə.
ÇEP sədrinin parlamentarlardan "daha aktiv fəaliyyət" tələb etməsindən az sonra prezident Serj Sarkisyan sədri olduğu Ermənistan Respublika Partiyasından olan millət vəkillərinə ünvanlanmış çıxış etdi.
O, "respublikaçı" deputatlardan beynəlxalq strukturlarda daha fəal çalışmalarını istədi.
Öz ana dillərində fikirlərini zorla izah edən, daha çox kriminal aləmin jarqonundan istifadə edərək danışan bu binəvaların xarici ölkələrdəki həmkarlarına, beynəlxalq təşkilatlardakı funksionerlərə nə deyəcəkləri də maraqlıdır.
Ermənilər arasında ağılları başlarında olanlar bunu istəmir, rüsvayçılığın səviyyəsinin artırılmasına yönəlmiş belə absurd istəklərin qarşısının alınmasının gərəkdiyini söyləyirlər.
Belələrinin sayı çox azdır və həmin insanları iqtidarla yanaşı, müxalifət mənsubları da az qala xəyanətkar, kollaborasionistlər sayırlar.
Halbuki, Ermənistan parlamentinin üzvlərinin qeyri-senzur ünsiyyət tərzini yalnız Yerevanın əsl ağası olan Rusiyadakı həmkarları anlaya bilər. Rusiya Dövlət Dumasından tutmuş, Moskvadakı dövlət qurumlarınadək müxtəlif strukturlardakı adamları erməni deputatların səviyyəsi təccübləndirə bilməz.
Ən azı bir-iki qədəhdən sonra qarşılıqlı anlaşma əldə oluna bilər.
Öz aralarında danışsınlar, istədikləri mətnləri höccələyərək oxusunlar, istədikləri səviyyədə müzakirələr aparsınlar - amma adam olsunlar, parlamenti yalnız varlanma və hakimiyyətdəki sahiblərlə sözdə müxalifət olduğunu iddia edən siyasi-biznes təşkilatlarını rəhbərlərinin əmrlərini kor-koranə icra edərək marazmatik təkliflər və saxta vətənpərvərlik məziyyətli çağırışlarla Ermənistanın, onsuz da, zəhərli siyasi mühitini daha da eybəcərləşdirməsinlər.
Yerevandakı parlamentdə təmsil olunan və özlərini millət vəkili adlandıran adamlar primitiv, mənasız tədbirlərini hakimiyyətlə siyasi alverçi müxalifətin mediasında "taleyüklü, strateji əhəmiyyətli hadisə"lər kimi təqdim edərək ölkənin ictimai-siyasi həyatlarındakı "ağır çəki"lərindən sonsuza qədər bəhs edə bilərlər.
Gerçək tam fərqlidir.
"Ölkənin idarə olunmasında aktiv rol"dan, "qanunverici təşəbbüs"lərdən bəhs edənlər belə fəaliyyətləri nəticəsində daha da varlandıqlarını, adlarından danışdıqları və guya vəkili olduqları ermənilərin tam əksəriyyətininsə daha da yoxsullaşdıqlarını söyləmək istəmirlər.
Parlament dövlətin maraqlarını qoruyaraq təhlükəsizliyini təmin etmək, inkişafna nail olmaq əvəzinə son 20 ildə sürəkli geriləyən Ermənistanı, sanki, kanatla dartaraq uçurumun kənarına aparırlar.
Belə iqtidarı, parlamenti olan ölkəyə düşmən nə gərək ki...
Elçin Alıoğlu
Milli.Az