Siyasət

Azay Quliyev: "Bəzi Avropa və ABŞ rəsmiləri birtərəfli və əsassız şəkildə Azərbaycanı tənqid edirlər"

19 Sentyabr 2014 20:31
Baxış: 372
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan, səfirliyin siyasi müşaviri Daniel Slaşer və Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktor müavini Robert Lopez ilə görüş keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun yaradılması və fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verib.

Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəalliyyətini daim izlədiklərini söyləyən D.Hoqan QHT-lər haqqında qanunvericliyə edilən əlavə və dəyişikliklərdən sonra təşkilatların rastlaşdıqları çətinliklər haqqında fikirlərini bildirib. ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili, həmçinin xarici QHT-lərin Ədliyyə Nazirliyində qeydiyyata alınması proseduru ilə də maraqlanıb.
 

Şura sədri rəhbərlik etdiyi qurumla SEDA proqramı arasında davam edən uğurlu əməkdaşlığı çərçivəsində Azərbaycan dövlətinin ABŞ hökuməti tərəfindən maliyyələşdirilən QHT-lərin ölkəmizdə fəaliyyət göstərməsində maraqlı olduğunu qeyd edib. A.Quliyev Şuranın USAID ilə də yaxın əməkdaşlıq etdiyini vurğulayıb.

A.Quliyev bütün xarici QHT-lərin Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müvafiq qaydada fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. Şura sədri qanunvericiliyə edilən son əlavə və dəyişikliklərin vətəndaş cəmiyyətində daha sağlam mühitin yaradılmasına, şəffaflığın təmin olunmasına yönəldiyini bildirərək qonağın bütün suallarına ətraflı cavab verib.
 

Şura sədri təəssüflə qeyd edib ki, bəzi Avropa və ABŞ rəsmiləri bir sıra məsələlərə hüquqi deyil, siyasi tərəfdən baxaraq birtərəfli və əsassız şəkildə Azərbaycanı tənqid edirlər.

O, bank hesablarının dondurulmasının siyasi xarakter daşımadığını, bu QHT-lər arasında hökumətyönümlü təşkilatların da yer aldığını xatırladaraq, bunun müvəqqəti olduğunu və hüquq-mühafizə orqanları tərəfindən bəzi təşkilatların fəaliyyətinin araşdırılması ilə bağlı olduğunu izah edib. A.Quliyev fəaliyyəti zamanı çətinliklərlə üzləşən QHT-lərin işinə köməklik edilməsi məqsədilə Şuranın "Hüquq və monitorinq" komissiyası yaratdığını da vurğulayıb.
 

Şura sədri görüşdə ABŞ və bir sıra Avropa ölkələri nümayəndələrinin Azərbaycana qarşı ikili standartlardan, qeyri-obyektiv mövqedən çıxış etməsinin də təəssüf doğurduğunu bildirib.

A.Quliyev rəsmi Vaşinqtonun BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamənin həyata keçirilməməsinə görə Ermənistan dövlətinə heç bir təzyiq etmədiyini, əksinə separatçı bölgəyə maliyyə dəstəyi ayırdığını bildirərək deyib ki, bütün bunlar Azərbaycan cəmiyyətində təəssüf hissi doğurur.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr davam etdirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.