Siyasət

Bakı Ermənistan ictimaiyyətini dünya liderlərinin Dağlıq Qarabağ haqqında verdikləri həqiqi bəyanatlarla tanış etmək niyyətindədir

19 Sentyabr 2014 18:47
Baxış: 400

Ermənistan KİV-lərinin Serbiyanın xarici işlər naziri İ.Daçiçin bəyanatını təhrif etməsi və bu yalanı Serbiyanın rəsmi "Tanyuq" informasiya agentliyinin adından təqdim etməyə çalışması bu ölkədə saxtakarlıq kampaniyasının daha da genişlənməsindən xəbər verir. Belə bəyanatla Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov çıxış edib.
 

"Bizm ermənilərin regionun tarixi keçmişini təhrif etmə cəhdlərinin qarşısını almağımız onları dayandırmadı, indi onlar eyni məqsədlə - öz ictimaiyyətlərinin fikrini yayındırmaq üçün bizim bu günümüzü təhrif etməyə çalışırlar. Göründüyü kimi, Ermənistan tərəfi öz xalqını Azərbaycana qarşı yürütdüyü işğal siyasətinə qarşı hər yerdə səsləndirilən məzəmmətlə tanış etmək əvəzinə, yalnız alimlərə deyil, son zamanlar xarici siyasi liderlərin adlarından istifadə etməklə onların demədikləri və prinsip etibarilə deyə bilməyəcəkləri fikirlərlə saxtalaşdırmanın miqyasını genişləndirir",- deyə F.Axundov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
 

F.Axundovun sözlərinə görə, yaxın vaxtlarda kitab İnternetə çıxarılacaq. Həm də erməni ictimaiyyəti real vaxt rejimində müxtəlif ölkələrin liderlərinin və beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və fasiləsiz səslənməkdə davam edən yeni bəyanatları ilə tanış ola bilərlər.
 

Ötən həftə Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Bakıya rəsmi səfəri zamanı Belqradın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Öz növbəsində, sentyabrın 18-də bir sıra Ermənistan KİV-ləri Serbiya XİN başçısının bu cür bəyanatla çıxış etməməsi və Azərbaycan mətbuatının onun sözlərini təhrif etməsi barədə "Tanyuq" informasiya agentliyində hansısa məqalənin dərc olunduğunu bəyan edib. Lakin "Tanyuq" agentliyi bildirib ki, belə məqalə dərc etməyib.
 

"Erməni saxtakarlarının öz xalqını axmaq yerinə qoymaq cəhdləri bir dəfə məni erməni ictimaiyyətini regionumuzun gerçək tarixi və bugünkü reallığı ilə tanış etməyə vadar etdi. Və mən bu işi davam etdirəcəyəm. Dünən Serbiya XİN başçısının sözlərinin təhrif edilməsi cəhdi artıq bu gün mənə səbəb verdi ki, uzun müddətdir yalanlarla doyuzdurulan başıbəlalı erməni xalqına "İqtibaslar. Dünya liderləri və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünün pozulmazlığı haqqında" kitabımın işıq üzü görməsi barədə məlumat verim",- deyə F.Axundov vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.