Siyasət

Bahar Muradova: "Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı "qara piar"ın tərkib hissəsidir"

19 Sentyabr 2014 17:05
Baxış: 334

"Avropa Parlamentinin (AP) qəbul etdiyi qətnaməni birtərəfli, qərəzli, qeyri-obyektiv və Azərbaycana qarşı "qara piar"ın tərkib hissəsi hesab edirəm"

Bu barədə Trend-ə Milli Məclis sədrinin müavini Bahar Muradova AP-nin Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qətnamə ilə bağlı deyib.

Vitse-spiker AP kimi nüfuzlu təşkilatın belə bir sənəd qəbul etməsini yolverilməz adlandırıb: "Mən təəssüf edirəm ki, AP-nin bir qrup deputatı növbəti dəfə Azərbaycandakı demokratiyanın vəziyyətinə dair ciddi şəkildə "narahat olublar" və təcili şəkildə belə bir qətnamənin qəbulunu vacib biliblər. Bunun hansı dairələrə lazım olduğu onlara daha çox bəllidir. Amma biz də az-çox təxmin edirik ki, Azərbaycana qarşı belə bir qətnamənin qəbulunda hansı dairələr maraqlıdırlar. Qətnamənin mətni, orada göstərilən "faktlar" haqqında heç nə demək istəmirəm. Orada Azərbaycan ictimaiyyətindən adıçəkilən şəxslər, onların fəaliyyəti, Azərbaycandakı nüfuzu, imici bizə bəllidir. Onların arasında Azərbaycanın milli maraqları üçün ziyanlı fəaliyyətlə məşğul olanlar var. Onlar AP kimi mötəbər və beynəlxalq qurumla rəsmi əlaqələri olan bir dövlətlə - Azərbaycanla olan münasibətlərini, bu günədək keçilmiş yolu, əldə edilmiş nailiyyətləri, perspektivdə bizi gözləyən çox pozitiv məqamların heç birini bura salmağı lazım bilməyiblər. Qətnamə ayrı-ayrı fərdlərin hüquqi tarixçələrini siyasi aspektdən istifadə etmə xarakteri daşıyır. Bu da təbii ki, yolverilməzdir. Çünki belə bir təşkilat bu cür sənədləri qəbul edərkən balanslı yanaşma, ən azından bitərəf, obyektiv olduğunu göstərməlidir. Bu sənədin məzmunundan, orada əksini tapan məsələlərdən aydın şəkildə görünür ki, bunların heç biri gözlənilməyib. Görünür, kimlərəsə növbəti dəfə Azərbaycana qarşı "qaralama kampaniyası" çərçivəsində belə bir üsuldan istifadə etmək lazım gəlib".

B.Muradova qeyd edib ki, Azərbaycanın bərabərhüquqlu üzvü olduğu AŞ, AŞ PA, ATƏT və digər beynəlxalq təşkilatlar və qurumlarda daim belə məsələləri gündəmə gətirməyə çalışıblar. Lakin Azərbaycanın iştirakı ilə çoxsaylı müzakirələr keçirilib və nəticədə heç də Azərbaycandakı vəziyyətin bu sənədlərdə göstərilənlərlə adekvat olmadığı və müsbət mənada tam fərqli olduğu qəbul olunub. İndi isə həmin qurumlardakı bəd niyyətlərini həyata keçirə bilməyən qruplar bu dəfə ağırlıq mərkəzini AP-yə köçürüblər:

"Hətta orada çıxış edənlərin arasında müsbət fikirlər söyləyənlər olubsa da, onları nəzərə almayıblar. Bu qətnaməni birtərəfli, qərəzli, qeyri-obyektiv və Azərbaycana qarşı "qara piar"ın tərkib hissəsi hesab edirəm. Bunlar "Azərbaycanda ayrı-ayrı şəxslərin hüquqları pozulur" deyə dünyaya car çəkirlər, amma Avropanın özündə bütün millətlərin, xalqların, miqrantların hüquqları pozulur, hüquqazidd hərəkətlər baş verir, fəaliyyətlər, ifadə azadlığı məhdudlaşdırılır. Avropa və ABŞ-da fəaliyyət göstərən elə həmin QHT-lərin bir çoxu məhz onların özündə mövcud olan qanunların tələblərinə uyğun bir sıra məhdudiyyətlərə məruz qalırlar. Mən çox istərdim ki, bizim avropalı həmkarlarımız Avropa regionuna daxil olan ölkələrdəki ümumi durumu müzakirə edəydilər və müqayisəli şəkildə qiymət verəydilər. Ayrıca bir ölkədə 3-4 məsələni götürüb yalnız o prizmadan bu ölkəyə münasibət sərgiləməyə nə var ki?! Ona görə də mən burada həm erməni lobbisi, həm türk düşmənçiliyi, həm İslamofobiya, həm də başqa mədəniyyətləri qəbul etməməzlik və dözümsüzlük əlamətləri görürəm. Bundan əlavə, görünür, Azərbaycanın davamlı inkişaf yolunda olması, istər Dağlıq Qarabağ problemi, istərsə enerji məsələlərində, istərsə də regional maraqların toqquşması prosesində müstəqil iradə ortaya qoyması, müstəqil siyasət yeritməsi, heç kimin dediyi ilə oturub-durmaması bir sıra dairələri qıcıqlandırır və onlar da bu şəkildə öz düşmənçiliklərini büruzə verirlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.