Siyasət

Zakir Həsənov Azərbaycan və Türkiyə HHQ-nin birgə təlimində iştirak edən şəxsi heyəti ilə görüşdü - FOTO

19 Sentyabr 2014 16:32
Baxış: 692
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə HHQ-nin birgə hərbi təlimdə iştirak edən şəxsi heyət ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, sentyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti irimiqyaslı birgə təlimlərdə iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin yerləşdiyi aerodroma gəliblər.

Müdafiə naziri təlimlərdə iştirak edən uçuş və texniki heyətlə görüşüb, döyüş aviasiyasına baxış keçirib və müxtəlif təyinatlı atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb.

Sonra Azərbaycan HHQ-nin nümayəndəsi polkovnik Elçin Axundov və Türkiyə HHQ-nin nümayəndəsi polkovnik Nihat Çırakoğlu təlimlərdə iştirak edən heyətin hazırlığı, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinqlə çıxış ediblər.

Təlimlərin əhəmiyyətini vurğulayan Müdafiə naziri bunun tarixi bir hadisə oluğunu qeyd edib və ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamını bir daha xatırlayaraq Azərbaycan ilə Türkiyə dostluğunun əbədi olduğunu diqqətə çatdırıb.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə təlimlərin keçirilməsinə dəstək olduqlarını qeyd edərək dövlət başçılarına minnətdarlığını bildirib. "Hər iki ölkənin Silahlı Qüvvələrinin məqsədi bölgədə sülhə və əmin-amanlığa nail olmaq, bir-birimizə dəstək durmaqdır. Bizim sevincimiz və gücümüz birliyimizə bağlıdır", - deyə Müdafiə naziri birgə təlimlərin hazırlanması və keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonra təlim iştirakçılarına və Müdafiə Nazirliyinin rəhbərliyinə xatirə hədiyyələri təqdim edilib.

Sonda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının uğurla davam etdirilməsi şərəfinə ənənəyə uyğun olaraq qurban kəsilib.

Təlimlər davam edir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.