Siyasət

Avropa Parlamentinin "Azərbaycan qətnaməsi": ikili standart, yoxsa təzyiq cəhdi?

19 Sentyabr 2014 16:10
Baxış: 619

Avropa Parlamenti (AP) sentyabrın 18-də Strasburqda keçirilən plenar sessiyasında Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti kəskin tənqid edib.
 

Ekspertlərin fikrincə, Azərbaycana qarşı məqsədyönlü şəkildə yürüdülən siyasi sifariş və ikili standartlardan qaynaqlanan bu qətnamə Avropa Parlamenti daxilində Avropa İttifaqının özünün təməl maraqlarına zidd fəaliyyət göstərən qüvvələrin mövcudluğuna dəlalət edən məqam sayıla bilər. Belə ki, özlərini insan hüquqlarının və demokratiyanın carçısı kimi təqdim edən bu kimi dairələrin ən elementar hüquqlardan belə məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasına bilərəkdən göz yummaları onların əsl niyyətindən və ikili standartlara xidmət etmələrindən xəbər verir.
 

Milli.Az bildirir ki, Yurddaş Partiyasının sədri Mais Səfərli də belə düşünür.
 

"Avropa Parlamentində keçirilmiş müzakirələr bu qurumun nüfuzuna zərbə vuran şoudur. Avropa ölkələrində və bu ölkələrin unitar qurumlarında təmsil olunan ermənipərəst qüvvələr ucuz şoular, qərəzli və əsassız sənədlərlə, düşünülməmiş addımlarla Azərbaycanın yürütdüyü müstəqil siyasətə təsir, rəsmi Bakıya təzyiq göstərmək, bizi inkişaf yolumuzdan döndərməyə çalışırlar. Avropa Parlamentinin qəbul etdiyi sənəd tamaməmilə əsassızdır, heç bir gerçəkliyə və hüquqi faktlara əsaslanmır", - M.Səfərli dedi.
 

Partiya liderinin fikrincə, sözügedən sənəd Azərbaycana göstərilən qərəzli münasibətdir və bunun da səbəbləri var: "Bəlli ki, Rusiya ilə Avropa İttifaqı, bu birliyə daxil olan Qərb dövlətləri arasında münasibətlər gərginləşib. Onlar çalışırlar ki, digər dövlətlərdən də dəstək alsınlar. Azərbaycan müstəqil siyasət yürüdür və kimsəyə boyun əymirik. Bu isə təbii ki, Avropanın müəyyən dairələrində qıcıq yaradır.

Onlar istəyirlər ki, Azərbaycan da Gürcüstan və s. ölkələr təki Brüsseldən səslənən hər sözü yerinə yetirsinlər. Hesab edirəm ki, qətnamə faktlara söykənmir. Əgər onlar, həqiqətən də, obyektiv olmaq istəsəydilər, məsələyə siyasi yöndən yox, hüquqi tərəfdən yanaşardılar. Yaxşı olar ki, Avropa Parlamenti xüsusi komissiya yaradaraq Azərbaycanda mövcudluğu iddia etdiyi "problem"ləri hüquqi cəhətdən araşdıraydı.

Belədə onlar əmin olarlar ki, qəbul etdikləri qətnamə obyektivlikdən uzaqdır. Hüquqi dəyərləndirmə, araşdırma olarsa, Avropa parlamenti görəcək ki, Azərbaycanda kimsə siyasi əqidəsinə görə yox, törətdiyi konkret cinayətə görə həbs olunub".
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.