Siyasət

Əli Əhmədov: "Avropa Parlamentinin bəzi üzvlərinin düşündüyü formada Azərbaycanın daxili işlərinə qarışmaq mümkün deyil"

19 Sentyabr 2014 12:34
Baxış: 418
YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qətnamənin qərəzli və qeyri-obyektiv olduğunu bildirib.

Bu barədə Trend YAP-ın saytına istinadən məlumat verib.

Ə.Əhmədov təəssüf hissi ilə bildirib ki, Avropanın bu nüfuzlu orqanı qurumun bəzi deputatlarının dar məqsədlər güdən təşəbbüsünü dəstəkləmək kimi səhv yol tutub: "Son illərdə Azərbaycanın sürətli inkişafı, insanların rifahının yaxşılaşması, fundamental hüquq və azadlıqlarının qorunması Avropa Parlamentinin hər bir üzvünə yaxşı məlumdur. Onların böyük bir hissəsi dəfələrlə Azərbaycanda olublar. Avropa parlamentarilərinə yaxşı məlum olan digər həqiqət isə Ermənistanın təcavüzü nəticəsində yüzminlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün kütləvi surətdə pozulan hüquqlarıdır. Təəssüf ki, onların hüquqlarının qorunması, öz doğma yurd-yuvalarına qayıtması barədə qətnamə müəllifləri hər hansı tələb irəli sürmür. 20 ildən yuxarı bir milyona yaxın insanın kütləvi surətdə pozulmuş hüquqlarına biganə qalan təşkilatın həqiqətə uyğun olmayan, mahiyyəti təhrif edilmiş faktlar əsasında Azərbaycana qarşı ittihamlar irəli sürməsini ədalətsizlik hesab edirəm. Hüquqi anlayışlar heç zaman siyasi anlayışlara, ələlxüsus siyasi konyukturaya qurban verilməməlidir".

Ə.Əhmədov bu qətnaməni şərh edərkən bildirib ki, Azərbaycan müxtəlif layihələr üzrə Avropa İttifaqı ilə əməkdaşlq edir: "Lakin bu əməkdaşlıq Avropa Parlamentinə əsassız olaraq Azərbaycana ittihamlar irəli sürməyə mənəvi haqq vermir. Azərbaycan müstəqil dövlətdir və öz taleyini özü həll etmək haqqına sahibdir. Avropa Parlamentinin bəzi üzvlərinin düşündüyü formada Azərbaycana təsir göstərmək, onun daxili işlərinə qarışmaq mümkün deyil.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.