Siyasət

ABŞ səfiri postuna namizəd Azərbaycandan danışdı - YENİLƏNİB

18 Sentyabr 2014 13:47
0 Şərh     Baxış: 492
"Azərbaycan zəngin tarixə və gələcəkdə çiçəklənmə potensialına malik ölkədir". Bunu ABŞ Senatında keçirilən dinləmələrdə Birləşmiş Ştatların Azərbaycandakı səfiri postuna namizəd Robert Sekuta bildirib.

Trend xəbər verir ki, bu barədə ABŞ Senatının Xarici əlaqələr komitəsinin saytında yerləşdirilmiş məlumatda deyilir.

Onun sözlərinə görə, ABŞ və Azərbaycanın ikitərəfli münasibətləri təkcə iki ölkə üçün deyil, həm də Azərbaycanla qonşu olan ölkələr və ümumilikdə region üçün vacibdir.

Sekuta deyib ki, sabit, demokratik və çiçəklənən, ABŞ və Avropa ölkələri ilə strateji əlaqələrə malik olan bu ölkə Azərbaycan-Amerika münasibətlərinin möhkəmlənməsinə yalnız yardım edir.

O qeyd edib ki, ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 22 il ötür. Bütün bu müddətdə Vaşinqton Bakı ilə təhlükəsizlik, energetika və demokratiya kimi üç eyni dərəcədə mühüm istiqamətdə əməkdaşlıq edib. Hər üç istiqamət Azərbaycanın Avroatlantik cəmiyyətə tam inteqrasiyası üçün zəruridir.

Sekutanın sözlərinə görə, ABŞ artıq çoxdan Azərbaycanı beynəlxalq təhlükəsizlik sahəsində mühüm tərəfdaş hesab edir: "Biz 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-ın beynəlxalq terrorizmlə mübarizə işində öz yardım əlini və əməkdaşlıq təklif edən ilk ölkələrdən biri olduğunu xatırlayırıq və bu əməkdaşlıq davam edir. ABŞ və Azərbaycanın hərbi qulluqçuları Kosovoda və İraqda çiyin-çiyinə xidmət keçiblər".

Onun sözlərinə görə, hazırda Azərbaycan və ABŞ hərbi qulluqçuları Əfqanıstanda birgə xidmət keçirlər. Azərbaycan Əfqanıstanda ISAF qüvvələrinə öz sadiqliyini nümayiş etdirib, o cümlədən ölkənin ərazisi NATO yüklərinin daşınması üçün dəhliz rolunu oynayır.

Sekuta qeyd edib ki, ISAF qüvvələrinin dəstəklənməsi üçün Azərbaycanın ərazisindən minlərlə konteyner yük daşınıb, bu məqsədlər üçün ölkənin hava məkanından da istifadə olunur.

Diplomatın sözlərinə görə, əgər o, ABŞ-ın Azərbaycandakı səfiri postuna təyin olunarsa, bir çox sahələrdə, o cümlədən sərhədlərin təhlükəsizliyinin təmin olunmasında ölkələrin ikitərəfli əməkdaşlığının səmərəliliyinin artırılması üçün hər cür səy göstərəcək.

Sekuta xatırladıb ki, ABŞ və Azərbaycan 20 ildən çoxdur enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq edirlər. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi layihəsi Qərbin enerji resurslarının nəqli marşrutlarının şaxələndirilməsi səylərinin əsas tərkib hissəsi olan qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə Azərbaycanın sədaqətinin simvoludur.
 

Bundan başqa, Azərbaycana səfir təyin ediləcəyi halda Sekuta ölkə ilə enerji resurslarının nəqli marşrutlarının şaxələndirilməsi və mühüm enerji infrastrukturları obyektlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində işləri davam etdirəcək.

Diplomatın sözlərinə görə, Azərbaycan ilə demokratik institutların və proseslərin irəliləməsi, qanunçuluğun möhkəmlənməsi üzrə işlərin davam etdirilməsi vacibdir, çünki bu, sabitliyin uzun illər ərzində təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir.

O, həmçinin qeyd edib ki, Azərbaycan qadınların hələ 1918-ci ilə səs hüququ əldə etdikləri ilk müsəlman ölkəsidir: "Qadınlar Azərbaycanda bu hüququ bizim ölkəmizdən tez əldə ediblər".

Sekuta qeyd edib ki, Azərbaycan çox mürəkkəb regionda yerləşir və ölkə öz təhlükəsizliyini təmin etməlidir: "Azərbaycan regionda, gələcəkdə isə dünyada sabitliyin təmin olunması işində əsas oyunçudur".
 

Diplomat bildirib ki, bu gün Qafqaz regionunda çiçəklənmə və təhlükəsizlik Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə sıx şəkildə bağlıdır.

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ əvvəlki kimi, münaqişə tərəflərinə problemin BMT Nizamnaməsi və Helsinki Yekun Aktının prinsipləri əsasında dinc şəkildə nizamlanmasına kömək göstərməyə çalışır.

Onun sözlərinə görə, dövlət katibi Con Kerri və ATƏT MQ-nin ABŞ-dan olan həmsədri Ceyms Uorlik münaqişənin nizamlanmasına kömək işində ciddi səy göstərirlər.

Sekuta qeyd edib ki, Azərbaycana səfir təyin olunarsa, ABŞ hökumətinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına nail olmasına sədaqətini ən yüksək səviyyədə dəstəkləmək niyyətindədir.

Diplomatın sözlərinə görə, o, güclü və müasir demokratik Azərbaycan, möhkəm və şaxələndirilmiş ölkə iqtisadiyyatı naminə çalışmaq niyyətindədir: "Mən ABŞ və Azərbaycanın ikitərəfli münasibətlərinin ümumi maraqlarımıza uyğun və ümumi dəyərlər əsasında inkişafı üçün işləyəcəyəm".
 

Qeyd edək ki, Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı yeni səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekutanın namizədliyini irəli sürüb.

Sekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibinin köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb.

Onun xaricdə son təyinatları Tokioda (2007-2009-cu illər) və Berlində (2003-2007-ci illər) olub. O, bu ölkələrdə ABŞ hökumətinin iqtisadi məsələlərin bütün spektrində iştirakına nəzarət edib.
 

Almaniyada iqtisadi müşavir-səfir kimi Sekutanın işi terrorizmlə və beynəlxalq cinayətkarlıqla mübarizənin gücləndirilməsi olub. O, həmçinin ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda ərzaq təhlükəsizliyi məsələləri üzrə baş müşavir və ABŞ-ın Kabildəki səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.



Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.