Siyasət

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Qobustan kölgələri" baletinin UNESCO-da keçirilən nümayişində iştirak edib - FOTO

18 Sentyabr 2014 07:31
Baxış: 1 614
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sentyabrın 17-də UNESCO-nun mənzil-qərargahına gələn Azərbaycanın birinci xanımı, qurumun xoşməramlı səfiri Mehriban Əliyeva əvvəlcə təşkilatın baş direktoru İrina Bokova ilə görüşüb.

Görüşdə Azərbaycan ilə UNESCO arasında həyata keçirilən layihələrin əhəmiyyətindən danışılıb. Qobustanla bağlı UNESCO-da keçirilən təqdimatın önəmi vurğulanıb. İkitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

"Qobustan kölgələri" baletinin nümayişindən öncə çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı bir daha salamlayıb. O, xalqımızın və dünya mədəni irsinin şah əsərlərindən olan Qobustanın UNESCO-dakı təqdimatından şad olduğunu, keçmişlə bu gün arasında mənəvi körpü olan bu baletin yaratdığı harmoniyanın ikitərəfli əməkdaşlıqda mühüm elementə çevrildiyini vurğulayıb. Baş direktor Qobustan petroqliflərinin o dövr insanının danışan dili olduğunu və bu ünsiyyətin artıq ümumbəşəri sərvət kimi qəbul edildiyini bildirib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqımızın milli sərvəti olan Qobustanın qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlı ölkəmizdə bir çox işlərin görüldüyünü, layihələrin həyata keçirildiyini söyləyib. Nazir deyib ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda inşa edilmiş muzeyin 2011-ci ilin dekabrında Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılması da bu məsələnin hər zaman aktual olmasından xəbər verir.

Nazir vurğulayıb ki, "Qobustan kölgələri"nin xaricdə ilk nümayişi 45 il öncə Parisdə olub və yenidən bu mövzuya Fransa paytaxtında qayıdılması buradakı sənətsevərlərə dəyərli töhfədir.

Sonra "Qobustan kölgələri" baleti nümayiş etdirilib.

Böyük Azərbaycan bəstəkarı Fərəc Qarayevin ölməz əsərlərindən olan "Qobustan kölgələri" baletinin musiqisində keçmiş ilə bu günün sintezi yeni baxımdan mənalandırılır. İlk dəfə 1969-cu ildə premyerası olan "Qobustan kölgələri" sonradan Paris, Nis, Lüksemburq, Monte-Karlo, Sankt-Peterburq, Kiyev və digər şəhərlərdə uğurla nümayiş olunub. Baleti maraqlı edən cəhətlərdən biri əsərdə müasir insanın birdən-birə keçmişə dönüşü və burada canlanan kölgələrə onun gözləri ilə baxılmasıdır. Birpərdəli "Qobustan kölgələri" baleti orijinal quruluşa malikdir və dörd kiçik novelladan ibarətdir.

Elm aləmi Qobustanla lap çoxdan tanış olsa da, UNESCO ilə bu dünya əhəmiyyətli tarixi abidəni bir-birinə bağlayan tarix elə də uzaq keçmiş deyil. Qobustan 2007-ci ildə UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib və bu gün dünya mədəni irsinin şah əsərləri sırasındadır. Xalqımızın milli sərvəti olan bu tarixi abidə hələ də dünya alimlərinin diqqətini cəlb edir. Hazırda Qobustanın dünya miqyasında təbliği ilə bağlı bir çox layihələr həyata keçirilir və bu məsələdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dünyanın bir nömrəli mədəni təşkilatı olan UNESCO ilə əməkdaşlığa xüsusi önəm verir.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qobustanın UNESCO-da tanıdılması çərçivəsində qayaüstü rəsmlərin fotoşəkillərindən ibarət sərginin açılışı da olub. Mərasimdə çıxış edən UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Alfredo Perez Qobustanın dünya mədəni irsindəki toxunulmaz yerindən və əhəmiyyətindən danışıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev diqqəti Qobustanın UNESCO - Azərbaycan əməkdaşlığındakı roluna yönəldib. Nazir bu tarixi abidənin təşkilatın Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsinin son dərəcə mühüm əhəmiyyət daşıdığını bildirib.

Sərgidə nümayiş olunan fotolardan da göründüyü kimi, qayaüstü rəsmlərin xeyli hissəsi yaşayış yerlərinin divarlarını təşkil edən iri qayalarda, bəzən də köhnə şəkillərin üstündən çəkilib.

Beləliklə, qədim qayaüstü təsvirlər Azərbaycan insanının keçmişini dövrümüzə daşıyıb, müasir azərbaycanlıların ulu əcdadlarının min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrini xalqımızın yaddaşından silinməyə qoymayıb və bəşəriyyətə dünya miqyaslı tarixi abidəni - Qobustanı bəxş edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Foto: AzərTAc

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.