Siyasət

Əli Kərimlinin Milli Şuranı AXCP-ləşdirmək siyasəti etiraz doğurdu

17 Sentyabr 2014 17:18
Baxış: 773

Mirmahmud Mirəlioğlunun tərəfdarları da təşkilatdan getmək qərarı verdilər

Prezident seçkilərindən sonra biabırçı duruma düşən Milli Şura özünə gəlmək üçün cəhdlər edir. Amma qurumun əvvəlki kimi fəaliyyət göstərməsi mümkün olmur. İş o yerə çatıb ki, təşkilat uzun müddət idi kvorum yığıb toplantılarını belə keçirə bilmirdi. Amma təşkilatda tək qalan AXCP sədri Əli Kərimli Milli Şuranı dağıtdığını etiraf etmək istəmir. Geridə qalan bazar günü AXCP sədri bütün gücünü toplayıb Milli Şuranın növbəti toplantısını keçirməyə nail olub. Amma bu dəfə də toplantıya təşkilatın 78 üzvündən cəmi 38 nəfər toplaya bilib. Başqa sözlə desək, təşkilatın iclasında üzvlərinin yarıdan çoxu iştirak etməyib. Elə bu faktın özü artıq Milli Şuranın öz ömrünü başa vurduğuna işarədir. Bunu artıq müxalifət düşərgəsində də dərk etməyə başlayıblar. Amma Əli Kərimli bu reallığı qəbul etmək istəmir ki, istəmir.

Milli Şuranın son iclası başlayandan sonra da məlum olub ki, əslində sessiyanın çağırılmasının əsas səbəbi kvorumun təmin olunması ilə bağlı yaranan problemləri həll etməkdir. Əli Kərimli vəziyyətdən çıxmaq üçün Milli Şuradan kənarda qalan dostlarını təşkilata gətirməkdən başqa çarə tapa bilməyib.

İclasda Milli Şuraya üzv olmaq istəyənlərlə bağlı məsələ ayrı-ayrılıqda səsə qoyulub. 8 nəfərin - hüquq müdafiəçisi Məlahət Nəsibova, iqtisadçı ekspert Vahid Məhərrəmov, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, mühacirətdə olan polkovnik İsa Sadıqov, vəkil Fəxrəddin Mehdiyev, iqtisadçı Məhəmməd Talıblı, Ukraynada diaspor fəalı Yalçın Qəhrəmanlı və yazıçı-tərcüməçi Araz Gündüzün müraciətinə müsbət cavab verilib və onlar Milli Şura üzvü seçiliblər.

Diqqət yetirəndə görmək olar ki, təşkilata üzv olan yeni simaların böyük əksəriyyəti Əli Kərimlinin adamlarıdır. Məsələn, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin, iqtisadçı Məhəmməd Talıblının AXCP üzvləri olması heç kimə sirr deyil. Təşkilata üzv olan digərlərinin də AXCP sədri ilə yaxşı əlaqələri var. Bu baxımdan bazar günü keçirilən toplantı ilə Əli Kərimli Milli Şuranın AXCP-ləşdirilməsi istiqamətində daha bir addım atmış olub.

Diqqəti cəlb edən məqamlardan biri KXCP sədri Mirmahmud Mirəlioğlunun, müavini Xəzər Teyyublunun və Ali Məclis sədri Bəybala Əbilin sessiyaya qatılmamaları olub.

Onlar ilk olaraq sessiyada iştirak etməmələrinin səbəbini Bakıdan kənarda olmaları ilə əsaslandırıblar. Amma az keçmiş məlum olub ki, KXCP da Milli Şuranı tərk edir. Partiya bu məsələni yaxın günlərdə müzakirəyə çıxaracaq. Buna səbəb isə quruma AXCP-yə yaxın yeni üzvlərin qəbul edilməsidir.

Partiya üzvləri və rəhbərliyi Milli Şuranın bu qərarına növbəti dəfə etiraz ediblər.

Xatırladaq ki, Milli Şuranın bu il mayın 3-də keçirilən sessiyasında bu məsələ ilə bağlı qalmaqal yaşanmışdı. Sessiyada Milli Şuraya yeni üzvlərin qəbul edilməsi elan olunanda KXCP bu qərara etiraz etmişdi. Bu etiraza əsas səbəbi yeni üzvlərin Əli Kərimliyə yaxın şəxslər və cəbhəçilər olması idi. KXCP sədri Mirmahmud Mirəlioğlu və bir neçə partiya üzvü o zaman yeni üzvlər qəbul ediləcəyi təqdirdə qurumu tərk edəcəklərini bəyan etmişdilər.

Lakin sonradan Milli Şura üzvlərin qəbul edilməsi məsələsini təxirə salmışdı. Bununla da KXCP qərarını dəyişərək Milli Şura ilə birlikdə fəaliyyətini davam etdirmişdi.

KXCP sədrinin müavini Xəzər Teyyublu virtualaz.org saytına açıqlamasında Milli Şuranın son qərarından narazı olduqlarını və yeni üzvlərin quruma qəbul edilməsinə etiraz etdiklərini deyib: "Mayın 3-də KXCP-nin qərargahında keçirilən sessiyada Milli Şuranın genişləndirilməsi adı altında yeni üzvlər təqdim olundu. Biz o üzvlərin hamısına etiraz etmədik. Onların arasında bir-iki ziyalı və tanınmış şəxs var idi. Biz təklif etdik ki, yeni üzvlər Milli Şuraya daxil olan partiyalardan heç birinin üzvü olmasın. Bitərəf şəxslər olsun. O zaman AXCP tərəfindən təqdim edilən siyahıya etiraz etmişdik. Etirazımızdan sonra məsələ gündəlikdən çıxarıldı. Biz bildirmişdik ki, əgər Milli Şuranın tərkibi qurumda olan partiyaların üzvləri hesabına genişlənəcəksə, bunu genişlənmə adlandırmaq olmaz. Çünki Milli Şura daha geniş anlam daşıyır. Təəssüf ki, bu məsələ sanki heç müzakirə edilməmiş kimi ayın 14-də keçirilən sessiyanın gündəliyinə daxil edilib. Yeni qəbul olunan üzvlər də Əli Kərimlinin rəhbərlik etdiyi qurumlara daxil olan şəxslərdir. Biz bu məsələdə Milli Şuraya uğurlar arzu edirik. Milli Şuranın tərkibinin bu cür genişləndirilməsinə ehtiyac yoxdur. Partiya üzvlərinin artırılması Milli Şurada daxili mübarizəyə səbəb olacaq".

Xəzər Teyyublunun sözlərinə görə, KXCP üzvləri Milli Şuranın son sessiyasında iştirak etməyiblər: "Milli Şuranın sessiyasına dəvət edilmişdik. Ancaq KXCP üzləri və Mirmahmud bəy sessiyada iştirak etməyib. Lakin Mirmahmud bəyin şəxsən hansı səbəbdən sessiyaya qatılmadığını deyə bilmərəm".

X.Teyyublu KXCP-nin bundan sonra Milli Şuradakı fəaliyyəti ilə bağlı yaxın günlərdə qərar verəcəklərini söyləyib: "Dediyim kimi, bu məsələ partiyamız tərəfindən etirazla qarşılanıb. Biz bu məsələni çox ciddi şəkildə müzakirə edəcəyik. Milli Şura ölkədə bir müxalif düşərgə olmalıdır. Müxalifət düşərgəsində iki qütbün olması xoş hal deyil".

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.