Siyasət

İranlı rejissorun erməni pulu ilə "Karvaçar" filmini çəkməsi İran-Azərbaycan münasibətlərində riskləri gücləndirə və daha uzunömürlü edə bilər

17 Sentyabr 2014 12:30
Baxış: 1 231
İranlı rejissorun erməni pulu ilə "Karvaçar" filmini çəkməsi İran-Azərbaycan münasibətlərində riskləri gücləndirə və daha uzunömürlü edə bilər.

Ermənistan hökuməti növbəti iclaslarının birində Dağlıq Qarabağın tarixinə və "erməni soyqırımı" məsələsinə dair filmlər çəkmək üçün 270 min dollar vəsait ayırdı. "Erməni soyqırımı"na dair filmin Ermənistan tərəfindən çəkilməsi barədə məlumat müəyyən mənada təsəllivericidir. Çünki ermənilər "erməni soyqırımı"nın 100 illiyinə ən azı iki film çəkiləcəyini iddia edirdilər. Məşhur erməni rejissoru A.Eqoyanla yanaşı, hətta S.Spilbergin adı hallanırdı. Hollivudda çəkilməsi nəzərdə tutulan bu filmlərin büdcəsi 300-350 milyon dollar hüdudlarında olmalı idi. İndi bu filmi Ermənistan özü çəkir və büdcədən o məqsəd üçün 130-140 min dollar vəsait ayırır.

Bizim maraq dairəmizdə "Karvaçar" filminin iranlı rejissor tərəfindən çəkilməsidir. İranda kinofilmlər xüsusi kult statusuna malikdir.Bütün kino sənayesi Mədəniyyət və İslami irşad nazirliyi vasitəsilə İranın dini liderlərinə tabe edilmişdir. Dağlıq Qarabağın tarixinə həsr olunmuş filmin "Karvaçar" adlanması isə iranvari hiylədir. Guya Qarabağ adı gizlədilir. "Karvaçar" Kəlbəcərin erməniləşdirilmiş adıdır. Bu filmi iranlı rejissor çəkəcək. Filmin adının "Karvaçar" olmasına baxmayaraq əslində bu film Dağlıq Qarabağın tarixinə həsr olunub. Rejissoru təsdiq olunubsa, büdcədən vəsait ayrılıbsa deməli filmin ssenarisi hazırdır. Ermənilər özləri və onların Qərbdəki havadarları Qarabağın tarixini saxtalaşdıra bilmədilər. "Artsax" terminini10 ildən çoxdur ki, dövriyyəyə buraxıblar. Amma bütün dünya yalnız "Qarabağ" terminini işlədir. İndi ermənilər iranlılar vasitəsilə bu regionun tarixini erməniləşdirmək istəyirlər. Qərbdə iranlı mütəxəssislərin bu regionun tarixi ilə bağlı sözü mənbə kimi qəbul edilə bilər.

Dağlıq Qarabağın tarixini erməniləşdirməyi ermənilərin iranlılara tapşırması həm də ermənilərin özlərinin Azərbaycan qarşısında acizliyinin sübutudur.

Vatikan bu regionun tarixi ilə bağlı ermənilərin arqumentini qəbul etmədi. Vatikan Ermənistanı "xristianlığı qəbul edən ilk dövlət" kimi tanımır. Vatikanın heç bir rəsmisi heç bir vaxt bu termini işlətməyib. Amma islam-xristian dünyasının qovşağında ermənilərin "xristian" termininin daşıyıcısı olması Vatikanın marağındadır: bütpərəst, atəşpərəst və ya müsəlman adını daşımaqdansa xristian adını daşımaq daha məqsədyönlüdür. Prezident S.Sərkisyanın kürəkəni Vatikanda səfir olduğu halda da vəziyyət dəyişmir. Ermənistan Vatikanla birlikdə İranın ərazisində tədqiqatlar aparıb, İran ərazisinin böyük hissəsinin tarixi xristian torpağı olduğuna dair məlumatlar "əldə ediblər". Ermənistanın xristianlığa münasibəti siyasi münasibətdir. Öz ərazisində tarixi dini abidələr dağılır, rəsmi Yerevan eləcə də Erməni Apostol Kilsəsi ona diqqət ayırmırlar, amma İran və Gürcüstan ərazisindəki qədim abidələrin erməni mənşəli olduğunu sübut etmək üçün külli miqdarda geosiyasi resurs və maliyyə xərcləyirlər.

İran ərazisində Ermənistanın Vatikanla birlikdə apardığı və məqsədi İran torpaqlarının böyük qisminin xristian torpaqları olduğunu sübut etmək olan tədqiqatlar İranın Mədəniyyət və İslami irşad nazirliyi ilə razılaşdırılmışdı.

İran və Azərbaycana aid olan lavaşın "UNESCO"-da erməni qeyri-maddi mədəni abidəsi kimi qeydə alınmasına da İranın Mədəniyyət və İslam irşadi nazirliyi razılıq vermişdi. Çövqan oyununun "UNESCO"-da Azərbaycanın adına qeydiyyata alınmasına maneçilik törədən, bu istiqamətdə külli miqdarda siyasi resurs və maliyyə xərcləyən də İranın Mədəniyyət və İslami irşad nazirliyi idi.

"Noravank" (Ermənistan) fondunun rəhbərlərindən biri bəzi köhnə faktları yenidən təkrarladı: İran iki dəfə İslam Konfransı Təşkilatında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbul olunmasına imkan verməyib. İran BMT-dəki səsvermələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmədi.

"Noravank" fondu və onun rəhbərliyi İran-Ermənistan münasibətləri barədə mötəbər mənbədir. Çünki maliyyəsi İran tərəfindən ödənilməklə iranlı mütəxəssislərlə birlikdə çoxlu tədbirlər keçiriblər. Azərbaycan tərəfdən Qarabağa dair səslənən, ermənilərin maraqlarına toxunan bəyanatlara dərhal reaksiya verən İranın Ermənistandakı səfirliyi lavaşın Ermənistan adına qeydiyyatdan keçməsinə, İranın İslam Konfransı Təşkilatında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrin əleyhinə çıxmasına və BMT-dəki səsvermələrdə Azərbaycanın lehinə səs verməməsinə dair Ermənistanda populyar şəxslərin dilindən səslənmiş məlumatların qabağında susub.

İran müstəqilliyə və islam dininə orijinal yanaşmasının İrana faydalı olub-olmadığını da özü müəyyənləşdirməlidir. Amma bir məsələ diqqətdən kənarda qalmamalıdır. İranın Azərbaycanla münasibətlərindəki son müsbət dinamika İran tərəfinin təşəbbüsüdür. Azərbaycan İranla münasibətlərinin normallaşmasına hazır olduğu üçün İranın təşəbbüsünü "ura" ilə qəbul etdi. Amma İranda müəyyən qüvvələr İran-Azərbaycan münasibətlərinin yeni dinamikasına yeni maneələr yaradırlar.

İranla Azərbaycan arasında iqtisadi əlaqələr inkişaf edir və bu əlaqələr daha çox İranın şimal ərazilərini əhatə edir. Dağlıq Qarabağ məsələsində İranın ermənilərlə müttəfiq siyasəti aparması fonunda "Araz" Azad İqtisadi Zonası və digər iqtisadi layihələr İranın dövlətçiliyi üçün ciddi təhlükə mənbəyinə çevirə bilərlər. Ona görə İran Dağlıq Qarabağ məsələsində indiki ermənipərəst siyasətini davam etdirəcəksə, Azərbaycan Respublikası ilə bütün əlaqələrini kəsməsi faydalıdır. Diqqətimizdən yayınmır ki, Dağlıq Qarabağ münaqişəsində İranın vasitəçiliyi təşəbbüsünü Ermənistan rədd etdi. Rəsmi və dini Tehran Ermənistanın bu mövqeyinə haqq qazandırdı. İndi də Dağlıq Qarabağın tarixini ermənilərin adına yazmaq istəyir. Azərbaycan müstəqil olandan öz müstəqilliyi və inkişafı uğrunda mübarizə aparıb və bu mübarizədə qalib gəlib. Regionda ən real müstəqil dövlət Azərbaycandır. İqtisadi inkişafa dair ən uğurlu göstəricilər də Azərbaycana məxsusdur. Beynəlxalq aləmdə getdikcə nüfuzu artan da Azərbaycandır. Müstəqil olduğu gündən Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparan dövlətlər və qüvvələr apardıqları mübarizənin nəticələrini təhlil etsələr çox yaxşı olardı.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq


Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.