Siyasət

İqtidardakı cinayətkarlar və müxalifətdəki banditlər: dava başlanıb

22 Sentyabr 2014 00:30
0 Şərh     Baxış: 1 951

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın yaratdığı və indi də sürəkli kontrolda saxladığı "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qagik Sarukyan yenə geniş müsahibə verib, fikirlərini açıqlayıb, niyyətlərini hələlik üstüörtülü olsa da, bildirib.
 

O, xalqın problemlərinin həlli üçün çalışdığını, ölkə parlamentində də partiyasının məhz bu istiqamətdə fəaliyyət göstərdiyini vurğulayıb.
 

"Çiçəklənən Ermənistan" Partiyasının (ÇEP) sədrinin açıqlamasından sonra bu qurumdakılar sədrin "müdrik göstəriş"lərinə uyğun olaraq hərəkətə gəliblər.
 

Onlar prezident Serj Sarkisyandan başlayaraq, parlamentdəki "xalqın mənafelərinə qarşı olanlara"dək guya geniş və aktiv mübarizə kampaniyasına başladıqlarını bəyan ediblər.
 

Amma bu hücumlar ÇEP sədrinin və ələlxüsus da partiyanın real sahibi Robert Köçəryanın istədiyi kimi alınmayıb.
 

Səbəb isə Ermənistan prezidenti Serj Sarkisyanın da "xalqın mənafelərinin qorunması" ilə bağlı göstərişlər verilməsi və iqtidardakı Ermənistan Respublika Partiyasının (ERP) funksionerlərinin də hərəkətə gəlməsidir.
 

Sarkisyan və Köçəryanın partiyalarının arasındakı bu "eyni istiqamətli hücum"la bağlı anlaşılmazlıqların indi rəqabətə çevrilməsi situasiyanı daha da ağırlaşdırıb.
 

İş o yerə çatıb ki, ERP-in buyruq qulu olan mediada ÇEP rəhbərliyi "oliqarxik tör-töküntülər" adlandırılır, ÇEP-in saytları və telekanalları isə ERP-i əvvəlkindən də sərt tənqid etməyə başlayıblar.
 

ERP-in mətbuat katibi Eduard Şarmazanov "maskalanmış müxalifətçi, oliqarxlara qarşı mübarizə adı ilə iqtisadiyyata zərbələr vurulmasını nəzərdə tutan kampaniyanın marionetkası və Konstitusiyaya dəyişikliklərlə əlavələrin qatı əleyhdarı" adlandırılır.
 

Şarmazanov sakit durmur, ittihamların ünvanlandığı məkanları hədəfə alır.
 

O, son müsahibələrindən birində deyib: "Fikrimcə, Ermənistanın gələcəyi üçün ən böyük təhlükə revanşizm və oliqarxiya ideyalarının birləşməsidir".
 

Nadir haldır ki, iqtidar partiyasındakı adam həqiqəti deyir. Oliqarxiya və siyasi revanşizm Ermənistanı bataqlığa aparacaq bəlalardır. Onların birləşməsi isə ümumiyyətlə, Ermənistanı bir dövlət kimi məhv edə bilər.
 

Eduard Şarmazanov açıqlamanı düşünmədən, təsadüfən verməyib.
 

Oliqarxiya və revanşizmin birləşməsi ilə bağlı bəyanat, əslində, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın böyük siyasətə qayıdışına hazırlıq mərhələsinin başlanması Yerevandakı iqtidarı əndişələndirib.
 

Hakimiyyət bunu siyasi revanşizm hesab edir.
 

Köçəryanın bel bağladığı oliqarxik kapitalı da nəzərə alsaq, revanşizmlə oliqarxiyanın birləşməsi göz qabağındadır və Serj Sarkisyanın komandası da baş verənləri sakit müşahidə etmək niyyətində deyil.
 

Qərbin Robert Köçəryana olan münasibəti birmənalı pisdir: bunun səbəbləri sabiq prezidentin hakimiyyətdə olduğu illərdə müxalifətə divan tutması, korrupsiya və rüşvətxorluğu ağlasığmaz səviyyəyə çatdırması, kiçik və orta sahibkarlığın zəlil günə qoyulması, ölkənin maraqlarının bütünlüklə Rusiyaya qurban verilməsi, Ermənistanın Cənubi Qafqazda Moskvanın siyasi kuklasına çevrilməsi, xarici ölkələrdə yaşayan ermənilərin diaspor təşkilatları ilə münasibətlərin hədsiz dərəcədə pisləşməsi və s. var. Robert Köçəryan anlayır ki, onun böyük siyasətə qayıdışı üçün ABŞ ilə Avropa Birliyinin Ermənistandakı təsir imkanlarını zəiflətməli olacaq. Bəhs etdiyimiz məqamı reallaşdırmağın Yerevanda yeganə yolu isə Rusiyanın yeni şərtlərinin qəbulu və göstərişlərinin yenilənərək həyata keçirilməsidir.
 

Üstəlik, Ermənistandakı oliqarxiya zahirən indiki hakimiyyətin mənsublarından ibarət olsa da, onların arasında Robert Köçəryanın tərəfdarlarının sayı az deyil.
 

Hakimiyyəti əlində cəmləşdirən oliqarxlar ölkəni gecə qərarları ilə idarə edirlər.
 

Onlar da iki düşərgəyə parçalanıb. Oliqarxların böyük qismi indi prezident iqamətgahından alınan əmrlərə tabe olurlar. Məhz burada ermənilərin heysiyyatını alçaldan, onların hüquqlarını pozan, əmlak və rifahlarını qarət edən qərarlar qəbul olunur, dövlətin mənafelərinin hakimiyyətin maraqlarına uduzmasını şərtləndirən anlaşmalar və sövdələşmələr hazırlanır, "qalib"ləri əvvəlcədən müəyyənəşdirilmiş saxta tender sxemləri yaradılır. Məhz prezident iqamətgahında ölkə iqtisadiyyatını sarmış süni inhisarlar arasında maliyyə axınları bölüşdürülür, kvota və imtiyazlar paylanılır.
 

Robert Köçəryanın qayıdış niyyətində olmasını görən və sabiq prezidentə sadiq oliqarxların da hərəkətə gəldiklərini sezən "Sarkisyan oliqarxları" situasiyadan bəhrələnmək üçün Ermənistan prezidentindən mümkün qədər çox imtiyazlar, "hədiyyə"lər almaq istəyirlər.
 

Ölkə konstitusiyasında əlavələr və dəyişikliklər zərurət məsələsinin də gündəmə gətirilməsi oliqarxlarının maraqlarına xidmət edən məqamdır.
 

Dəyişikliklər lahiyəsinin məzmunu oliqarxiyanın hakimiyyətinin daha səbatlı olması, neobolşevizmi xatırladan üsul-idarə sisteminə keçid, habelə Serj Sarkisyanın kriminal iqtidarının dayaqlarının möhkəmləndirilərək imkanlarının artırılmasıdır.
 

Beləcə, Ermənistanın şikəst müstəqilliyinin, ümumiyyətlə, məhvi nəzərdə tutulub, çünki dəyişikliklərdən sonra Yerevan Rusiyadan asılılığı maksimal həddə çatdıraraq şimaldan idarə olunan metropoliyaya çevriləcək.
 

Ermənilər ölkələrini azad, özlərini demokratik cəmiyyətdə görmək istəyirlərsə, Serj Sarkisyan iqtidarı ilə yanaşı, bu banditlər komandasını hakimiyyətdən kənarlaşdıraraq qayıdışı reallaşdırmaq və məqsədə çatmaq üçün Ermənistanı hərraca çıxarmağa hazır Robert Köçəryanın cinayətkar dəstəsi ilə də mübarizə aparmalıdırlar.
 

"Çiçəklənən Ermənistan" və Ermənistan Respublika partiyaları arasındakı didişmələr, hansısa nüanslara görə boğuşmalar isə həmişə olduğu kimi, süni gündəm və olayların mahiyyətini gizlətməyə yönəlmiş fondur.
 

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.