Siyasət

Prezident İlham Əliyev Bakıda bir neçə orta məktəbin yeni binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

13 Sentyabr 2014 19:33
Baxış: 2 359
19:03

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Binəqədi rayonunda 182 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, məktəbin əvvəlki binası 1962-ci ildə inşa edilmişdi. 31 sinif otağından ibarət məktəb 800 yerlik olub. Məktəbin binası yararsız vəziyyətdə olduğundan sökülərək 3 mərtəbədən, 65 sinif otağından ibarət müasir bina inşa olunub və yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək. 1300 şagird yerlik yeni binada 10 fənn kabineti yaradılıb. Bütün sinif otaqları ən müasir standartlar səviyyəsində olan məktəb zəruri avadanlıq və dərs ləvazimatları ilə təchiz edilib. Təhsil müəssisəsində yeni istilik və işıqlandırma sistemləri quraşdırılıb. Bu məktəbdə də idmanın müxtəlif növlərinin öyrədilməsi üçün müasir zal və meydançalar var.
Dövlətimizin başçısı məktəbin sinif otaqlarına, fənn kabinetlərinə baxdı, yaradılan şəraitlə yaxından tanış oldu.

X X X


Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonundakı 72 nömrəli məktəb-liseydə və 80 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısı əvvəlcə 72 nömrəli məktəb-liseydə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış oldu.
Azərbaycan Prezidentinə məlumat verildi ki, məktəb-liseyin binası 1930-cu ildə inşa olunub. İkimərtəbəli təhsil ocağı ilk illər Qızlar Gimnaziyası kimi fəaliyyətə başlayıb. 1989-cu ildə məktəb üçün ikinci korpus tikilib. Təhsil ocağının 3-cü əlavə korpusu isə 2007-ci ildə inşa olunub. Bu il məktəb-liseydə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 45 sinif otağı olan məktəbdə 1235 şagird təhsil alır. Burada bütün sinif otaqları və fənn kabinetləri yüksək standartlar səviyyəsində təmir edilib, zəruri dərs ləvazimatları və avadanlığı ilə təchiz olunub, müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb. Məktəbin idman zalında mini futbol, basketbol, voleybol yarışları keçirmək mümkündür. Bir sözlə, məktəb-liseydə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün mükəmməl infrastruktur yaradılıb.


X X X

Sonra Prezident İlham Əliyev Sabunçu rayonundakı 80 nömrəli orta məktəbin əlavə korpusunun əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Dövlətimizin başçısına məktəbdə görülən işlərlə bağlı məlumat verildi. Məktəbin 3 mərtəbədən, 23 sinif otağından ibarət 480 şagird yerlik əlavə korpusu Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu il əsaslı şəkildə yenidən qurulub. Bu korpusda tikinti işləri müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə aparılıb.
Qeyd edildi ki, buradakı bütün sinif otaqları və ayrı-ayrı fənn kabinetləri ən müasir standartlar səviyyəsindədir. Məktəb lazımi avadanlıq və ləvazimatlarla təchiz edilib. Bu təhsil ocağında müasir istilik və işıqlandırma sistemləri qurulub, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.
Məktəblərin yeni binasının inşası və əlavə korpusların tikintisi bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə təhsil islahatları uğurla davam edir. Bütün bu işlər həm də onu göstərir ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri hər il olduğu kimi, bu il də davam etdirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.

X X X

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 84 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan bütün layihələr uğurla icra olunur. Tədbirlər planına əsasən hər il olduğu kimi, bu il də məktəblərin təmiri və yenidən qurulması davam etdirilir. Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir.

Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxt Bakıda da orta məktəb binalarının yüksək standartlara uyğun yenidən qurulması və lazımi avadanlıqla təchiz edilməsi dövlətimizin təhsil sahəsinə qayğısını nümayiş etdirir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 1920-ci ildə inşa olunan məktəbin binasından ilk vaxtlar hospital kimi istifadə olunub. Yararsız vəziyyətdə olan bina 2012-ci ildə sökülüb və yerində ən müasir standartlara cavab verən üçmərtəbəli bina tikilib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, hazırda 48 sinif otağı olan məktəb 1224 şagird yerlikdir. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi qayğını və Prezident İlham Əliyevin Suraxanı rayonundakı təhsil ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb.
Dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə yaxından tanış oldu. Burada bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri bilikləri laboratoriyalarda tətbiq etmələri üçün də zəruri avadanlıq quraşdırılıb. Təhsil ocağının idman zalı da müasirliyi ilə diqqəti cəlb edir. Məktəbin akt salonunda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Burada müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb. Təhsil ocağının həyətində də abadlıq və quruculuq işləri görülüb. Məktəbin açıq futbol, voleybol və basketbol meydançaları da var.

Milli.Az


--------
19:33

Böyütmək üçün şəkillərə klikləyin


Prezident İlham Əliyev Bakının Binəqədi rayonunda 182 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib



Bakının Sabunçu rayonundakı 72 nömrəli məktəb-liseydə və 80 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanışlıq



Prezident İlham Əliyev Bakının Əmircan qəsəbəsindəki 84 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib



Foto: AzərTAc

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.