Siyasət

Hakimiyyətdəki qudalar: düşmən kəsilən yaltaqlar

17 Sentyabr 2014 01:00
0 Şərh     Baxış: 4 390

Rusiyanın baş naziri Dmitri Medvedevin Ermənistana rəsmi səfərinin ertələnməsi Yerevandakı iqtidarın onsuz da zəifləyən mövqelərinə ağır zərbə oldu. Daha konkret olsaq, ermənilərin baş naziri Ovik Abramyan indi özünü olduqca naqolay durumda hiss edir.
 

O, Medvedevin səfərini elə təqdim edirdi ki, sanki Rusiya hökumətinin başçısı Yerevanda Abramyanın baş nazir təyinatını səbirsizliklə gözləyirdi və bu hadisə baş verəndə dərhal təbrikə tələsib, sonra da Ermənistana mütləq şəkildə gələcəyini və Yerevandakı "yeni demokrat"ı dəstəkləyəcəyini söyləyib.
 

Bu azmış kimi, Ermənistanın sabiq prezidenti Robert Köçəryan da böyük siyasətə qayıdışının ilkin siqnallarını verdi.
 

Ovik Abramyan üçün ağır durumdur. Bir tərəfdən Abramyanın prezidentlik iddialarını üstüörtülü şəkildə səsləndirməsindən sonra Köçəryan qayıdışını istisna etmir, digər tərəfdən də siyasi dividendlərin əldə olunmasına bel bağlanan səfər ertələnir.
 

Medvedevin fikrini dəyişməsinin və Robert Köçəryanın yenidən reklamlarının başlanması Ermənistan prezidenti Serj Sarkisyanın da gözləmədiyi situasiya sayıla bilər. Özü də Köçəryanı reklam edən onun yaratdığı və faktiki rəhbərlik etdiyi siyasi struktur, oliqarx Qagik Sarukyanın sədr olduğu "Çiçəklənən Ermənistan" Partiyasıdır.
 

Sarukyanla Abramyan arasında sıx əlaqələr, hətta müttəfiqlik və dostluq təmasları var. Ən nəhayət, "Çiçəklənən Ermənistan" Partiyasının (ÇEP) sədri Ermənistanın baş nazirinin qudasıdır.
 

Baş nazir postuna təyin olunmamışdan əvvəl o, Q.Sarukyanla biznes ortağı idi. Ermənistan iqtisadiyyatının süni inhisarlara bölünməsi bu insanların ən müxtəlif strukturlara sahiblik etmələri ilə yanaşı, kommersiya ilə siyasəti qarışdıraraq eybəcər simbioz yaratmalarına şərait yaratmışdı.
 

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın ölkədəki varidatının icraçı direktorluğu funksiyalarını yerinə yetirən Qagik Sarukyan sonradan "ağa"sı tərəfindən "Çiçəklənən Ermənistan" Partiyasının sədri təyin ediləndə onu ilk təbrik edən məhz Ovik Abramyan olmuşdu.
 

Sonralar parlamentdə yaratdığı qruplaşmanın fəaliyyətini hakimiyyət daxilindəki düşərgələnmədən yararlanmaq şərtilə Serj Sarkisyana mümkün qədər yaxın olmağa yönəldən Ovik Abramyan baş nazir postuna yiyələnə bilmişdi.
 

Bu dəfə Abramyanı ilk təbrik edən ona İspaniyadan zəng vuran Qagik Sarukyandı.
 

Və aylar sonra, baş nazir prezidentlik iddiasına düşəndə, üç il sonra keçiriləcək seçkilərə qatılmaq istəyəndə ÇEP sədri ilə kuluar məsləhətləşmələri aparmışdı.
 

Daha çox iki alverçinin sövdələşməsini xatırladan bu müzakirənin sonucu ÇEP sədrinin Ovik Abramyana prezident seçkilərində tam dəstəklə bağlı vədi oldu.
 

O.Abramyan bu sonuc barədə dərhal Serj Sarkisyana məruzə etmiş və bildirmişdi ki, Qagik Sarukyanın iqtidara loyal mövqelərdə tutulması onun ən böyük uğurlarından biri sayıla bilər.
 

Hakimiyyətdəki Ermənistan Respublika Partiyası ilə ÇEP arasında müttəfiqlik münasibətləri yaradaraq koalisiyaya nail olacağını da vəd edən Ovik Abramyan nikbindi, özündən razı idi. Axı o, uzun müddətdən bəri çalışdığı, zəhmət çəkdiyi istiqamətdə niyyətinə çatmışdı.
 

Di gəl, baş nazir unutmuşdu və ya nəzərə almamışdı ki, Qagik Sarukyan oliqarx olsa da, müstəqil adam yox, marionetkadır və onun ipləri Robert Köçəryanın əlindədir.
 

Sabiq prezidentin böyük siyasətə qayıdışını hadisələrin inkişafının ehtimal ssenarisində nəzərə almayan Ovik Abramyan sahibi Serj Sarkisyanı da beləcə axmaq vəziyyətdə qoydu. Onların ikisi də ÇEP sədrinin ötən ilin sonlarından bəri aqressivliyinin başa çatacağına, oliqarx Q.Sarukyanın sakitləşərək müxalifət düşərgəsində dağıdıcı və mərkəzdənqaçma qüvvələrini nəzarətdə saxlayacaq ünsür rolunu oynayacağına şübhə etmirdi.
 

Erməni Milli Konqresi, İrs Partiyası və Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun da qatıldığı "Dördlük" adlı kvazibirliyin yaradılmasında da məqsəd müxalifəti aktivləşdirmək pərdəsi ilə daha da zəiflətmək, dezoriyentasiya etməkdi.
 

Alınmadı.
 

Səbəblər çoxdur.
 

Əvvəla, onsuz da dağınıq olan qüvvələrin hər hansı yeni dağıntıdan silkələnəcəyi ilə bağlı hesablamalar kökündən yanlışdır - erməni müxalifətçilər özlərini elə günə salıblar ki, onların passivliyi üçün əlahiddə fəaliyyətə, kənar təsirlərə zərrə qədər lüzum qalmayıb.

Digər səbəb Robert Köçəryan amilinin yetərincə nəzərə alınmaması idi və bunun nəticəsində ÇEP müxalifət düşərgəsində qaldığını bəyan etsə də, sabiq prezidentin "qayıdışı"nın təminatı üçün səylərini əsirgəməyəcəyini vurğulayır.
 

Ən nəhayət, hakimiyyətin daxilindəki Köçəryan tərəfdarlarının "yatmış mina" funksiyaları oynadıqları əhəmiyyətsiz, hətta ikinci dərəcəli məqam sayıldı. Halbuki həmin fiqurlar az deyil və onlar Robert Köçəryandan müvafiq göstəriş alandan sonra "sadiq" olduqlarını dedikləri Serj Sarkisyanı çox qısa müddətdə devirmək gücünə malikdirlər.
 

Göründüyü kimi, Ovik Abramyan qudası Qagik Sarukyanı prezident Serj Sarkisyana loyal müstəvidə saxlaya bilmir. O.Abramyanın baş nazir postuna məhz ÇEP sədri ilə S.Sarkisyan arasındakı münasibətləri tam normallaşdıracağı ümidi ilə təyin olunduğunu nəzərə alsaq, ermənilərin hökumətinin başçısı iqtidardakı Ermənistan Respublika Partiyasını rəhbərliyinin etimadını tam itirə bilər.
 

Qagik Sarukyanla Ovik Abramyan arasında artıq sistem daxilində qarşıdurmalar başlayır.

Qudaların münasibətləri iqtidar kuluarlarında yeni toqquşmalar, intriqalar və müxalifətlə sövdələşmələr vəd edir.
 

Serj Sarkisyan isə onun verdiyi kart-blanşdan yararlana bilməyən baş nazirin belə davranışını həzm edən deyil.
 

O, Qagik Sarukyana qarşı daha aktiv oyunlara start vermək istədiyi halda sistem daxilində yeni qarşıdurma və parçalanlamaların başlandığını müşahidə etmək məcburiyyətindədir.
 

Vəziyyət qəlizdir.
 

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.