Siyasət

Elmar Məmmədyarov Almaniya nümayəndə heyəti ilə görüşüb

2 Sentyabr 2014 18:40
Baxış: 507
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniya-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans Eberhard Şlayerin və Almaniya Bundestaqının deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrentsin rəhbərlik etdikləri nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan ilə Almaniya arasında əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, Almaniya şirkətlərini sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, xüsusilə qeyri-neft sektorunda daha fəal rol oynamağa dəvət edib.

H.E.Şlayer Almaniya-Azərbaycan Forumunun fəaliyyəti haqqında məlumat verərək, bu qurumun iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin dərinləşməsinə töhfə vermək məqsədi daşıdığını bildirib. O, Azərbaycanın dinamik inkişafının heyranlıq doğurduğunu qeyd edərək, ölkəmizin regional sülh və sabitliyin təmin olunmasında oynadığı əhəmiyyətli rolunu vurğulayıb.

Regional sülh və təhlükəsizlikdən danışan E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsinin regionun hərtərəfli inkişafı üçün başlıca maneə olduğunu diqqətə çatdırıb. O, münaqişənin həll olunmasının bütün Cənubi Qafqaz regionu üçün geniş imkanlar aça biləcəyini deyərək əlavə edib ki, münaqişənin həll edilməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarını azad etməlidir.

Bundestaqda Cənubi Qafqaz qrupunun rəhbəri K.Ştrents Azərbaycana xüsusi rəğbət bəslədiyini deyərək, parlament üzvlərinin qarşılıqlı səfərlərinin ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib və tərkibində Almaniyanın siyasi-iqtisadi dairələrinin təmsil olunduğu bu nümayəndə heyətinin səfərinin çox faydalı olduğunu diqqətə çatdırıb. Nazir E.Məmmədyarov ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsində parlament diplomatiyasının xüsusi rola malik olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.