Siyasət

Aydın Mirzəzadə: "Ərdoğanın prezident kimi ilk səfərini ölkəmizə etməsi Azərbaycanla münasibətlərə yüksək qiymət verdiyini göstərir"

1 Sentyabr 2014 17:17
Baxış: 405

"Artıq bir ənənə halını alıb ki, Azərbaycan və Türkiyə rəhbərləri seçildikdən sonra ilk səfərlərini məhz qardaş ölkəyə edirlər"

Bu barədə Trend-ə millət vəkili Aydın Mirzəzadə Türkiyənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın ilk səfərini Azərbaycana etməsi çox önəmlidir: "Bu, Türkiyənin Azərbaycanla münasibətlərinə yüksək qiymət verdiyini, bütün məsələlərdə Azərbaycanın yanında olduğunu və qardaşlıq, dostluq münasibətlərini bundan sonra da inkişaf etdirmək istədiyini göstərir. Rəcəb Tayyib Ərdoğanı Azərbaycanla münasibətləri yüksək qiymətləndirən, türk dünyasını möhkəmləndirməyə çalışan bir siyasətçi kimi xarakterizə etmək olar".

Millət vəkili bildirib ki, R.T.Ərdoğanın Azərbaycanın ərazi bütövlüyü, Ermənistanla münasibətlərin yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra mümkünlüyü barədə vaxtaşırı verdiyi bəyanatlar onun ciddi bir siyasətçi olduğunu göstərir: "Onun səfəri Azərbaycanda səbirsizliklə gözlənilir. O, Azərbaycana tək dövlət başçısı kimi deyil, həm də dost ölkənin dost rəhbəri kimi gəlir. Bu gün Türkiyənin sevinci Azərbaycanın sevincidir, bu gün Türkiyənin qarşılaşdığı problemlər Azərbaycanın problemləridir və yalnız iki qardaş və dost ölkənin birgə fəaliyyəti, bir-birinə yaxınlığı bu problemləri həll edə, dostluğu daha da möhkəmləndirə bilər".

A.Mirzəzadənin sözlərinə görə, R.T.Ərdoğanın səfəri xaricdə də böyük maraqla gözlənilir: "Çünki Türkiyə dünya siyasətinin əsas fiqurlarından biridir və onun bir çox məsələlərdə mövqeyi həlledicidir. Onun gəlişi ilə Azərbaycan-Türkiyə dostluğu daha da möhkəmlənəcək".

Qeyd edək ki, sentyabrın 2-də Türkiyənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gələcək. Bu, onun prezident kimi ilk rəsmi səfəridir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.