Siyasət

Siyavuş Novruzov: "Tutduğum postlar nazir müavinindən üç dəfə yuxarı vəzifədir"

1 Sentyabr 2014 11:30
Baxış: 749

Siyavuş Novruzov: "Müsavat rəsmi dəvət versin, müzakirə edib bu haqda qərar qəbul edəcəyik"

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov yaxın vaxtlarda yüksək vəzifəyə təyin olunacaq. Bu barədə "Azadlıq" qəzetinin yaydığı məlumatda deyilir ki, YAP-çı deputat Gənclər və İdman Nazirliyində müavin postuna gətiriləcək.

Məsələ ilə bağlı Siyavuş Novruzovla danışdıq. Fürsət düşmüşkən bəzi digər məsələlərə dair də suallar verdik.

- Siyavuş bəy, vəzifə təklifi almağınız barədə məlumat doğrudur?

- Mən Milli Məclisin deputatı, komitə sədriyəm, partiyada icra katibinin müaviniyəm. Tutduğum bu postlar nazir müavinindən üç dəfə yuxarı vəzifədir.

- Amma YAP rəhbərliyindəki üç nəfərdən yalnız siz vəzifə təyinatı almamısınız. Bəlkə, ona görə belə söhbətlər yayılır?..

- Kim bu barədə arzu-istəyini xoş niyyətlə bildirirsə, Allah canını sağ, işini avand eləsin. Amma belə bir şey yoxdur. Səhv məlumatdır.

- Amma təyinat olsa, imtina etməzsiniz...

- Bu gün partiyada kifayət qədər iş var. Bir iqtidar partiyasında çalışmaq, həmçinin Milli Məclisdə partiyanı təmsil etmək - bunlar çoxşaxəli işlərdir. Biz hamımız birlikdə çalışırıq, vəzifəyə gedənlər də, burada qalanlar da, hamı bir komanda şəklində işləyir.

- Həmkarlarınız gedəndən sonra, yəqin, işin ağırlığı sizin üzərinizdədir...

- Biz bir yerdə işləyirik. Onlar da partiyaya gəlirlər. Mən də hər gün partiyadayam.

- Deyəsən, YAP-ın mərkəzi qərargahı köçürüləcək. Ətrafında sökhasökdür...

- Orada yeni bir yaşayış binası tikilir. Onun bizə aidiyyəti yoxdur, hələ ki, öz yerimizdəyik. Gələcəkdə, təbii ki, qərargah məsələsinə baxıla bilər. Rayon təşkilatlarının qərargahı müasir standartlara uyğunlaşır. Amma mərkəzi qərargah partiyanın apardığı çoxşaxəli işin tələblərinə cavab vermir. Dövlət büdcəsindən maliyyə alınır, həmçinin üzvlərimiz tərəfindən üzvlük haqqı toplanılır. Tədricən bu vəsaitin hesabına yeni binanın inşa olunması mümkündür. Bizim çox geniş beynəlxalq əlaqələrimiz var. Dünyanın bir çox ölkələrindəki partiyalarla əlaqələr qurulub. Həmin partiyaların da ofislərində olmuşuq. Bu, gələcəyin işidir ki, həmin partiyaların ofislərinə bənzər yeni bir bina tikilsin.

- Bəs YAP-ın qarşısındakı qazıntı məsələsi nədir?


- Bu, su çəkilişi ilə əlaqədardır, bir həftədir ki, su xətlərini dəyişirlər.

- Müsavatın qurultayına YAP da dəvət olunacaq. İştirak edəcəksinizmi?

- Müsavat rəsmi dəvət versin, müzakirə edib bu haqda qərar qəbul edəcəyik. Yəni bu, mənim, ya digərinin qəbul edəcəyi qərar deyil. Bu, partiya rəhbərliyinin qərarı olacaq. Hansı qərar olacaqsa, biz ona uyğun hərəkət edəcəyik.

- Bu günlərdə Türkiyədə AKP-nin qurultayına qatıldınız. Yəqin, şahidi oldunuz ki, hakim partiyanın tədbirlərinə, həmçinin milli törənlərə iqtidar və müxalifət bərabər qatılır. Bu ənənənin Azərbaycana gətirilməsinə nə mane olur?

- Biz bütün hallarda tədbirlərimizə, yubileylərimizə siyasi partiyaları dəvət edirik. İstər beynəlxalq konfrans keçirəndə, yaxud digər tədbirlərə dəvətli olurlar. Lakin bəzən görürsən, bir sıra partiyalar iştirakdan imtina edir, yaxud gəlmirlər. Amerika sistemi var, siyasi partiya, yaxud müstəqil şəxslərdən kimsə dəvət olunan tədbirlərdə üzrsüz səbəbdən iştirak etmirsə, onlar növbəti dəfə tədbirə dəvət olunmur. Biz dəfələrlə bu təcrübədən istifadə etmişik. Həm parlamentdə təmsil olunan, həm də təmsil olunmayan partiyaları müxtəlif səpkili tədbirlərə dəvət etmişik. AKP-nin qurultayına, düzdür, dəvət etmişdilər, amma əsas şəxslərdən heç biri iştirak etmirdi.

- Azərbaycanda dövlət başçısının iştirak etdiyi milli bayram və ya matəm tədbirlərində siyasi partiya liderlərinin də iştirakı protokola salına bilərmi?

- Dəfələrlə şahidi olmuşam ki, 28 Mayla əlaqədar tədbirlərə müxalifət partiyalarının hamısı dəvət olunub. Sadəcə olaraq bəzi hallarda bəzi müxalifət partiyalarının nümayəndələri etiket normalarını yerinə yetirmir. Cənab prezident də dəfələrlə birləşmənin, bir yerdə fəaliyyət göstərməyin zəruriliyindən bəhs edib. Keçən dəfə jurnalistləri toplayanda da bu barədə mesajlar verib. Sadəcə olaraq bəziləri buna hazır deyillər, bu da onların şəxsi problemləri ilə bağlıdır. Yəni partiyaya rəhbərlik edən şəxslərin müxalifətçilik yox, düşmənçilik aparmasının tərkib hissəsidir.

- Bu günlərdə ölkə rəhbərliyinə daxil olan şəxslərin mətbuat nümayəndələri ilə görüşü oldu. Mümkündürmü siyasi partiyalarla da bölgədə baş verənlər, Azərbaycana yönəlik təhlükələr və s. mövzuları əhatə edən toplantı keçirilsin?

- Mütəmadi belə hallar olub. Əgər siyasi partiyaların belə bir arzu-istəyi olacaqsa, buna zərurət yaranarsa, təbii ki, belə müzakirələr baş tuta bilər.

"Yeni Müsavat"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.