Siyasət

Füzuli rayonuna 4 milyon manat ayrıldı

30 Avqust 2014 18:20
Baxış: 467
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir: 

"Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü ilin yanvar ayında erməni işğalından azad edildikdən sonra Horadiz şəhəri də daxil olmaqla, bütün ərazilərdə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmışdır. 4300-ə yaxın ailə üçün 16 yeni qəsəbə salınmış, 13 ümumtəhsil məktəbi, 13 uşaq bağçası, 2 xəstəxana, 10 tibb məntəqəsi tikilmiş və bir sıra mühüm infrastruktur layihələri icra edilmişdir.

Rayon mərkəzi olan Horadiz şəhərində Olimpiya İdman Kompleksi, Tibb Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi, Su Elektrik Stansiyası, Gənclər Mərkəzi və digər sosial yönümlü obyektlər tikilmiş, Mədəniyyət Sarayı və Şahmat Məktəbi yenidən qurulmuş, Tikiş Fabriki inşa edilərək istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Horadiz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Füzuli rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Füzuli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".


X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Füzuli Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.