Siyasət

Viranədə şərqi deyən kölələr

3 Sentyabr 2014 01:00
0 Şərh     Baxış: 1 279

Ermənistan mediası Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında təlimlər, məşqlər və s. barədə informasiyalar dərc etməyi çox sevir. Xəbərlərə inansaq, rusiyalı hərbçilər ya əlbəyaxa döyüş ustalıqlarını artırır, ya səmaya hərbi təyyarələrini qaldırır, ya da Alagöz dağının ətəklərində tanklardan və toplardan atəş açırlar.
 

Ermənistan prezidenti Serj Sarkisyanın şəxsi göstərişi ilə bu məlumatlar "ölkənin müdafiə qüdrəti ilə bağlı potensial düşmənə müvafiq mesaj"lar kimi təqdim olunur. Yəni erməni mediası bu minvalla Azərbaycanla Türkiyəni "qorxutmağa" çalışır.
 

Qorxutma aktı absurda çevrilir və bunun da bəlli səbəbləri var.
 

Əvvəla, Rusiyanın Ermənistandakı yeganə hərbi kontingenti olan 102-ci bazanın fəaliyyəti ermənilərin mifik təhlükəsizliklərinin təminatı və ya olmayan müdafiə qüdrətinin gücləndirilməsinə yox, Rusiyanın regiondakı maraqlarına xidmətə yönəlib.
 

Həmin məsələlər arasında isə Rusiyanın Azərbaycan və ya Türkiyə ilə qarşıdurma, illah da ki, hərbi konfrontasiya yoxdur. Rəsmi Moskva fasiləsiz bəyan edir ki, Bakı ilə Ankaranı strateji tərəfdaş, geosiyasi müttəfiq sayır.
 

Bəyanatlara rəğmən, Rusiya son vaxtlar bölgədə yürütdüyü siyasətində də bunu nümayiş etdirir.

Yerdə qalır

Ermənistanın digər qonşuları Gürcüstanla İran.
 

Tiflis diplomatik açıqlamaları ilə yanaşı, hakimiyyət mənsubları və siyasətçilərinin bəyanatlarında həmişə bildirir ki, Gümrüdəki hərbi bazanı təhlükə mənbəyi sayır. Gürcülər hesab edirlər ki, Tiflislə münasibətlərin yenidən gərginləşəcəyi təqdirdə Rusiya Gürcüstana təsir məqsədilə 102-ci bazadan mütləq istifadə edəcək.
 

İrana gəldikdə isə - Gümrüdəki hərbi baza Tehranın eyninə deyil. Son 8 ildə Rusiya sürəkli olaraq Tehranı dəstəklədiyindən farslar bu bazanı özləri üçün potensial təhlükə mənbəyi yox, Cənubi Qafqaz bölgəsində ABŞ və Avropa Birliyinin mövqeləri ilə olaylara təsir rıçaqlarının güclənməsinin qarşısının alınmasında əlavə, özü də yetərincə əhəmiyyətli ünsür sayırlar.
 

Belədə, aşkar görünür ki, 102-ci hərbi baza təhdid vasitəsi kimi təqdim olunursa, sadəcə, erməniləri qorxuda bilər.
 

Təlimlər, manevrlər, məşqlər, informasiya paradları və ilaxırlar əslində ermənilərə daimi xəbərdarlıqdır. Rusiya Ermənistan vətəndaşlarının nəzərinə çatdırır ki, ölkədə təqribən 5 min hərbçidən ibarət kontingentə, hər an hərəkətə gətirilə biləcək dəmir yumruğa malikdir. Hərgah Yerevan "cızığından çıxarsa", o yumruq işə düşəsidir.
 

Rusiyadan tamamilə asılı olan Ermənistan müstəqil xarici siyasət yürüdə bilmədiyindən bütünlüklə Moskvanın göstərişlərini yerinə yetirir.

Hər ikisi bərbad gündə

Hakimiyyət şimalın buyruq quludursa, iqtidara qarşı çıxaraq demokratiya uğrunda mübarizə aparmalı olan müxalifət də Moskvadan asılıdır.
 

Bəhs etdiyimiz durum Ermənistanın xarici siyasətində alternativ qərarlarla fərqli istiqamətlərin seçimini mümkünsüz etməklə bahəm, iqtisadi diversifikasiyanı da ilğıma çevirir.
 

Ölkə müstəqil siyasət yürüdə bilmirsə, elə siyasi diqtə altındadır və hakimiyyətin bütün vədləri ilə bəyanatlarına rəğmən, müstəqil sayıla bilməz.
 

Ermənistan bu gündədir. Üstəlik, Rusiyanın Gümrüdəki hərbi bazası faktiki olaraq işğal-ekspedisiya korpusu rolunu oynayır.
 

Sözügedən bazanın əsas funksiyası da bu deyil. Başlıca məqsəd ermənilərə birdəfəlik anlatmaqdır ki, Ermənistanın sərhədləri əslində Rusiyanın tam nəzarət və kontrol məkanının hüdudlarıdır.
 

Sovetlər Birliyi dağılandan sonra Rusiyanın hərbi bazaları bir çox sabiq respublikalarda vardı. Fəqət həmin respublikalar dalbadal bazaların çıxarılmasına nail olaraq müstəqillik və suverenliyini təmin etdilər.
 

Gürcüstan buna 2006-cı ildə nail oldu, Azərbaycan isə Qəbələdəki radiolokasiya stansiyası ilə bağlı situasiyanı uğurla həll edərək Rusiyanın ölkəyə hərbi təsirini yolverilməz etdi. Sonucda Cənubi Qafqazda "Rusiya məkanı" yalnız Ermənistanda qaldı.
 

Ukrayna Rusiyanın Qara dənizdəki hərbi donanmasının ölkədən çıxarılmasına nail olmaq istədi, inad etdi, Krımı itirdi.
 

Ermənistan isə Rusiyanın hərbi bazasının çıxarılması ilə bağlı məsələni gündəmə belə, gətirmir. Çünki Serj Sarkisyan rejimi anlayır ki, qəflətən "siyasi mənsubiyyət"ini dəyişərək Qərbə meyllənərsə, minimum Gümrünü itirə bilər.

Abxaziyadan da pis Ermənistan
 

Rusiya Abxaziyadakı separatçı rejimlə yeni "dövlətlərarası saziş" imzalamağa hazırlaşır. Həmin anlaşma "təhlükəsizliyin ümumi konturlarını müəyyənləşdirməlidir". Abxaziyada Rusiyanın hərbi bazasının olduğunu nəzərə alsaq, Moskva Gürcüstanın ərazisi olan bu separatçı məkandakı hərbçilərinin və texnikasının sayını artırmaq niyyətindədir.
 

Rusiyanın "vahid təhlükəsizlik sistemi"nin yaradılması ilə bağlı tələblərini Abxaziya rəhbərliyi son vaxtlaradək rədd edir, bunun faktiki olaraq tanınmamış "müstəqilliyin" itiriləcəyi olduğunu anlayırdı. Bundan başqa, Suxumidəki separatçı rejim Rusiya vətəndaşlarına Abxaziyada daşınmaz əmlak sahibi olmağa imkan verən qanun layihəsini də qəbul etmirdi.
 

İndisə Abxaziyada "prezident seçkiləri" adlı çevrilişdən sonra şübhəsiz ki, Moskva hər iki problemi həll edəcək.
 

Bu sahədə Ermənistan müqaviməti ağlına da gətirməyib. 2010-cu ildə Dmitri Medvedyevin Yerevana rəsmi səfəri əsnasında imzalanmış sazişə görə, Rusiya Ermənistanın təhlükəsizliyinin qarantı qismində tanındı, Gümrüdəki 102-ci bazanın dislokasiya müddəti isə daha 30 il müddətinə uzadıldı.
 

Göründüyü kimi, Ermənistandakı hakimiyyətin Rusiyadan asılılığı Abxaziyadakı separatçı rejimin idarəolunma səviyyəsindən də artıqdır.
 

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.