Siyasət

Beyləqan rayonuna 2 milyon manat ayrıldı

29 Avqust 2014 18:59
Baxış: 446

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində ölkənin bütün bölgələrində olduğu kimi Beyləqan rayonunda da bir sıra mühüm işlər görülmüş, Mərkəzi Rayon Xəstəxanası, Mədəniyyət Sarayı, 3000 yerlik Mərkəzi Stadion yenidən qurulmuş, Gənclər Mərkəzi, Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün yaşayış binası və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilmiş, yeni yollar çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmiş, iritutumlu logistik mərkəz və taxıl anbarları, istehsal və emal müəssisələri yaradılmış, 11 mindən çox yeni iş yeri açılmışdır.


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Beyləqan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Beyləqan rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Beyləqan Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.