Siyasət

"Bundan sonra da lazımi tranzit dəstək göstəriləcək"

21 Avqust 2014 19:24
Baxış: 489
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Nəqliyyat Komandanlığının rəhbəri general Pol Selvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli.Az xəbər verir ki, XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın NATO-nun Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatına verdiyi töhfələr yüksək qiymətləndirilib.

ISAF üçün əsas, etibarlı və təhlükəsiz tranzit marşrutlarından biri olaraq, ikitərəfli və çoxtərəfli əsasda nəqliyyat və yükdaşımaları sahəsində Azərbaycanın NATO-nun üzv və tərəfdaş ölkələrinə, o cümlədən ABŞ-a göstərdiyi dəstəkdən məmnunluq ifadə olunub.

E.Məmmədyarov tərəfdaş dövlət olaraq, Azərbaycanın Əfqanıstan əməliyyatı ilə əlaqədar bundan sonra da lazımi tranzit dəstək göstərəcəyini qeyd edərək, yekunlaşdırılmaqda olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti və yeni Ələt dəniz limanının ölkəmizin tranzit və nəqliyyat imkanlarını daha da artıracağını deyib.

P.Selva əməkdaşlığa və göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edərək, ölkəmizin əlverişli coğrafi mövqeyinin və inkişaf edən nəqliyyat infrastrukturunun yüksək təəssürat doğurduğunu və xüsusilə, kommersiya və ticarət baxımdan böyük imkanlara malik olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.