Siyasət

AXCP ilə ADP arasında savaş: "Əxlaqsız", "oğru", "yalançı"...

21 Avqust 2014 13:34
Baxış: 988

Sərdar Cəlaloğlu AXCP sədrini "oğru" adlandırdı, qarşı tərəfin "satqın" cavabı Demokrat Partiyasından başqalarını da hərəkətə gətirdi

ADP sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan və ADP-nin, KXCP-nin, Ümid Partiyasının, VİP-in və s. müxalifət partiyalarının da təmsil olunduğu Müdafiə Komitəsinin tədbirlərinə AXCP tərəfindən qara piar kampaniyası aparılmasına kəskin münasibət bildirib. ADP sədri deyib ki, burada heç kim Əli Kərimliyə demir ki, gəl sən də mütləq şəkildə bizə qoşul:

"Gəlmir, özü bilər. Daha burada bu qədər böhtana, şantaja, ayamaya, araqarışdıranlıq etməyə ehtiyac yoxdur. Məgər onların hansısa üstünlüklərimi var?! Gəlməsələr, dünya dağılmayacaq, ya da gəlsələr, dünya dağılacaq?! İndi bunlar gəlməmək üçün bəhanələr axtarırlar. Bu gün kimlərin Azərbaycanda intriqa apardıqları bəllidir. Belə bir söz var, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Əli Kərimli və ətrafı məhz oğrudur".

S.Cəlaloğlu AXCP rəsmilərinin onların təmsil olunduğu Müdafiə Komitəsindəki partiyaları intriqant kimi qələmə verməsinə də münasibətini açıqlayıb: "Bizi intriqant kimi təqdim edənlər götürsünlər, son iyirmi ildə hansı qurum və birliklərdə təmsil olunduqlarını sadalasınlar. Hansı ki, İctimai Palatada Müsavat Partiyası onlarla əməkdaşlıq edib, Milli Şurada da eynilə. Biz Azadlıq Blokunda da bir yerə əməkdaşlıq etmişik. Yaxud biz ADP olaraq Ümid Partiyası ilə uzun illər əməkdaşlıq etmişik. Bəs bizi intriqa yaymaqda ittiham edən AXCP rəsmiləri fikirləşiblərmi ki, təmsil olunduqları hər br qurumda intriqanı elə özləri salıblar?! Bunlar belədirlər da. Harada özləri varsa, ora "həqiqi müxalifətdir". Harada yoxdurlarsa, ya da kimlər onlarla deyilsə, bu zaman həmin tərəflər "hakimiyyətə işləyən müxalifətə" çevrilir.

Ancaq unudurlar ki, həbs olunanların arxasında siyasi kapital toplamağa cəhdlər etmək əxlaqsızlıqdır! Özlərinə siyasi divident qazanmaq üçün digərlərinə qarşı qara piar aparmaq da əxlaqsızlıqdır! Bu bilirsiniz həm də nəyə oxşayır? Elə bil ki, gedirsən yasa və yas qalır bir kənarda, başlayırsan qeybət etməyə, qarın davası döyməyə. Bunlarınkı bax, budur!"

S.Cəlaloğlunun bu açıqlamaları qarşı tərəfdən ona qarşı ittihamların yağdırılmasına səbəb olub.

Buna isə ADP sədrinin müavini Taliyət Əliyev kəskin reaksiya verib. Taliyət Əliyev "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, S.Cəlaloğlunu  ittiham edənlərin özləri zaman-zaman müxalifətə böyük zərbələr vurublar: "İndi bu adamlar utanmadan başlayıblar vaxtilə yol verdikləri əməlləri Sərdar Cəlaloğluna və digər insanlara ünvanlamağa. Mən təəssüf edirəm ki, professor Cəmil Həsənli "Azadlıq" radiosunda bir sıra ifadələr işlətməklə həmin qaragüruhçuların mövqeyini müdafiə edən mövqe sərgiləmiş oldu. Mən bunu Cəmil bəyə yaraşdırmıram. Onun kimlərinsə intriqalarında iştirak etməsi qətiyyən ona yaraşmır. AXCP rəhbərliyindən isə istənilən absurd davranışı, istənilən böhtanı gözləmək olar. Müxalifətə onlardan böyük zərbəni heç kim vurmayıb. Sərdar Cəlaloğlu deyir ki, kim istəyir müdafiə işinə qoşulsun. Cəbhəçilər isə deyir ki, bizdən başqa müxalifət yoxdur, prosesdə ancaq biz və bizi dəstəkləyənlər iştirak etməlidir".

T.Əliyev bəyan etdi ki, AXCP rəhbərliyi başlayıb çirkin oyunlara. AXCP rəhbərliyi cılız ambisiyaları, intriqaları ilə bu işin kiçik bir müstəvi ilə məhdudlaşmasına təkan verir: "Məhz onlar müxalifət daxilində intriqa yaratmaqla bölücülük aparırlar və ictimai diqqəti siyasi məhbus problemindən uzaqlaşdırırlar. Bu, düşünülmüş hərəkətdir. Bu adamlar dəfələrlə alış-verişdə olublar. Yaxşı deyil indi açıb hər şeyi ortaya qoyaq. Bir neçə ildir əvvəlki bazarlaşmalar özlərinin acgözlüyü ucbatından baş tutmayıb. Bundan sonra başlayıblar şəxsi intriqa aparmağa, adını qoyublar real müxalifət. İndi olublar ölkənin yeganə "real müxalifət"i. Onların müxalifətçiliyinin mahiyyətində bu dayanır. İndi hər şeyi öz arşınları ilə ölçürlər. Nə vaxt müxalifət daxilində yaxınlaşma müşahidə olunur bunlar ortaya bir intriqa atırlar. Çünki bu işdə böyük təcrübələri var. İntriqabazın böyüyü, bütün intriqaların başında dayanan onlardır".

"Yeni Müsavat"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.