Siyasət

Mübariz Əhmədoğlu: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün Azərbaycana və Ermənistana fərqli "yol xəritələri" təqdim etməlidir"

20 Avqust 2014 13:49
Baxış: 880
Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün Azərbaycana və Ermənistana fərqli "yol xəritələri" təqdim etməlidir.

Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ən böyük maneə tənzimləmə variantına Azərbaycan və Ermənistanın birgə konsensus verməsidir. Belə mexanizmin mövcudluğu konsensusu siyasiləşdirir və psixoloji parametrə çevirir: "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində xüsusi status istəyən Rusiya hökmən bu vaxtadək gedilmiş yoldan fərqlənən metodologiya ortalığa qoymalıdır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycana və Ermənistana aid məsələləri bir-birindən ayırmaqla və bu məsələləri hissə-hissə, sürətlə həll etməklə dinc tənzimləmədə dönüş yaratmalıdır. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanla əlaqəli məsələləri ayrıca qruplaşdırmaq lazımdır. Rusiya bu istiqamətdə böyük iş görə bilər. Bu həm də orijinal yanaşmadır".

M.Əhmədoğlunun fikrincə, Azərbaycanla əlaqəli "yol xəritəsi"ni aşağıdakı formada görmək olar: "Birgə siyasi, diplomatik, hüquqi izahat işlərinin aparılması. Üçtərəfli iqtisadi, kommunikativ layihələrin müzakirəsi. Vladimir Putinin Prezident İlham Əliyevlə görüşdə dediyi etimad məsələsi həm iqtisadi, həm də kommunikativ proseslərin sağlam əsasda olmasının ən böyük təminatçısıdır. Rusiya öz məhsullarının Dağlıq Qarabağa müvəqqəti keçməsi üçün hüquqi baza yaratmalıdır. Bütün hallarda Ermənistandan Dağlıq Qarabağa gedən yol işğal olunmuş Azərbaycan torpaqlarından keçir. Dağlıq Qarabağ da işğal olunmuş Azərbaycan torpağıdır. Dağlıq Qarabağın statusunun müəyyən olunmasının müəyyən qədər vaxt apardığı nəzərə alınmalıdır. Ona görə də Ermənistandan Dağlıq Qarabağa keçən RF və ya Gömrük İttifaqı məhsul və ya xidmətlərinin tranzitinin hüquqi bazasını yaratmaq üçün Azərbaycanla danışıqlara başlanmalıdır. Yalnız Azərbaycanla hüquqi müqavilə imzalandıqdan sonra Dağlıq Qarabağa Rusiya qazı nəql oluna bilər. RF və Azərbaycan bu həqiqəti ermənilərə başa salmalıdırlar. Bu qayda təkcə təbii qaza deyil, neft məhsulları da daxil olmaqla bütün qalan məhsul və xidmətlərə aid edilməlidir. Hərbi insidentlərin baş verməməsi üçün ritorik deyil, real işlər görülməlidir. Rusiya öz ərazisinə yaxınlaşan hərbi qüvvələrə sərt reaksiya verir. Erməni qoşunları isə Azərbaycanın içərisindədir. Ermənistan prezidenti Serj Sarkisyan özü şəxsən vaxtilə deyib ki, "Ağdam nə vaxtdan erməni torpağı oldu?"

Politoloq bildirib ki, indi S.Sarkisyandan soruşmaq lazımdır ki, erməni hərbçinin Ağdamda nə işi var? Və onun buradakı mövcudluğu hərbi insidentlərə səbəb olur.

M.Əhmədoğlunun fikrincə, hər halda Rusiyada daha da yaxşı bilirlər ki, erməni işğalçı qoşunları Azərbaycanın ərazisinə necə daxil olub: "Rusiya və Azərbaycan mütəxəssisləri vaxtilə Azərbaycanı tərk etmiş ermənilərin Azərbaycan ərazisində məskunlaşması üçün yeni yaşayış ərazisinin müəyyənləşməsi barədə məsləhətləşmələr apara bilərlər. Ötən il V.Putin Bakıda olarkən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində siyasi üsulu əsas faktor kimi ortalığa qoydu. O vaxt imzalanan bəzi sənədlər də dolayısilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsir edə bilər. O proseslər də aktivləşdirilsə, faydalı ola bilər. Zaman keçdikcə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalmasının təhlükəsi Azərbaycan və Rusiyada eyni cür görünür. Elə bu imkan verir ki, hər iki dövlət birlikdə ayrıca fəaliyyət proqramı üzrə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə iştirak etməlidir".

Politoloq qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistan üçün "yol xəritəsi"ndə onu narahat edən məsələlərin həllinin tapılmasında ona kömək edə bilər: "Ermənistanın Dağlıq Qarabağa aid iddialarının beynəlxalq hüquqa uyğunluğu müəyyənləşdirilməlidir. Ermənistanın indiki rəhbərliyi və siyasi mühiti elə başa düşürlər ki, onlar öz nadanlıqlarını geosiyasi faktora çevirə biliblər. Hər hansı dövlət başçısı Ermənistan prezidentini qəbul edərkən Dağlıq Qarabağ münaqişəsində Ermənistanın mövqeyinə kəskin etiraz bildirmirsə, bu, həmin dövlət başçısının Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyini qəbul etməsi demək deyil. Ermənistanda isə məhz belə başa düşürlər. Ermənistanda bu günədək məhz belə başa düşüblər ki, əgər dövlət başçıları birbaşa Ermənistana işğalçı demirsə, demək, Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyini qəbul edir. 20 il ərzində Ermənistan Dağlıq Qarabağın müstəqilliyinə dəlalət edən bir sənəd ortalığa qoymayıb və qoya bilməz. Fransa prezidenti Fransua Olland isə Dağlıq Qarabağ məsələsi üzrə Ermənistanın həll variantını "səhv variant" adlandırdı. Siyasi, diplomatik, hüquqi izahat işlərinin aparılması. Məsələn, ərazi bütövlüyü prinsipi Dağlıq Qarabağ münaqişəsinə necə tətbiq olunur; Dağlıq Qarabağ münaqişəsi fonunda xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipi necə başa düşülür və ya güc tətbiq etməmək prinsipi elə əvvəlcədən güc tətbiqinin nəticələrinin aradan qaldırılması deməkdirmi; Dağlıq Qarabağ azərbaycanlıları Dağlıq Qarabağa qayıtmadan Dağlıq Qarabağın statusu tanına bilərmi və ya beynəlxalq hüququn bu regionda güclənməsi hər iki tərəfin xeyirinədirmi. İqtisadi kommunikativ proseslərin inkişafına təkan vermək üçün lazımi izahat işlərinin aparılması; Ermənistana izah olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsi tənzimlənməzsə, Ermənistanda effektiv iqtisadiyyat qurula bilməz. Heç bir dövlət də sonadək Ermənistana investisiya "inyeksiyası" etməyəcək. Ermənistan üçün ən vacib investisiya Azərbaycanla münasibətlər nəticəsində əldə edilmiş investisiyalardır, Ermənistanla ən vacib kommunikasiya isə Azərbaycan ərazisi vasitəsilə qurulan kommunikasiyadır. Ən effektli və uzunmüddətli təsir edən proses isə Ermənistandan qovulan azərbaycanlıların Ermənistana qaytarılmasıdır. Keyfiyyətcə yeni Ermənistan dövləti yaranır: monoetnik və monokonfessional Ermənistan polietnik və polikonfessional dövlətə çevrilir. Rus dilinin dövlət dili olması üçün şərait yaranır. Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyi Ermənistandakı azərbaycanlıların təhlükəsizliyi ilə bərabər tutulur. Bu, ermənilərə sabitləşdirici təsir göstərir. Əlbəttə, Rusiyanın yaxından iştirakı vacib şərtdir. Polietnik və polikonfessional Ermənistanın siyasətçiləri geniş dünyagörüşlü olmağa məhkumdurlar. Bu isə onları indiki ziyanlı xırda millətçi psixologiyadan uzaqlaşdıracaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.