Siyasət

Leyla Yunus müxalifətin nəyinə lazımdır?

1 Avqust 2014 18:03
Baxış: 742

Radikallar dövlətə xəyanət ittihamı ilə saxlanılan şəxsin müdafiəsinə qalxmaqla özlərinin əsl simalarını göstərmiş olurlar

Özünü hüquq müdafiəçisi adlandıran Leyla Yunusun prokurorluğun dəfələrlə etdiyi dəvətlərə nümayişkaranə şəkildə məhəl qoymaması sonda öz hüquqi nəticəsini verdi. O həbs edildi.

Məlum olduğu kimi, Leyla Yunus öz həyatının və "hüquq müdafiəçisi" karyerasının böyük bir hissəsini Azərbaycan xalqına, dövlətinə qarşı mübarizədə keçirib. Hələ AXC hakimiyyəti dövründən tutduğu mühüm dövlət postundan başladığı bu mübarizəni o, ölkəmizin qüdrətləndiyi indiki dövrdə də QHT rəhbəri kimi davam etdirməkdə israrlı olub.

Onun fəaliyyəti ilə az-çox tanış olan hər kəsə məlumdur ki, L.Yunus daim Azərbaycanın istənilən uğuruna qarşı qısqanclıqla yanaşıb. Son illərdə onun qısqanclığının ən bariz nümunəsi 2012-ci il "Avroviziya" musiqi yarışması ərəfəsində özünü göstərmişdi. Həmin dövrdə onun fəaliyyəti vətənə, xalqa əsil xəyanət nümunəsi kimi dəyərləndirilirdi. Belə ki, hər vəchlə musiqi yarışının Azərbaycanda keçirilməsinə mane olmağa çalışan L.Yunus bu məqsədlə ən qatı antiAzərbaycan qüvvələrlə işbirliyinə getməkdən çəkinmirdi.

Həmin dövrdə niyyətini gerçəkləşdirə bilməyən saxta hüquq müdafiəçisi sonrakı mərhələdə də "fəaliyyətini" davam etdirməyə və hətta genişləndirməyə başladı. AntiAzərbaycan qüvvələrlə əvvəlki işbirliyindən ilhamlanan L.Yunus bu səfər birbaşa işğalçı Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmək qərarı verdi.

Bu fakt keçmiş jurnalist Rauf Mirqədirovun həbsindən sonra tam çılpaqlığı ilə ortaya çıxdı və L.Yunusun əməlləri ifşa olundu. İş o yerə çatdı ki, hətta Mirqədirov özü vəkili vasitəsilə erməni xüsusi xidmət orqanları ilə onu işbirliyinə sövq edən şəxsin məhz L.Yunus olduğunu etiraf etdi.

Bu isə avtomatik olaraq L.Yunusun R.Mirqədirovun istintaq işində iştirakını zərurətə çevirirdi. Lakin prokurorluğun xəbərdarlıqlarına baxmayaraq, istintaqdan yayınmaq məqsədilə L.Yunus əvvəlcə ölkəni tərk etmək qərarına gəldi. Bu niyyəti baş tutmadıqda isə o, çıxış yolunu istintaqa açıq-aşkar hörmətsizlik göstərməkdə gördü! Çünki bilirdi ki, istintaq onun erməni xüsusi xidmət orqanları ilə işbirliyini sübuta yetirəcək.

Lakin istintaqdan yayınmaqla hüquqi məsuliyyətdən də yayına biləcəyini güman edən L.Yunus sonda yanıldığını anlamış oldu.

İstisna deyil ki, "hüquq müdafiəçisi"nin hüquq-mühafizə orqanlarına qarşı etdiyi hörmətsizliyin arxasında müəyyən arxayınçılıq dururmuş. Çünki Fransa və ABŞ səfirliklərinin onu açıqdan-açığa himayə etdiyi göz qabağında idi.

Bundan başqa, onun "donos" ötürdüyü bir sıra beynəlxalq təşkilatlara güvənməsi də belə bir arxayınçılıq yaratmışdı. Lakin o, bir daha gördü ki, Azərbaycan hüquqi dövlətdir, ölkə qanunlarını pozan hər kəs cəzasını alır. Bu məsələdə heç bir xarici qüvvənin, səfirliyin təzyiqləri keçərli deyil.

Ölkənin daxili işlərinə müdaxilə məsələlərinin qeyri-effektivliyi və belə hallara güvənən bəzi daxili qüvvələrin gec-tez məyus olacağı ilə bağlı xəbərdarlığı dövlət başçısı hələ bir müddət öncə keçirdiyi müşavirələrdən birində xüsusilə vurğulamışdı: "Burada özünü müxalifət və yaxud hüquq müdafiəçisi adlandıran bəziləri hesab edirlər ki, bizə kimsə nə isə deyəcək, biz də onu edəcəyik. Bunlar sadəlövh insanlardır. Yumşaq desək, ya özləri sadəlövhdürlər, ya da ki, sadəcə olaraq belə rəy yaratmaq istəyirlər. Bu 11 il ərzində bizim daxili siyasətimizlə bağlı ikitərəfli formatda heç vaxt Avropa liderləri tərəfindən mənə bir söz deyilməyib".

Leyla Yunus ətrafında baş verən proseslərdə son günlər radikal müxalifət dairələrinin tutduğu mövqe xüsusilə diqqəti cəlb etməkdədir. Guya "hüquq müdafiəçisi"nin müdafiəsinə qalxdıqlarını göstərməyə çalışan radikallar bu əməlləri ilə əslində dövlətə, xalqa qarşı xəyanət yolu seçdiklərini təsdiq etmiş oldular.

Xalq, millət, dövlət maraqları onları düşündürmürsə də, heç olmazsa, radikallar öz şəxsi qürurlarına L.Yunus kimi birisini müdafiə etməyi sığışdırmamalı idilər. Çünki L.Yunus dəfələrlə hazırkı radikal müxalifəti aşağılayan fikirlər səsləndirib, bəyanatlar verib.

Hələ məhkəmə prosesi başlamadan müxalifətin hay-küy salmasının sırf şou xarakteri daşıdığı isə hər kəsə məlumdur. Çünki konkret ittiham var və radikallar da bilir ki, bu ittiham üzrə hüquqi prosedur keçirilməlidir.
Lakin müxalifət özünün məyusluğunu, düşərgədə olan süstlüyü qondarma hüquq müdafiəçisinin vəkili rolunda çıxış etməklə kompensasiya etmək istəyir. Başqa sözlə, radikallar öz mövcudluqlarını "Leyla Yunus" kartından istifadə etməklə reabilitasiya etməyə cəhd göstərirlər.

L.Yunus bir növ radikal müxalifətə təzə "məşğuliyyət" hədiyyə etmiş oldu. Belə ki, onun həbsi üzərində yeni tamaşa qurmaqla L.Yunusun Birinci Avropa Oyunları ərəfəsində başladığı anti-Azərbaycan kampaniyasını bu dəfə ənənəvi müxalifət davam etdirməkdə israrlı görünür.

Beləliklə də müxalifət L.Yunusun həbsindən öz maraqları naminə maksimum yararlanmağa çalışır.

Lakin müxalif düşərgə nəzərə almır ki, əslində L.Yunus kimi birisini müdafiəyə qalxmaqla və onun həbsi ilə bağlı şou-kampaniya başlatmaqla bir daha özünü biabır etmiş olur. Çünki Leyla Yunusun əməlləri müxalifətin də gözü qarşısında baş verib. Dövlətə, millətə qarşı xəyanət edən birisinin müdafiəsinə qalxmaq və bununla da xarici qüvvələr qarşısında siyasi divident qazanmaq normal siyasi qüvvə üçün intihara bərabərdir. Çünki xalq hər şeyi görür. Xüsusilə də bələdiyyə seçkisi ilində belə riyakarlıq nümayiş etdirilməsinin həmin qüvvələrin məhvinə səbəb olacağı şübhəsizdir.

Bütün bunlar bir daha göstərir ki, radikal müxalifət ölkədə "beşinci kolon" funksiyasını yerinə yetirməkdə israrlıdır.

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.