Siyasət

Bəxtiyar Sadıqov: "Leyla Yunus öz əməli ilə çoxdan ağır cəzaya layiq olan bir insandır"

1 Avqust 2014 17:37
Baxış: 833

"Leyla Yunus bütün varlığı ilə çalışırdı ki, Azərbaycana ziyan gəlsin, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə düşsün"

Bu barədə Trend-ə millət vəkili Bəxtiyar Sadıqov Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi L.Yunusun həbs olunmasına münasibət bildirərkən deyib.

B.Sadıqov L.Yunusun fəaliyyəti ilə çoxdan tanış olduğunu diqqətə çatdırıb: "Mən Leyla Yunusu Müdafiə Nazirliyinin mətbuat xidmətinə rəhbərlik etdiyi vaxtdan tanıyıram. O dövrdə mən "Həyat" və sonra da "Azərbaycan" qəzetinin Qarabağ bölgəsi üzrə zona müxbiri olub müharibə bölgəsində çalışmışam. Leyla Yunusun oradakı fəaliyyətini müşahidə edəndə həmişə çox təəccüblənmişəm. Ümumiyyətcə, Leyla Yunus məni həmişə təəccübləndirib. Bu insanda Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı bu qədər kin, bu qədər düşmənçilik hissi, bu qədər nifrət haradandır? Həmişə bu sual məni düşündürüb və narahat edib".

Millət vəkili bildirib ki, mətbuat xidmətinə rəhbərlik etdiyi vaxtdan bu günə kimi Leyla Yunusun yeganə fikri Azərbaycanın uğurlarına kölgə salmaq, kim Azərbaycanın əleyhinə hardasa bir addım atırsa, onun yanında durmaq, daima Azərbaycan harada uğur qazana bilərsə, onu qabaqlayıb başqa səmtə yönəltməyə çalışmaq olub: "Bu xalq, bu dövlət ona nə edib? Mən hələ də bu suala cavab tapa bilmirəm. Təbii ki, Leyla Yunus bütün addımlarını öz şəxsi maraqları, maddi maraqları, korporativ maraqları baxımından izah edir. İndiyə qədər anti-Azərbaycan şəbəkə ilə daim əlaqəli işləyib. Daim onların verdiyi tapşırıqları yerinə yetirib. Onların verdiyi ianələr hesabına nəinki Azərbaycanda yaxşı yaşayıb, üstəlik, dünyanın bir çox ölkələrində özünə obyektlər, villalar alıb. Bunun hamısını Azərbaycanın milli maraqlarını satmaq, Azərbaycanın dövlət maraqlarını satmaq, ən nəhayət, Azərbaycana qarşı xəyanət etməklə qazanıb. Həm də tək özü etməyib. Onun qurduğu şəbəkə vasitəsilə, onun əli ilə insanlar ələ alınıblar, Azərbaycanın əleyhinə casusluq fəaliyyətinə yönləndiriliblər, erməni kimi şərəfsiz, bizim ən qatı düşmənlərimizə işləyiblər, onların xeyrinə casusluq ediblər. Bütün bunlar Leyla Yunusun hamımızın bildiyi əməlləridir".

O qeyd edib ki, L.Yunus qanunun aliliyi qarşısında törətdiyi əməllərə görə cavab verəcək: "Leyla Yunus kimləri ki tələyə salıb vətənin əleyhinə fəaliyyətə yönəldib, onlar da bir-bir aşkara çıxardılacaq. Özünün əməlləri qanunla məhkəmə qaydasında sübut olunacaq. Bu gün təəssüf edirəm ki, onu bu işə cəlb edənlər, onu anti-Azərbaycan şəbəkədə işə qoşanlar çalışırlar ki, onu müdafiə etsinlər, onu cəzadan yayındırsınlar. Amma Azərbaycanın daxili işlərinə qarışmağa ehtiyac yoxdur. Azərbaycan müstəqil dövlətdir. Nə etdiyini yaxşı bilir. Biz heç vaxt xəyanətkarı bağışlamayacağıq. Biz heç vaxt Azərbaycana qarşı düşmən əməlləri törədən şəxslərin cəzasız qalmasına imkan verməyəcəyik. İnanıram ki, hüquq mühafizə orqanlarının kifayət qədər dəlilləri və faktları var və hamısı da sübuta yetiriləcək. Bütün dünya da görəcək ki, o, hüquq müdafiəçisi adı altında Azərbaycana qarşı necə xəyanət əməlləri törədib".

Qeyd edək ki, L.Yunusovanın Cinayət Məcəlləsinin 274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2, A.Yunusovun isə həmin məcəllənin 274 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan 30 iyul 2014-cü il tarixdə onlar qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, L.Yunusovanın ölkəni tərk etməyə cəhd göstərməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi, eləcə də iş üzrə şahid qismində dindirilmiş Əzizova Mətanət Mürşüd qızı və digərlərinin obyektiv ifadə vermələrinə qanunsuz təsir göstərməsinə dair məlumatlar nəzərə alınaraq, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, A.Yunusovun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.